25 biznes ideyasından 6-sı növbəti mərhələ üçün uğur qazandı- Fotolar

06-11-2015 / 23:17

Məlumat verdiyimiz kimi, bu gün Yüksək Texnologiyalar Parkında Startap Günləri 2015   başlayıb. Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz açıb. O, iştirakçıları salamlayaraq, tədbir haqda ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə iştirakçıları salamlayaraq bütün startapçılara uğurlar arzulayıb. O,  Startapçıların fəaliyyətinin bu gün diqqət mərkəzində olduğunu və ölkədə bu istiqamətdə əməlli addımların atılması üçün məqsədyönlü siyasətin həyata keçirildiyini vurğulayıb. Bu baxımdan, Startap Günlərinin əhəmiyyətini qeyd edən nazir müavini tədbirlər çərçivəsində keçiriləcək seminarların rolundan danışıb.

Elmir Vəlizadə ideya üzrə keçirilən müsabiqələrin mövcud informasiya resurslarından qənaətli və səmərəli istifadəni təmin edəcəyini söyləyib: “Bu baxımdan hər bir şəxs ölkənin inkişafına, İKT-nin inkişafına töhfə verə bilər, həmçinin Azərbaycandan kənarda da müvəffəqiyyət qazana bilər”.

Nazir müavini ali məktəb nümayəndələrinin bu gün özlərinin texno-parklarını yaratdığını və ölkədə gedən bu prosesə töhfə verdiyini söyləyib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyaların İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının bu istiqamətdə startapçılara hərtərəfli dəstək olduğunu və bu istiqamətdə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün inkubator rolunu oynadığını xatırladıb.

Ötən il 25 adda layihənin Bakutel sərgisində ictimaiyyətə nümayiş etdirildiyini qeyd edən nazir müavini bu il də sərgi çərçivəsində bu istiqamətdə xüsusi tədbirlər planlaşdırıldığını nəzərə çatdırıb.

Nazir müavini Budapeştdə "ITU Telecom World 2015” sərgisində 4 startap layihəsinin iştirak etdiyini və onlardan birinin qalib gəldiyini, daha bir milli layihənin isə dünya səviyyəsində 2-ci yerə çıxdığını deyib.

Bu potensialın aşkarlanmasının önəmli olduğunu qeyd edən E.Vəlizadə sonda startapçıları təşəbbüskar olmağa, idayalarının reallaşdırılması uğrunda daha əzimkar olmağa səsləyib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov çıxış edərək  deyib ki, Fond daim yeni və innovativ layihələrin inkişafına dəstək olur və bunun  üçün müxtəlif müsabiqələr təşkil  edir.

Elçin Zeynalov  Fondun elan etdiyi qrant müsabiqələrini də xatırladaraq bildirib ki, bu il elan olunan 3-cü qrant müsabiqəsinə də layihələrin qeydiyyatı davam edir.

Fond rəsmisi  onu da deyib ki, ilin sonuna  qədər əvvəlki müsabiqələrdə qalib olan və qrantını ala bilməyən hüquqi şəxslərin dəm qrantları veriləcək.

Onun  sözlərinə görə,  Fondun elan etdiyi 1-ci qrant müsabiqəsi  çərçivəsində 50 startap layihə maliyyələşdirilib və ilin sonunadək  3-cü qrant müsabiqəsində onların sayı 100-ə çatdırılacaq.

Fond rəsmisi gənclərin çoxsaylı suallarını da  cavablandırıb.

 Startap Günləri çərçivəsində "Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu" mövzusunda konfrans  da təşkil olunub.

Konfransa Qafqaz Universitetinin , İqtisadiyyat, Neft və Sənaye universitetlərinin İT mütəxəssisləri startapların yaranmasında biznes inkubasiya mərkəzinin rolunu müzakirə ediblər.

Onlar gənclərin bu istiqamətdə suallarını cavablandırıblar.

Daha sonra Günlərdə qeydiyyatdan keçmiş gənclər biznes ideyalarını təqdim ediblər.  

Belə ki, təqdim edilən 25  ideyanı münsiflər  təhlil edib və onlardan   6-sı  qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq qazanıb. Seçilən  innovativ biznes ideyaları Günlərdə iştirak edən digər gənclərdən  layihələri üçün 4-6 nəfərlik komanda formalaşdırıblar.

 Qeyd edək ki, komandalar 2 gün ərzində  davam edəcək Startap Günlərində mentroların və ekspertlərin köməyi ilə yeni startap layihələrin ilkin variantını hazırlayacaqlar.  Yekunda bu layihələr münsiflər heyətinin qiymətləndirməsinə təhvil veriləcək.

Startap Günləri 2015 –in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına sponsorların  qiymətli hədiyyələri və diplomlar təqdim olunacaq. Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə sertifikat veriləcək.

Həmçinin, tədbirlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən yerli startup sahiblərinin yeni başlayan, internetə və biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, Xəzər Vençur (Khazar Ventures), SİNAM, Bakcell və  ATL Group şirkəti dəstək verir.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə