AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

18-02-2016 / 16:12

Məlumat verdiyimiz kimi, AMEA-da Elm və Texnologiya Parkı yaradılır.

Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Erciyes Texnoparkı arasında əməkdaşlığa dair ilkin razılaşma sənədi imzalanıb.

Görüşdən əvvəl dünən Ankarada baş vermiş terror aktının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AMEA rəhbərliyi adından türkiyəli qonaqlara başsağlığı verilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, görüşdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bildirib ki, AMEA ilə Türkiyənin Erciyes Texnoparkı arasında səmərəli əməkdaşlıq əlaqələri AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü ilə 2014-cü ildə qurulub və bu əlaqələrin davamı olaraq innovasiya fəaliyyətinin təkmilləş­dirilməsi istiqamətində Niyyət Sazişi və əməkdaşlıq müqaviləsi imzalanıb. Vüqar Babayev vurğulayıb ki, Niyyət Sazişi çərçivəsində tərəflər arasındakı əməkdaşlıq AMEA-da texnologiyaların transferi funksiyasının həyata keçirilməsi, AMEA Elm və Texnologiya Parkının yaradılması, AMEA inkubasiya proqramının hazırlanması, eləcə də Avropa Birliyinin çərçivə proqramlarında birgə layihələrlə iştirak edilməsi kimi məsələləri əhatə edəcək.

Türkiyənin Erciyes Texnoparkının baş direktorunun müavini Selahettin Gönülateş AMEA-da keçirilən bu görüşdən məmnunluğunu ifadə edərək təmsil etdiyi texnopark haqqında məlumat verib:

“2007-ci ildə qurulmuş Erciyes Texnoparkı müxtəlif sahələrdə fəaliyyət göstərir. Türkiyənin 5-ci böyük texnoparkıdır. Texnoparkımız 217 min kvadrat metr açıq, 30,5 min kvadrat metr qapalı əraziyə sahibdir. Texnoparkda 203 bina mövcuddur. Buradakı firmaların əksəriyyəti öz fəaliyyətlərini beynəlxalq, iqtisadi münasibətlər və texnoloji sahələr üzərində qurublar. Enerji, kimya və qida sənayesi ilə məşğul olan şirkətlər də var”.

Selahettin Gönülateş bildirib ki, tərəflər arasında imzalanacaq əməkdaşlıq müqaviləsi 2016-cı ilin sentyabr ayında Türkiyənin Nevşehir şəhərində kosmik sənaye mövzusunda təşkil ediləcək beynəlxalq tədbirin birgə koordinasiyası barədədir. Qonaq qeyd edib ki, müqaviləyə əsasən, AMEA və Erciyes Texnoparkı tədbirin təşkilat komitəsi və məşvərət şurasında birgə iştirak edəcək, adıçəkilən tədbirin hər iki ölkədə təbliğ və təşviqini həyata keçirərək tədbirin koordinasiya işlərini birlikdə icra edəcəklər.

Sənədləri Akademiya tərəfdən AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev, Erciyes Texnoparkı tərəfdən isə Erciyes Texnoparkının baş direktorunun müavini Selahettin Gönülateş imzalayıb.

Həmçinin imzalanma mərasimindən sonra AMEA prezidenti, akademik Akif Əlizadə Türkiyənin Erciyes Texnoparkının baş direktorunun müavini Selahettin Gönülateş və SERA İnkubasiya Mərkəzinin rəhbəri Mehmet Yağcıoğlunu qəbul edib.

Görüş zamanı gələcək planlar və əməkdaşlıq imkanları müzakirə edilib. 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə