AMEA xarici İT şirkətlə əməkdaşlığa başlayıb

15-02-2017 / 10:24

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Intertelecom şirkəti arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalama mərasimi olub.

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə MMC ilə əməkdaşlığın önəmindən danışıb.

Akademik qeyd edib ki, bu saziş Azərbaycan elminin innovativ fəaliyyətinə, elmlə istehsalatın qarşılıqlı əlaqəsinə böyük töhfə verəcək:

"Niyyət sazişi müasir elmi nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının böyük imtiyazları olduğu üçün innovativ fəaliyyətlərimizi uğurla həyata keçirə biləcəyik. Əminəm ki, Azərbaycan alimləri sizinlə əməkdaşlıqdan böyük təcrübə qazanacaq”.

Sonra Intertelecom şirkətinin prezidenti Reza Vaziri çıxış edərək Akademiyada olmaqdan məmnunluğunu bildirib:

“İndiki dünyada elmin nəticəsi sərvətdir. Bu gün biz elmlə sərvətin təməlini qoyacaq sazişi imzalayacağıq. Ümid edirəm ki, əməkdaşlığımız nəticəsində böyük uğurlar əldə edəcəyik”.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və İnnovasiya şöbəsinin rəisi, Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək sazişin əhəmiyyətindən, elmin kommersiyalaşdırılmasında gələcək rolundan danışıblar.

Tərəflər ölkədə elm və texnologiya siyasətinin formalaşdırılması, milli innovasiya sisteminin yaradılması, bir sıra mühüm layihə və proqramların icrası, mövcud infrastrukturun təkmilləşdirilməsi, həmçinin birgə zəruri əməkdaşlıq istiqamətlərinin müəyyən olunması məqsədilə Niyyət Sazişi imzalayıb.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə  Intertelecom şirkətinin prezidenti Reza Vaziri imzalayıblar.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.