“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016 / 18:04

15-16 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində 17-ci “Information Security Solutions Europe – ISSE 2016” beynəlxalq sərgi və konfransı keçirilib. Tədbir Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiyasının (ARİTA) təşkilatçılığı və Avropa Komissiyasının dəstəyi ilə baş tutub.

Xeberler.az-ın məlumatına görə, elektron mühitdə informasiya təhlükəsizliyi məsələlərinə dair aparıcı beynəlxalq müzakirə platforması olan “ISSE” konfransının işinə bu il ümumilikdə 300-dən artıq iştirakçı qatılıb.

Konfransın əsas müzakirə mövzuları etimad xidmətləri, rəqəmsal identitet, bulud və mobil təhlükəsizlik, məlumatların məxfiliyinin təminatı və idarə edilməsi, biometrik tətbiqlər, hüquqi-normativ mexanizmlər və s. məsələlərdən ibarət olub.

Konfransda iştirak edən təşkilatların sırasında Microsoft, Blackberry, Gemalto, Adobe, PwC, Gluu, SAP, Verizon Enterprise Solutions kimi dünyaca məşhur şirkətlər yer alıb. Tədbirdə B.EST Solutions şirkəti tərəfindən Azərbaycanın mobil identitet və gücləndirilmiş mobil elektron imza xidməti olan “Asan İmza” texnologiyası da təqdim edilib.

“Mobil ID – təhlükəsiz identitetin gələcəyi” mövzusunda konfransda çıxış edən B.EST Solutions şirkətinin təsisçisi və “Asan İmza” layihəsinin rəhbəri Yana Krimpe iştirakçılara əyani şəkildə mobil elektron imza xidmətini nümayiş etdirib və bu texnologiyanın üstünlükləri barədə danışıb. O həmçinin Azərbaycanda elektron xidmətlərin cari vəziyyəti barədə məlumat verib və mobil identitetin ölkədə elektron hökumət konsepsiyasında əhəmiyyətli rolunu qeyd edib.

Çıxış zamanı auditoriyaya Azərbaycanın müxtəlif hökumət təşkilatlarının mobil autentifikasiya və imza həllinin tətbiqi ilə elektron xidmətlər sahəsində gördükləri iş barədə məlumat verilib. Vurğulanıb ki, “Asan İmza” kimi innovativ xidmətin tətbiqi dövlət və özəl sektoru təmsil edən qurumlara əhaliyə xidmətgöstərmə səviyyəsinin keyfiyyətini və operativliyini artırmağa imkan verir. Azərbaycan həyata keçirilmiş sistemli fəaliyyətin nəticəsində hazırda vətəndaşlar “Asan İmza”nın köməyilə sıralarında vergi, gömrük, təhsil və maliyyə sektorunun xidmətləri də olan 500-dən artıq e-xidmətdən istifadə edə bilər.

Elektron vergi və gömrük bəyannamə sistemləri, onlayn qaydada hüquqi şəxsin qeydiyyatı, şirkətin bank hesabının onlayn açılması, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə daxil olmanın onlayn qeydiyyatı, mobil imza xidmətinin müxtəlif telefon-çağrı mərkəzləri ilə inteqrasiyası, internet və mobil bankçılıq və s. xidmətlər tədbir iştirakçılarının diqqətini xüsusilə cəlb edə bilib.

Tədbir çərçivəsində “Asan İmza” texnologiyasının qlobal layihələrdə iştirakının müzakirə olunduğu ikitərəfli görüşlər də keçirilib. Həmçinin müxtəlif ölkələri təmsil edən mobil elektron imza operatorlarının beynəlxalq federasiyasının yaradılması da müzakirə mövzusu olub.

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. B.EST Solutions şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. 

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

B.EST Solutions şirkəti Azərbaycanda rəqəmsal identitet və gücləndirilmiş elektron imza texnologiyaları əsasında platforma və xidmətlərin hazırlanması üzrə ixtisaslaşır. 2016-cı ilin iyul ayından etibarən şirkət Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının üzvüdür.  

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə