2016-cı il ölkənin İKT sektorunda nə ilə yadda qaldı? –İcmal

28-12-2016 / 13:04

Məlum olduğu kimi, bu il bütün sahələrdə  olduğu kimi, ölkənin telekommunikasiya və informasiya texnologiyaları (İKT) sahəsində də önəmli və ciddi müzakirələrə səbəb olan bir çox hadisələr baş verdi.

Xeberler.az olaraq bu il İKT sektorunda yaddaqalan və daha çox müzakirə olunan ən önəmli hadisələrin qısa icmalını təqdim edirik:

1. Bu il diqqət çəkən məqamlardan ən önəmlisi təbii ki, Prezident İlham Əliyevin Bakutel 2016 sərgisində təqdim edilən yeni  innovasiyalarla yaxından tanışlığı oldu. Prezident və xanımın İKT sahəsindəki şirkət rəhbərləri ilə selfie-si isə maraqla qarşılandı.
Yeri gəlmişkən, bu beynəlxalq tədbirdə uzun müddətdən bəri “donmuş” olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı keçirilməsi də diqqət çəkən məqamlardan olub.
Prezidentin bu tədbirə baş çəkməsi ekspertlər tərəfindən həm də son dövrlərdə İKT sektorunda yaranan mənfi imicin aradan qaldırılmasına köməklik , İKT sahəsinin prioritetliyini önə çəkmək  və yeni rəhbərliyə dəstək kimi də dəyərləndirilib. 

2. İlin ən yaddaqalan hadisələrdən biri isə uzun müddətdir ki, üzərində iş gedən və hər kəsin səbirsizliklə gözlədiyi Regional Data  Mərkəzin açılması oldu. Prezident açılış mərasimində iştirak etdi.

3. Elə 2016-nın ilin başlağıncından Rabitə və Yüksək  Texnologiyalar Nazirliyində də “yeni era” başladı. Belə ki, cari ilin əvvəlində Prezident İlham Əliyev Ramin Namiq oğlu Quluzadəni rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzaladı. Bundan sonra isə Nazirlikdə və tabeleyində olan müəssisələrdə ciddi islahatlar başladı. Bu islahatlar hələ də davam edir.
Nazirlikdə olan yeniliklər barədə saytımızda mütəmadi məlumatlar  yayımlayırıq.
Qeyd etmək lazımdır ki, ötən ilin “MTN işi” ilə bağlı hadisələrdən sonra İKT sektorunda baş verən məlum hadisələr və “Rabitə işi” adı altında hələ də davam edən  məhkəmələr də cari ildə bu sektorda çox müzakirə olunan və yaddaqalan hadisələrdən olub.

4. Daha bir vacib hadisə Bakıda STEP IT Academy - kompüter akademiyası açılması oldu. Azərbaycan prezidenti İlham Əliyev də  9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olmaq üçün Akamediyada oldu. Akademiya beynəlxalq standartlara uyğun İT mütəxəssislər hazırlayacaq.

5. Prezident İlham Əliyev "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzaladı. Fərmana görə , hazırda Dövlət xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndirilir. Bununla yanaşı, cari ildə dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlər haqqında məlumatları bir yerə toplayan dxr.az portal təqdim edildi.

6. Bu yaxınlarda Prezidentin fərmanı ilə  hazırlanmış “ASAN Viza” Portalının istifadəyə verilməsi də diqqət çəkən məqamlardan oldu.  

7. Daha bir ASAN-lığa iddialı olan layihə isə AİF tərəfindən irəli sürülən ASAN.net də bu il gündəmdə olan və diqqət çəkən  mövzulardandır. Layihə istənilən anda provayderin və ya onun xidmətinin onlayn mühitdə dəyişdirilməsi imkanlarını nəzərdə tutur.

8. Ölkə ərazisində analoq yayımın tamamilə dayandırılıb rəqəmsal yayıma keçilməsi ilin ən çox müzakirə edilən mövzularından oldu.

9. 2016-cı ilin ən çox diqqət mərkəzində olan hadisələrdən Azərbaycanda internetində saxta istifadəçi ad və ya saxta hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti yaratması təklifi oldu. Artıq bununla bağlı Milli Məclis qanuna dəyişiklik edib.
Bu məsələlər ekspertlər arasında birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb oldu. Məlumata görə, bu dəyişikliklər yanvarın 1-dən qüvvəyə minəcək.

10. Yeni təkliflər, qərarlar demişkən, hazırda hələ də müzakirəsi  gedən digər  qərar isə Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə irəli sürülən layihə oldu. Belə ki, irəli sürülən layihədə qeyd edilib ki, xarici onlayn mağazalaradan alış-veriş edərkən fiziki  şəxslər məhsulun öz qiyməti ilə yanaşı, 18 faiz Əlavə Dəyər Vergisi  (ƏDV) də  ödəməlidir. Artıq bununla bağlı da qərara qəbul edilib.
Qeyd edilir ki, elektron ticarət vasitəsilə olunan sifarişlərdə 18%-lik vergi  (aviabilet və otel istisna olmaqla) , Cloud, Marketinq, Qumar və s. digər virtual xidmətlərə şamil olunacaq. Yeni qanunun yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
Bu yeni təklif cəmiyyətdə birmənalı qarşılanmadı. Günlərdir sosial şəbəkədə yeni layihə ilə bağlı müzakirələr davam edir.

