Azər Həsrət : Asan İmza üçün milyonlarla dollar vəsait havaya sovrulub

24-01-2019 / 17:24

Bir müddət əvvəl “Asan İmza”nın (xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün mobil identifikasiya) bahalaşması həm istifadəçilər, həm də ekspertlər tərəfindən narazılıqla qarşılanmışdı. 

Məlumat üçün bildirək ki, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları üçün “Asan İmza” xidmətinə 3 illik qoşulma qiyməti (ƏDV daxil) “Azercell”, “Nar” istifadəçiləri üçün 54.46 AZN, “Bakcell” istifadəçiləri üçün isə 58 AZN-dır və aylıq abunə haqqı yoxdur. Fərdi şəxslər (vətəndaşlar və daimi/müvəqqəti yaşayan əcnəbilər), hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər üçün isə 3 illik xidmət haqqı 18, aylıq abunə haqqı isə 2.50 AZN-dir. 

Kart dəyişikliyi üçün də (ƏDV daxil) 3,54 AZN ödənilməlidir. Beləliklə, fiziki şəxslər bu imzadan yararlanmaq üçün aylıq 2.50 AZN ödəyir ki, bu da bir ilə 30, 3 ilə isə 90 manata başa gəlir. Bu rəqəm qoşulmaq haqqı və simkart dəyişikliyi ilə birlikdə 111.54 AZN edir.

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları isə bu imzanı əldə etmək üçün “Azercell”, “Nar” istifadəçiləri ümumilikdə 58 AZN, “Bakcell” istifadəçiləri 61.54 AZN ödəyir. 

Buradan bir sual doğur. Nə üçün qiymətlər bütün “Asan İmza” istifadəçiləri üçün eyni deyil? 

Xeberler.az  bildirir ki, Cebhe.info-nun sualını cavablandıran Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, “Asan İmza” özünü doğrultmamış texnoloji tətbiqdir:

“Azərbaycan hakimiyyətini inandırmışdılar ki, bu yolla şəffaflığı və çevikliyi təmin etmək olar, ancaq təəssüf ki, “Asan İmza” bəzi işbazların (istər hakimiyyətdə, istərsə də mobil operatorlarda olsun) ölkə xalqının cibinə girməsi üçün əlavə bir imkan yaratdı. Faktiki olaraq bu gün göstərilməyən xidmətə görə “Asan İmza” istifadəçilərindən ayda 2.50 AZN tutulur ki, bunun əsaslandırılması yoxdur. Bundan başqa, “Asan İmza”dan istifadə zamanı da “siçan-pişik” oyunu oynayarmış kimi mesaj gedib- gəlir və onu təsdiq etmək lazımdır ki, bunun üçün də pul çıxılır. Həmçinin, “Asan İmza” üçün simkartın dəyişdirilməsi və yaxud yenisinin alınması tələb edilir. Halbuki bu da heç bir əsaslanmaya söykənmir”. 

Azər Həsrət əlavə edib ki, ölkədə keçən ilin sentyabrından etibarən yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq olunur və biometrik vəsiqələrdə şəxsi informasiyalar var: 

“Bu vəsiqələr elektron oxunandır və elektron imzaya sahibdir. Amma təəssüf ki, bu vəsiqələri əldə etdikdən sonra verilən təlimatla internet üzərindən onun aktivləşməsini edə bilmirik. Cənab prezidentə hesabat verilib ki, guya həmin şəxsiyyət vəsiqələri həm də elektron imzanı əvəz edəcək. Ancaq bu iş başa çatdırılmayıb və burada yenə də mobil operatorlarla işbirliyi içində olan hökumət işbazlarının rolunu görürəm. Bunlar əllərindən gələni edirlər ki, vətəndaşlar gedib məcburi olaraq “Asan İmza” alsın və ondan istifadə etsinlər. Əlbəttə ki, bundan çıxış yolu var və şəxsən özüm bütün bu oyunlardan bezdiyimə, etiraz səsimi dəfələrlə ucaltmağıma baxmayaraq, fərq olmadığı üçün VÖEN hesabımı dondurdum və biznes fəaliyyətimə son verdim ki, “Asan İmza”dan istifadə etməyim”. 

O əlavə edib ki, insanları küncə sıxıb, məcbur edirlər ki, “Asan İmza”dan istifadə olunsun: 

“Halbuki, bu, çox mənasız və əsaslandırılmamış xidmətdir. Düşünürəm ki, bununla bağlı olaraq cənab prezidentə geniş məlumat verilməlidir ki, “Asan İmza” ləğv edilsin. Bildirim ki, yeni nəsil şəxsiyyət vəsiqələri elektron imzanı da təmin etdiyindən bu məsələ tamamilə bağlanılmalıdır. Ölkədə “Asan İmza”nın tətbiqi üçün milyonlarla dollar vəsait xərclənib və həmin vəsait havaya sovrulub”. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.