“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017 / 14:58

Məlum olduğu kimi, uzun müddətdir ki, ölkənin əsas internet təchizatçısı Delta Telecom-un provayderlərlə çəkişməsi davam edir.

Belə ki, yerli provayderlərin Delta Telecom-a külli miqdarda borcu yaranıb. Təkcə 4 dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu olduğu bildirilir.

Bununla yanaşı, ekspertlər də xəbərdarlıq edir ki, yaranmış borclar səbəbdən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.

Xeberler.az olaraq daim bu məsələni diqqətdə saxlayır, oxuculara mütəmadi məlumatlar təqdim edirik.

Bu problemin hazırda hansı vəziyyətdə olması ilə bağlı yenidən maraqlandıq.

Delta Telecom-dan Xeberler.az-a verilən məlumata görə, bəzi özəl provoyderlərlə yanaşı, geniş resurslara malik olan dövlət provayderləri də yaranmış borclarını ödəmək istəmir:

“Şirkətimiz uzun illərdir ki, bu sahədə fəaliyyət göstərir və xidmətlərinin hər gün daha da yaxılaşdırılması istiqamətində çalışır. Yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq imicə malik ölkənin əsas internet provoyderi kimi tanınan Delta Telecom-un həyata keçirdiyi tədbirlərə baxmayaraq, yetərincə peşəkar olmayan ikinci dərəcəli provayderlərin bir çoxu müştərilərə aşağı səviyyəli internet xidməti çatdırır. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.
Fürsətdən istifadə edib bildirmək istərdik ki, istifadəçilərin yüksək qiymətə təmin olunduqları keyfiyyətsiz internetə görə müəssisəmiz cavabdehlik daşımır. Delta Telecom provayderlərin dövlət və ya özəl olmasından asılı olmayaraq həmişə qarşılıqlı anlaşma şəraitində işləməyə çalışıb.
Şirkət bazarda internetin keyfiyyətinin yüksək olması məqsədilə provayderlərə güzəştlər edib və etməkdə davam edir. Buna baxmayaraq bəzi özəl provoyderlərlə yanaşı, geniş resurslara malik olan dövlət provoyderləri də yaranmış borclarını ödəmək istəmir”.

Qeyd edilib ki, provayderler aldıqları internetin satışına görə istifadəçidən əvvəlcədən ödəniş tələb edib, gəlir əldə etsələr də, borclarını qaytarmamaqda israrlıdır:

“Bu məqamda sual meydana çıxır ki, Delta-dan alınan qiymətin üzərinə yetərincə əlavələr etməklə satılan internetin pulları hara sərf olunur?! Hələ də  bu problemlər qalır və borclar daha da artır. Bu hal isə sonda çox arzuolunmaz nəticəyə gətirib çıxara bilər”.

Şirkət hazırda CityNet-lə məhkəmə prosesinin davam etdiyini də vurğulayıb. Prosesin başa çatmadığı və bu haqda ictimaiyyətə  ətraflı məlumat veriləcəyi də qeyd edilib.

Şirkət bildirir ki, bazarda daha çox qazanan provayderlər borclarını qaytarmaq istəmir. Buna görə də şirkət daha sərt addımlar atır. Belə ki, artıq 10-na yaxın provayderin sənədləri məhkəməyə göndərilmək üçün hazırlanıb və özlərinə də bu barədə məlumat göndərilib.

Bu cür problemlər ucbatından Azərbaycan internetinin dayanıqlığı üçün təhlükənin və kəsilə bilmə ehtimalının olmasına gəlincə isə şirkət hazırda bu istiqamətdə heç bir təhlükə olmadığını bildirib:

“Doğrudur, borcların milyonlarla olması Delta Telecom-u çətinliklərlə üzləşdirir. Amma hazırda Azərbaycan internetinin dayanıqlılığında heç bir təhlükə yoxdur. Delta Telecom bu cür çətinlikləri artıq çoxdan dəf edib və planlı siyasəti nəticəsində bu gün ölkəni tam rezervli (3 istiqamətdən olmaqla)  formada internetlə təmin edir və edəcək. Borclu provayderlərin internet xidməti isə tam qanunvericiliyə uyğun olaraq hər an dayandırıla bilər”.

Delta Telecom ölkə başçısı İlham Əliyevin çıxışlarında ixraca üstünlük verilməsi ilə  bağlı verdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətini daha da genişləndirib. Belə ki, ölkəyə xarici valyuta gətirilməsi üçün qonşu ölkələrlə əməkdaşlıqları da xeyli genişləndirib. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.