16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015 / 18:39

Bir daha əsas backbone provayderimiz olan Delta Telecom-da baş verən və Azərbaycan İnternetini bir müddət sıradan çıxaran, informasiya təhlükəsizliyimiz üçün ciddi təhlükə yaradan yanğının səbəblərinə diqqət çəkmək istərdik.

Bir müddət öncə biz Azərbaycan İnternet Forumu olaraq, elə mən özüm də xeyli saytda media qurumlarında və TV-də baş verən hadisəyə münasibətimizi bildirmişik . Bu yazıda isə sadəcə nə baş verməsi və nə üçn baş verməsi üzərində bir daha dayanmaq istərdik.

Hamı səbəblər haqqında rəsmi açıqlamanı gözləyir. Elə biz də. Düşünürəm ki, artıq ilkin rəyin hazırlanması üçün ötən müddət yetərli ola bilərdi. Hamını bu suallar düşündürür, yanğın, tüstülənmə nə üçün baş verib və alternativlər olubmu, olubsa niyə işləməyib?

Əlbəttə texnologiyanın sıradan çıxması olan bir hadisədir və bütün dünyada da bu tip hadisələr olur. Sadəcə cəmiyyəti daha çox düşündürən nə üçün baş verməsi və fəsadları ilə bağlıdır.

Müxtəlif versiyalar üzərində dayanmaq olar. Texniki qəza, yüklənmə, elektriklə bağlı və s. Gümanlardan daha birisinin üzərində dayanmaq istərdim.  

Biz AİF-də WhatsApp zənglərinə qoyulan qadağanı müzakirə edəndə  məlum oldu ki, bu qadağa MTN tərəfindən Telekommunikasiya haqqında Qanunun 39-cu madddəsinə uyğun olaraq ölkədə qurulan dinləmə və izləmə ilə bağlı nəhəng telekommunikasiya sistemi ilə əlaqəlidir. Yəni WhatsApp-ın zəng qadağası mobil operator və Delta Telecom-luq deyildi, sadəcə MTN-ə məxsus bu sistemdə WhatsApp trafikinə blok qoyulmuşdu.

Bütün ölkələrdə əməliyyat-axtarış tədbirləri məqsədilə yaradılan və bizdə də qurulan  bu tip alternativ telekommunikasiya sisteminin avadanlıqlarının, serverlərinin bütün provayderlərdə olduğu,  bu sistemin MTN-ə məxsus əsas DATA Mərkəzinin isə Delta Telecom-da yerləşdiyi bildirilirdi. Güman ki, idarəetməsi də MTN-də olub.

Onda sual oluna bilər ki, Delta Telecom-da baş verən yanğın konkret harada olub, Delta Telecom-un sistemində baş verib,  yoxsa  məhz MTN -in buradakı sistemində baş verib? Kimlərin bura girişi olub ? Bu sistem nə dərəcədə standartlara cavab verib ? Bunun alternativi olubmu? Bu sistemi hansı şirkət qurub, kim  qurub, lap elə qanuna uyğun olaraq qurulubsa, görəsən mövcud təhlükəsizlik standartlarına cavab veribmi ?

Delta Telecom həmişə elan edib ki, onun bütün sistemlərinin, giriş-çıxışının alternativi var. Varsa onda niyə alternativ işə düşməyib ? Məlum idi ki, Deltanın bir-iki sərhəd regionlarında da alternativləri var, bəs onda niyə regionlarda da internet kəsildi? Bu nəhənglikdə Delta Telecom, global dünyanın 4 - 5 yerindən, on min kilometrlerlə məsafədən ölkəyə İnternet gətirən 15 ilin şirkəti ən azı regionlardakı mərkəzləri ilə internet verə bilərdi axı, ən azı az  həcmdə olsa da qısa müddətdə ölkədə internet təminatı yarada bilərdi axı. Bunlarsa baş verməyib. Şübhələnmək üçün əsaslar var ki, əslində orada tam başqa proseslər olub. 

Bəlkə yanğın məhz Delta Telecom-dakı MTN-ə məxsus sistemdə və avadanlıqlarda, enerji təchizatında, bütün ölkənin 200 Gb/s sürətində informasiya trafikinə nəzarət edən MTN-ə məxsus serverlərdə olub və həmin sistemi sıradan çıxarıb ? Əgər belədirsə onda hər şey aydındır, çünki mövcud qanunvericiliyə görə internet  ölkəyə Delta Telcom-un Data Mərkəzindən keçəndən sonra  məhz bu nöqtədən paylanmalıdır, deməli problem burada ola bilərdi, əgər bu sistemin alternativi olmayıbsa, təbii ki bərpa prosesi də uzun çəkə bilərdi. 

Həm də düşünürük ki, əgər bu versiya doğrudursa onda bu artıq  təhqiqat qrupuna da, RYTN -a da və digər əlaqəli qurumlara da məlumdur. Amma nə üçün açıqlamırlar, anlaşılan deyil.

Eyni zamanda düşünürəm ki həqiqətən də əgər belədirsə, yəni bu, MTN-in məlum sistemi ilə bağlıdırsa  onda digər operatorlarda, mobil operatorlarda, provayderlərdə olan MTN-ə məxsus bu tip sistemləri də monitorinq etmək doğru olardı.

Ümumiyyətlə telekommunikasiya sektorundakı bu dinləmə və izləmə sisteminin söykəndiyi təhlükəsziliklə və əməliyyat-axtarışla bağlı  qanunvericiliyi tamamilə yenidən işləmək doğru olardı. Artıq digər ekspertlərimiz də bununla bağlı narahatlıqlarını bildiriblər.

Əlbəttə yanğınla bağlı yuxarıda sadalananlar gümanlardır.
Bildiyimiz kimi Baş prokurorluq hazırda problemlə bağlı təhqiqat aparır. Təhqiqat qrupunun açıqlamasının gecikdirilməsi də şübhələr üçün əsaslar yaradır.

Cəmiyyət, ictimaiyyət doğurdan bilmək istəyir ki, əslində nə baş verib ? Sabah da bu təkrarlana bilərmi ?

Düşünürəm ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən, ölkənin informasiya təhlükəsziliyi üçün ciddi təhlükə yaratmış bu məsələ ilə bağlı təhqiqat qrupunun, Delta Telecom şirkətinin, XDMX-nın və  RYTN-nin də baş verənlərin səbəbləri haqqında ictimaiyyətə təfsilatı ilə məlumat verməsi vacibdir. 

Osman Gündüz
21.11.2015

Artıq 29 noyabr tarixdə ANS TV-də efirə gedən Hesabat verilişində Delta Telecom şirkətinin Baş direktoru Ramazan Vəliyev bu yazıda qaldırılan məsələlərə aydınlıq gətirib. Yazıda güman olunduğu kimi yanğının da məhz MTN-nin şirkətdəki Data Mərkəzində baş verdiyi bildirilib.(Red.)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.