11. Azərbaycanın startap ekosistemi də bəzi uğurlu hadisələrlə ilə yekun vurdu. Cari ilin əvvəlində 4-cü dəfə ənənəvi Startap Azərbaycan 2016 Milli Konfransı keçirildi və ən yaxşı startap layihələr elan edildi.

Bu il həmçinin RYTN-in və bir sıra İT şirkətlərin dəstəyi ilə  Startap Azərbaycan ilk dəfə olaraq regionlarda startap hərəkatına start verdi. Gəncədə  Startap Azərbaycan və ASAN Könüllüləri tərəfindən Azərbaycan Startap Festivalı adı altında keçirilən bir neçə startap tədbirləri  yaddaqalan oldu. Festival çərçivəsində  3 gün davam edən Startap Azərbaycan  -Startap Günlərində Gəncə universitetlərindən ən yaxşı ideyalar seçilib, mükafatlandırılması ekosistemin diqqətini cəlb edən hadisələrdən oldu.
Cari il həmçinin startap ekositemin daha da genişlənməsi, innovasiya mərkəzlərinin yaranması  və bəzi startaplarımızın beynəlxaq tədbirlərdə iştirakı ilə də yaddaqalan olub.

12. Ölkənin internet bazarında yetərincə xüsusi çəkiyə malik olan, ən geniş fiber optik infrastruktura malik CityNet  şirkətinin Delta Telecom-dan imtina etməsi və  Nar tərəfindən satın alınması da 2016-cı ilin ən maraqlı hadisəsi kimi tarixə düşdü. Bildirildiyinə görə, hazırda Delta Telecom-la CityNet-in borc məsələləri ilə bağlı məhkəmə çəkişməsi də davam edir.
Yeri gəlmişkən, digər dövlət və qeyri dövlət provayderlərinin əsas bakbone provayder olan Delta Telekom-a  milyonlarla borclarının olması və bu səbəbdən də Azərbaycan internetinin dayanıqlığı üçün təhlükələrin artması da cari ilin diqqət çəkən xəbərlərindən oldu.

13. Bu il daha bir yenilik Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi elektron imza sertifikat daşıyıcılarının yeni növünü - USB tokenləri vətəndaşların ixtiyarına verməsi oldu.  
Bundan əlavə, RYTN  Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ( BTRİB)abunəçi müraciətlərini operativ şəkildə qəbul edən Çağrı Mərkəzini ( Call Center) və şəbəkəyə nəzarəti həyata keçirən Şəbəkə Əməliyyat Mərkəzini ( Network Operation) istifadəyə verib.
Daha bir yenilik isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən danışan kitabxananın təqdim edilməsi oldu.
"Elektron hökumət” portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Microsoft-un Azərbaycan nümayəndəliyi arasıda müqavilə imzalanması da önəmli hadisələrdən hesab oluna bilər.

14.
BTRİB və AzTelekom tərəfindən ölkənin kabel-kanal sistemindən istifadəyə qoyulan  məhdudiyyətlər  də  ilin  ən çox müzakirə olunan mövzularından olub. RYTN bu sahədə ciddi nöqsanlara yol verildiyini  və  monitorinqlərin aparıldığını bildirib. Bu sahədə aparılan yenidənqurma işlərinin yekunu olaraq yeni qaydaların və tariflərin olacağı gözlənilir

15. Həmçinin, bu il uzun müddətdir istifadəçilərin problemlə üzləşdiyi Azərbaycanda mobil internetlə WhatsApp zəngi bərpa edildi.

16. Bakcell-in icraçı direktorunun dəyişməsi də sektorda yaddaqalan hadisə oldu. Belə ki, Bakcell-in baş icraçı direktoru Riçard Şirerin bu il Azərbaycandakı fəaliyyətini dayandırdı. Onun yerinə telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekers gəldi.

17. Azərbaycanın kompüter avadanlığı istehsalçısı KÜR Tayvanın Acer şirkətinin brendi altında Mingəçevirdə kompüter istehsalına başlaması da da diqqətə çəkən hadisələrdən olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bildirmişdi ki, Acer ilə aparılan danışıqların nəticələrinə görə, istehsal ediləcək avadanlıq Intel korporasiyasının prosessorları və çipləri üzərində hazırlanacaq. BestCopm şirkətinin də iştirak etdiyi bu prosesdə istehsal HI-Tech Invest şirkətinə həvalə edilib.

18. Nəhayət, bir neçə gün öncə  Milli İnternet Mükafatı-MillNet-net 2016-nın yekun təqdimat mərasimi, ən yaxşı internet resursların élan edilməsi  də  milli şəbəkəmizdə yaddaqalan və müzakirə olunan mövzulardan olub. 
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən və RYTN tərəfindən, həmçinin bir sıra İT şirkətlər tərəfindən dəstək verilən mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. 

Çalışdıq, sektorda olan ən maraqlı, daha çox müzkariən edilən hadisələri diqqətinizə çatdıraq.

Yuxarda qeyd edilənlər 2016-cı ildə ölkənin İKT sektorunda gündəmi zəbt etməyi bacaran hadisələrdirdir. Onlardan əlavə, bu il elektron hökumət quruculuğu, elektron xidmətlərin sayının artırılması ilə bağlı ciddi irəliləyişlərin müşahidə edilməsi ilə yadda qaldı. Qadınların İKT sektoruna cəlb edilməsi istiqamətində də bir çox tədbirlər, seminarlar, təlimlər təşkil edildi.

Bütün bunlar barədə ən son məlumatları saytımızdan oxuya bilərsiniz.

 

Xeberler.az 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.