ADA Universitetində təqdimat mərasimi olub

10-08-2018 / 12:01

Avqustun 9-da ADA Universitetində SOCAR AQŞ-nin dəstəyi ilə ilk MİT-Azərbaycan Qlobal Startap Laboratoriyasının təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, Massaçusets Texnologiya İnstitutunun (MİT) müsabiqə komissiyası tərəfindən həyata keçirilən seçim prosesində 200-ə yaxın müraciətdən 29 ən istedadlı azərbaycanlı tələbə bu ilin iyun ayından etibarən ADA Universitetinə təşkil olunan 7 həftəlik intensiv kursda iştirak etmək hüququ qazanıb. Proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri ilə yanaşı, dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.

Təqdimatda dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak edib. SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev kursu uğurla başa vuran tələbələri təbrik edərək deyib ki, Azərbaycanda biznes innovasiyasına təkan verilməsi, rəqəmsal və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən bu layihə özünəməxsusluğu ilə fərqlənir. Layihə vasitəsilə milli səviyyədə müxtəlif ali məktəbləri, startap mərkəzləri və akseleratorlar bir araya gəlir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə proqramın məzunlarına uğurlar arzulayaraq bildirib: “Komandalar ölkənin gənc sahibkarlıq mühiti üçün çox maraqlı ideyalar irəli sürürlər. Bu ideyaların reallığı çevrilməsi üçün təqdimat günü açar rolunu oynayır. ADA Universiteti bu proqramda tərəfdaş kimi çıxış edərək, innovativ ideyaların startaplara, daha sonra isə startapların uğurlu şirkətlərə çevrilməsi istiqamətində öz dəstəyini göstərməkdədir”.

Yeddi həftəlik intensiv kurs ərzində tələbələr öz innovativ ideyalarını təkmilləşdirmək üçün MİT-in müvafiq çərçivə prinsiplərini öyrənməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən yerli startap ekosisteminin nümayəndələri və akseleratorlarla görüşlər keçirib, müvafiq hamilərin iştirakı ilə seminarlarda iştirak ediblər. Tələbələr MİT-in 24 mərhələdən ibarət biznes planını müvafiq qaydada mənimsəyib, öz məhsul və ya xidmətlərini prototip versiyada hazırlayaraq potensial investorlara təqdim ediblər. İyirmi doqquz tələbə 6 komandada birləşərək, təhsildə süni intellekt sahəsində innovasiya, İKT üzrə məlumat bazasının yaradılması, əyləncə və səyahət sahəsində funksionallığın tətbiqi ilə bağlı 5 veb-platforma və bir mobil applikasiya ilə tanınmış biznes qurumlarını təmsil edən münsiflər heyəti qarşısında çıxış ediblər. Münsiflər heyəti qiymətləndirmə prosesi zamanı komandaların həllini gözləyən biznes problemləri düzgün müəyyənləşdirmələri, kritik biznes düşüncə qabiliyyəti, effektiv biznes model seçimləri, marketinq strategiyası, maliyyə modeli, hazırlanan məhsulların keyfiyyət və funksionallığı, komandaların təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarını əsas götürüblər. Qalib komandalar öz startap ideyalarını genişləndirmək istiqamətində ümumilikdə 12 min AZN mükafat əldə ediblər. Startap Laboratoriyasını uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.