Avropa Oyunları İnternet biznesə necə təsir edə bilər?

24-04-2015 / 15:57

Məlum olduğu kimi ilk Avropa Oyunları bu il ölkəmizdə keçiriləcək. Artıq  Bakı 2015 Avropa Oyunlarına sayılı günlər qalıb.

Ekspertlərin fikirincə,  Bakı 2015 Avropa Oyunlarının  Azərbaycanda təşkil olunması ölkənin bütün sahələrinə müsbət təsir edib  inkişafı sürətləndirəcək.

Maraqlıdır ki,  Avropa Oyunları startap bazarına, ümumiyyətlə,  İnternet biznes bazarına, investisiya mühitinə  necə təsir edə bilər?

Nəzərə alsaq ki, Oyunlar zamanı Avropa ölkələrindən  çoxlu sayda nümayəndələr gələcək, bu da ölkəmizdə fəaliyyət göstərən startap komandalarına özlərini təqdim edib qlobal bazara çıxmaq, daha gəlirli investisya tapmaq baxımından bir fürsət ola bilər.

Məsələ ilə  bağlı Xəbərlər-ə münasibət bildirən Qafqaz Universiteti “Texno parkı”nın direktoru İsa Qasımov deyib ki, müxtəlif ölkələrdən Azərbaycana gələcək insanların sayını nəzərə alsaq, bu, o deməkdir ki, Avropa Oyunları ilə əlaqədər Azərbaycan haqda daha çox məlumatlar gedəcək və ölkənin bütün sahələri diqqət mərkəzində olacaq.

Onun sözlərinə görə, həmçinin Azərbaycana xarici investorların diqqəti və marağı artacaq.

“Azərbaycana, ümumiyyətlə, yeni dirçələn ölkələrə xarici investorların diqqəti və marağı günü-gündən artır. Bu baxımdan Avropa Oyunları Azərbaycanın dünyanın gündəmində  olma potensialını artırır. Ümumiyyətlə, Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi zamanı  xarici investorların Azərbaycan iqtisadiyyatına sərmaye qoymaq imkanlarını daha da artıracağı gözləniləndir. Elə etməliyik ki, bu cür imkanlardan ölkəmizin inkişafı üçün hərtərəfli istifadə edək”.

Onun sözlərinə görə, Avropa Oyunlarının dinamikası startap bazarına da olduqca müsbət təsir edəcək:

“ İnvestisya imkanı artarsa, eyni zamanda bu, dünyanın inkişaf etmiş ölkələrinin təmsilçiləri tərəfindən həyata keçirilirsə, ölkəmizdəki startap komandalarına özlərini təsdiq etmə və qlobal bazarda investor tapmaq baxımından faydalı əməkdaşlıqlara yol aça bilər”.

“Texno park”ın direktoru  onu da qeyd edib ki,  xarici nümayəndələrin diqqətini cəlb etmək üçün startapçılar və eləcə də bacarığı olan yaradıcı gənclər öz potensiallarını ortaya qoymaldırlar:

“Dünya yeni innovasiyalar axtarışındadır. Dünyanın axtardığı informasiya pul qazandıran infiormasiyadır. Biz də füsrətdən istifadə edib gənclərin yaradıcı potensialını ortaya qoymalıyıq ki,  ölkəmizə gələ biləcək avropalı investorlarda  maraq oyansın. Biz dünyanın müxtəlif ölkələrindən gələcək qonaqlara ölkəmizin elmi potensialını və  innovasiya gücünü göstərə bilməliyik. Azərbaycanda yeniyetmə və gənclərin sayı Avropa ölkələri ilə müqayisədə yüksəkdir. Nəzərə alsaq ki, hazırda Avropada əhalinin qocalma prosesi getdikcə daha ciddi hal alır, bu isə Avropanın potensiallı gənclərə, xüsusi ilə yenilikçi gənclərə malik ölkələrlə əməkdaşlığına xüsusi yanaşmanın formalaşmasına səbəb olur. Ona görə də bu mövzuda xüsusilə diqqətli olmalı, bu cür proqramlarda gənc nəslin potensialının müsbət qiymətləndirilməsi üçün təşviqedici və tənzimləyici proqramlar təşkil etməliyik. Biz bu potensialımızı, xüsusi ilə dəstəkləyici proqramlarla onlara göstərməliyik”.

İsa Qasımov maraqlı təklif də  irəli sürüb. O qeyd edib ki, ölkəmizə gələcək nümayəndələrlə startap komandalarının görüşləri təşkil olunarsa, bu, startap sahəsinə müsbət təsir edib qlobal bazarla əməkdaşlığı gücləndirə bilər:

Bununla bağlı maraqlı olan tərəflər olarsa, biz əməkdaşlıq etməyə hazırıq.

İsa Qasımov Avropa Oyunlarının İnternet biznes bazarına təsirindən də danışıb:

“ Dünyada e-ticarətlə bağlı sürətli inkişaf  gedir. Buna hər gün maraq artır. Ümumiyyətlə, e-resurslarla işləmək və inkişaf etdirmək baxımından Avropa ölkəkləri öndədirlər. Avropada artıq elektron valyuta da yaranıb. Yaxın illər ərzində də bu sahə ilə bağlı sürətli inkişaf davam edəcək. Ölkəmizdə də bu sahəyə xüsusi diqqət ayrılıb və gündən-günə inkişaf edir. Həmçinin dövlətin bununla bağlı xüsusi proqramları da var. Avropaya və ya dünyanın inkişaf etmiş digər ölkələri ilə əməkdaşlığın artması, e-resursların inkişafını zəruri edir”.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.