“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016 / 15:17

Prezident İlham Əliyev "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Xeberler.az-ın məlumatına görə, sərəncama uyğun olaraq, açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda (bundan sonra - Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etmək; Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada məlumat vermək tapşırılıb.

Nazirlər Kabinetinə tapşırılır və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Prezidentinə məlumat versinlər.

Hesablama Palatasına, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunur ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə