AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017 / 16:17

Bakcell şirkəti özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə İT sahəsində fəaliyyət göstərən bütün yerli developerlərlə yanaşı ümumiyyətlə, ideya və marağı olan hər kəs AppLab proqramının təklif etdiyi geniş imkanlardan faydalana bilər.

Bunun üçün qeydiyyatdan keçmək və maraq göstərilən sahə üzrə ideyanı bölüşmək lazımdır.

Qeydiyyat prosesi 25 yanvar 2017-ci il tarixindən 25 fevral 2017-ci il tarixinədək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən ərizəçilər sadəcə http://applab.bakcell.com/registration/ səhifəsinə daxil olaraq, yuxarıda qeyd olunmuş müddət ərzində anket formasını doldurmalıdırlar.

Qeydiyyat müddəti bitdikdən sonra təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və Seçim Komitəsi tərəfindən təsdiq olunan ideyalar ikinci mərhələyə keçəcək. Mümkün 20 xaldan 15 və ya daha çox xal qazanan layihələrin müəllifləri komitə üzvləri ilə görüşəcək və layihədən asılı olaraq 90-180 gün ərzində AppLab proqramında iştirak etmək imkanına malik olacaqlar.

Bu müddət ərzində Bakcell şirkəti proqram iştirakçılarına fərdi şəkildə məhsul və ya xidmətlərin inkişaf etdirilməsi və bazara təqdim olunması istiqamətində dəstək göstərəcək.

Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, ünvanında (Sahil bağının yaxınlığında) yerləşən AppLab ofisindən istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana biləcəklər.

Bakcell-in əməkdaşları, Qualcomm şirkətinin və AppLab proqramının digər tərəfdaşlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edəcək.

Qeyd edək ki, seçilmiş developerlərə kömək etmək üçün yerli miqyasda həyata keçirilən digər oxşar proqram və layihələrdən fərqli olaraq, Bakcell şirkəti AppLab proqramı çərçivəsində yaradılan layihələr üzərində heç bir mülkiyyət hüququ iddiası irəli sürmür.

Şirkətin başlıca məqsədi ölkənin milli startap icması üçün adekvat mühitin yaradılmasında aparıcı rola malik olmaqdır. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlərə ildə təxminən 70.000 İngilis funt sterlinqi məbləğində investisiyalar əldə etmək imkanı yaradır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişafı məqsədlərinə yönəldilir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.