Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri birgə çalışacaq

05-03-2019 / 17:18

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı və “ASAN Könüllüləri” Təşkilatı arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Xeberler.az  bildirir ki, memorandum ölkədəki könüllülük hərəkatında birgə addımların atılması, gənclərin inkişafı istiqamətində resursların birlikdə istifadə edilməsi, gələcək layihələr və təşkilati proqramlarda perspektivlərin səmərəli istifadəsini stimullaşdırmağı, o cümlədən 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn addımların icrası və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı özündə ehtiva edir.

Sənədi imzalayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə və “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova təşkilatların fəaliyyəti və gələcək planları, həmçinin, memorandumun yaradacağı imkanlardan danışıblar. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə imzalama mərasimində çıxış edərək könüllülüyün Azərbaycanda cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN Xidmət” mərkəzlərindən başlayıb və könüllülük hərəkatının buradan geniş vüsət almasını qeyd edib. “ASAN Könüllüləri” Təşkilatının gənclərin inkişafında ciddi addımlar atdığını və könüllülük ənənələrinin gəncliyin yaddaşında müsbət formada həkk olunmasında müstəsna rol oynadığını bildirib.

“Aqrar İnkişaf Könüllüləri”nin də ortaq məqsədlər üçün çalışdığını, yalnızca aqrar sahədə yox, cəmiyyətin bütün sferalarında hər zaman faydalı olmağa çalışdıqlarını qeyd edib. Çıxışın sonunda Təşkilatın artıq 35 regionda fəaliyyətini təşkil etdiyini və bu regionlarda gənclərin həm şəxsi inkişafına, həm də əhali arasında maarifləndirmə işinin daha əhatəli təşkil olunmasına dəstək göstərdiyini qeyd edərək bu memorandumun Təşkilatların gələcək fəaliyyətində xüsusi iz qoyacağından əminliyini ifadə edib.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova ilkin olaraq təşkilat haqqında və 2019-cu il ərzində görüləcək tədbirlər haqqında məlumat verib. “ASAN Könüllüləri Təşkilatı və "Aqrar inkişaf Könüllüləri" Təşkilatı arasında imzalanan memorandum əsasında baş tutacaq əməkdaşlıq ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verəcək və gənclərə yeni imkanlar yaradacaq. Xüsusi vurğulamaq istərdim ki, "ASAN xidmət" mərkəzləri olmayan ərazilərdə DAİM-lərdə çalışan Aqrar İnkişaf Könüllüləri respublika əhəmiyyətli layihələrimizin əsas tərəfdaşlarına çevriləcək və biz də ASAN Könüllüləri olaraq aqrar sahəyə öz imkanlarımızla fayda verməyə çalışacağıq”, - deyə “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova qeyd edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.