ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018 / 11:55

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Microsoft Azərbaycan şirkəti arasında qarşılıqlı əməkdaşlığa və Microsoft-un proqram təminatının lisenziyalaşdırılmasına dair saziş imzalanıb.

Bu barədə Xeberler.az-a ADNSU-dan məlumat verilib.

Sazişə əsasən, ADNSU-nun Microsoft məhsulları əsasında qurulan bütün İT-infrastrukturu tam lisenziyalaşdırılıb və nəticədə Universitetin 11 min tələbəsi üçün lisenziyalı Windows, Office və s. əlçatan olub. ADNSU Azərbaycanın ali təhsil ocaqlarının top-beşliyinə daxildir və ilk Universitetdir ki, İT-infrastrukturunu tam leqallaşdırıb.

“Tərəflər arasında imzalanan sazişin əsas məqsədi ADNSU-nun İT-infrasturkturunun tam leqallaşdırılması, tələbələr arasında eyni hüququ və maliyyə vəsaitlərinin səmərəli istifadəsini təmin etməkdir. Bu, həm də Universitetdə təhsilin rəqəmsal transformasiyasının bir hissəsidir. Eyni zamanda, saziş ADNSU-nun nəzdində olan “eazi START” inkubatorunda fəaliyyət göstərən gənc startaplara pulsuz proqram təminatı və bulud imkanlarından yararlanmaq və tələbələrə öz startaplarını beynəlxalq bazarlara çıxarmağa imkan yaradır. Onu da bildirmək istərdim ki, Microsoft-un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir”, - deyə Microsoft Azərbaycann şırkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Microsoft-un Office 365 imkanları sayəsində ADNSU bütün müəllim və tələbə heyətini Outlook korporativ poçt, OneDrive fayl saxlancı, Skype for Business vasitəsilə audio-video konfranslar qurmaq kimi məhsullarla təmin edir. Bununla yanaşı, tədris prosesinin idarəetmə sisteminin Azure bulud məkanında yerləşdirilməsi Universitetin maliyyə xərclərini azaldır. Saziş sayəsində bütün tələbə və müəllimlər lisenziyalaşdırılmış proqram təminatından pulsuz istifadə edə bilir. Bununla da Universitet müəllif hüquqlarına hörmət nümayiş etdirir və əqli mülkiyyət məhsullarının yaradılması üçün münbit zəmin yaradır.

“Biz Microsoft korporasiyası ilə onun informasiya resurslarının Universitetin təhsil proqramına inteqrasiyası sahəsində uzun illərdir əməkdaşlıq edirik. Sözügedən saziş bizim əməkdaşlığımızın uğurlu davamıdır. Microsoft-un lisenziyalı proqram təminatından istifadə etməmiz təhsil fəaliyyətində İKT-dən yararlanmağımızı və Universitetin İT-infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tələbatlarımızın ödənilməsini təmin edəcək. Müxtəlif İT-servislər işimizdə bulud texnologiyalarından istifadə etməyimizə imkan yaradacaq ki, bu da bizə təhsil xidmətlərimizi daha effektli şəkildə təqdim etməyə şərait yaradacaq. Gələcəkdə bu saziş bizə distant təhsili tətbiq etməyə imkan verəcək”, - deyə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə