“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016 / 11:30

“Asan İmza” mobil elektron imza texnologiyası qlobal elektron etimad xidmətləri ictimaiyyətinin diqqət mərkəzində qalmaqda davam edir.

Xeberler.az-ın məlumatına görə,  bu dəfə “Asan İmza” layihəsi Fransanın Marsel şəhərində 26-28 sentyabr tarixlərində baş tutan və elektron/mobil identitet, ünsiyyətsiz xidmətlər, ağıllı infrastruktur həlləri və kibertəhlükəsizlik mövzularına həsr edilən dünya üzrə ən nüfuzlu tədbirlərdən birində - “Smart Security Week 2016” Ağıllı Texnologiyalar Həftəsində təqdim edilib.

Fransa ağıllı texnologiyalar həftəsi çərçivəsində baş tutmuş konfranslara dünyanın müxtəlif yerlərindən 400-dən artıq iştirakçı qatılıb.

 Ümumilikdə tədbirlərdə sıralarına elektron identitet, kiber-təhlükəsizlik, əşyaların interneti (Internet of Things), maşınlararası kommunikasiya (M2M), ünsiyyətsiz texnologiyalar və bu kimi digər sahələrdə ixtisaslaşmış beynəlxalq ekspert və peşəkarların da daxil olduğu 80 natiq müxtəlif mövzularda çıxışlar edib. 

Həftə ərzində baş tutmuş bu cür tədbirlərdən biri olan World e-ID & Cybersecurity konfransında  B.EST Solutions şirkətinin təsisçisi Yana Krimpe “Mobil identitet – yeni nəsil hökumətdə vətəndaşın mobil pasportu” adlı təqdimatla çıxış edib. Konfransın təqdimatın baş tutduğu “Elektron identitetin tətbiqi sahəsində dünya ölkələrinin təcrübəsi” adlı plenar sessiyasında  Azərbaycanın təcrübəsi ilə yanaşı Yaponiya, Kanada və Fransa kimi ölkələrin də müvafiq təcrübələrinə nəzər salınıb.

Təqdimat zamanı iştirakçılara Azərbaycanda istifadə olunan “Asan İmza” mobil identifikasiya və elektron imza həlli barədə ətraflı məlumat verilib. Hazırda dünyada ən qabaqcıl standart olan açıq açar infrastrukturu əsasında fəaliyyət göstərən bu xidmətin innovativliyi və yüksək təhlükəsizliyi qeyd edilib. Auditoriyaya Azərbaycanda elektron hökumət quruculuğu sahəsində görülən işlərin icmalı təqdim edilib, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində istifadə olunan və ilk dəfə Azərbaycanda tətbiq edilmiş innovativ ASAN Xidmət konsepsiyası barədə məlumat verilib. Həmçinin, elektron hökumətdən mobil hökumətə keçid prosesində “Asan İmza” xidmətinin mühüm rolundan bəhs edilib. “Asan İmza” texnologiyasının tətbiqinin asanlığı və istifadədə rahat və çevik olması, eləcə də elektron xidmətlərdən istifadə zamanı ən yüksək təhlükəsizliyi təmin etməsi kimi üstünlükləri auditoriyanın diqqətini cəlb edib.

Çıxışı ərzində Y.Krimpe həmçinin Azərbaycanda “Asan İmza” vasitəsilə mümkün olan və Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elektron Hökumət Portalı, “ASAN Ödəniş” portalı və maliyyə sektoru tərəfindən innovativ xidmətlər barədə məlumat verib. Ölkədə tətbiq olunan elektron vergi və gömrük bəyan etmə sistemləri, eləcə də Vergilər Nazirliyinin çağrı mərkəzi ilə “Asan İmza” xidmətinin inteqrasiyası nəticəsində telefon üzərindən vergi bəyan etmə proseduru xüsusilə yüksək maraqla qarşılanıb. “Asan İmza” xidməti xüsusilə Dünya Bankının tədbirdə iştirak edən nümayəndələrinin marağını cəlb edib. Azərbaycanın təcrübəsinin dünyada daha geniş təqdimatı məqsədilə sözügedən beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.  

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. B.EST Solutions şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. 

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə