“Asan İmza” AICT 2016 konfransında təqdim edilib- Fotolar

13-10-2016 / 11:07

Məlumat verdiyimiz kimi,  12-14 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Ali Neft Məktəbi və digər təşkilatlar tərəfindən təşkil edilmiş İnformasiya-Kommunikasiya Texnologiyalarının tətbiqinə dair 10-cu Beynəlxalq Konfrans – AICT 2016 keçirilir.

Konfransın keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif guşələrindən olan elm adamlarını və mühəndisləri ümumi maraq və problemlər ətrafında müzakirə və təcrübə mübadiləsi məqsədilə bir araya gətirməkdir.

Tədbir İKT sahəsində çalışan və təhsil alan mütəxəssis və gənc kadrlara öz elmi işlərini daha geniş auditoriyaya təqdim etmək, əhatəli məsələlərin optimal həllini tapmaq imkanı verən müzakirə platformasıdır. Konfransın əsas müzakirə mövzuları “big data” idarə edilməsi və tətbiqi, verilənlərin emalı və verilənlər mühəndisliyi, kibertəhlükəsizlik məsələləri, dövlət idarəetməsi, biznes, təhsil və səhiyyədə İKT-nin tətbiqində ən yeni tendensiyalar və digər məsələlərə həsr olunub. Konfransda Azərbaycan, İtaliya, Rusiya, Böyük Britaniya, Avstraliya, Kanada, Türkiyə, Qazaxıstan, Çin, İspaniya və digər ölkələrin dövlət və özəl sektorlarını təmsil edən nümayəndələr iştirak edir. Ümumilikdə, tədbirə 22 ölkədən 80-dən çox iştirakçı qatılıb.

Konfransın işində “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe də iştirak edib. Öz çıxışında o elektron və mobil hökumət quruculuğunda mobil imzanın rolundan bəhs edib, qeyd edib ki, dünyada ən təhlükəsiz rəqəmsal identitet texnologiyası olan “Asan İmza”nın elektron xidmətlərdə istifadəsi istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını tamamilə alır, belə ki xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur.

Y.Krimpe həmçinin rəhbərlik etdiyi şirkətin Azərbaycanın mobil gücləndirilmiş elektron imza xidmətinin beynəlxalq miqyasda keçirilən nüfuzlu konfrans və sərgi meydanlarında davamlı təbliğatı və innovativ “Made in Azerbaijan” brendi qismində tanıtımı məqsədilə həyata keçirdiyi fəaliyyət barədə də danışıb. Onun sözlərinə görə, Azərbaycanın texnologiyalarını qonşu ölkələrə ixrac etməyin zamanı yetişib və “Asan İmza” heyəti artıq bu istiqamətdə intensiv işlərə başlayıb. Belə ki, bu günlərdə Ukraynada Azərbaycanın “Asan İmza” texnologiyasının bazasında mobil elektron imza xidmətinin tətbiqi ilə bağlı layihə uğurla başa çatdırılıb ki, bu da iki ölkə qarşısında sərhədlərarası elektron xidmətlərin yaradılması sahəsində yeni imkanlar açır.

Tədbir zamanı iştirakçılara vergi, gömrük, maliyyə, təhsil sahələrində “Asan İmza” ilə mümkün olan elektron xidmətlər barədə məlumat verilib, xüsusilə vergi bəyannamələrinin təqdim edilməsi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, mobil imzanın dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə inteqrasiyası, internet və mobil bankçılıq, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı və s. xidmətlər nümayiş etdirilib.

Qeyd etmək lazımdır ki, “Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə