Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018 / 17:44

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı keçirilir. Bu gün konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti, Baş nazir Şeyx Məktum Bin Rəşid, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin baş direktoru Hamad Al Mansuri, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hulin Zao, İttifaqa üzv dövlətlərin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak edib. Azərbaycanı beynəlxalq tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti təmsil edir.

Xeberler.az  bildirir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İttifaqın 31 oktyabr tarixində keçiriləcək plenar iclasında çıxış edəcək. BTİ-nin Baş katibi H.Zao konfransın açılış mərasimindəki çıxışı zamanı bildirib ki, dünyada 3,9 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də səlahiyyətli konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində əldə edilmiş irəliləyişlər təhlil ediləcək. O bildirib ki, BTİ üzv dövlətlər arasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də, sahə üzrə gender balansı yaratmağı təşviq edir.

Qeyd edək ki, səlahiyyətli konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının ali qərar qəbul edən orqanıdır. O, 193 üzv dövlətin İttifaqın ümumi strateji və maliyyə planları, rəhbərliyi və növbəti 4 il üçün istiqamətlərini müəyyən etdiyi ən yüksək səviyyəli toplantı hesab olunur.

Konfrans çərçivəsində BTİ üzv dövlətləri informasiya və kommunikasiya texnologiyaları üzrə 2020-2023-cü illər üçün yol xəritəsini hazırlayacaq. Eyni zamanda, 48 üzv dövlət növbəti 4 il müddətində BTİ-nin Şurasında, İttifaqın idarəetmə orqanında, səlahiyyətli konfranslarda təmsil olunmaq üçün seçiləcək. Bundan başqa, İttifaqın rəhbər heyəti, o cümlədən növbəti Baş katib, Baş katibin müavini, Radiorabitə, Telekommunikasiya Standartlaşdırması və Telekommunikasiya sektorunun inkişafı üzrə direktor postlarına da seçkilər keçiriləcək.

Xatırladaq ki, 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə