Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019 / 09:30

Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraitlə tanış oldu. 

Xeberler.az bildirir ki, görüşdə nümayəndə heyətindən – RЕА prezidentinin müavini Taliya Xabriyeva, REA Prezidentinin Katibliyinin rəhbəri Valeriya Belyanina, REA-nın Xarici Əlaqələr idarəsinin rəisi Olqa Qluxovtseva, eləcə də AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, dosent Esmira Əlirzayeva və digərləri iştirak edirdilər.

Öncə rəhbərlik etdiyi institutun yaranma tarixi haqqında məlumat verən akademik Rasim Əliquliyev qurumun 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsi kimi fəaliyyətə başladığını dedi. İnstitutun qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrildiyini vurğulayan akademik institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını söylədi. Akademik qurumun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin  Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırdı.

AzScienceNet şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən akademik R.Əliquliyev bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə edərək mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı.  

İnstitutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə müvafiq aparıldığını qeyd edən akademik fundamental tədqiqatlar sahəsində REA ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi. Akademikin sözlərinə görə, informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsasların dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, yüksək nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə elmi-tədqiqatların aparılması institutun fəaliyyətində başlıca hədəflərdəndir.

R.Əliquliyev REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu da nəzərə çatdırdı.

Akademik rəhbərlik etdiyi qurumun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini qeyd edərək institutun elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərdiyini vurğuladı.

İnstitut direktoru fundamental istiqamətlər üzrə problemlərin müzakirəsi üçün institutda hər il müxtəlif səpkili konfrans və seminarların keçirildiyini dedi. Alim hər il keçirilən, informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinə həsr olunmuş konfranslarla yanaşı, cari ildə fərdi məlumatların mühafizəsi, eləcə də Data Science-in (verilənlər elmi) çoxaspektli problemlərinin müzakirəsi üçün konfransların keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

R.Əliquliyev, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verdi, burada respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu, AMEA-nın magistrlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün  informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsinin həyata keçirildiyini diqqətə çatdırdı.  

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev institutda yaradılmış şəraiti yüksək qiymətləndirdi, sual və təkliflərini səsləndirdi.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.