Azərbaycan gələn ildən yeni avtomobil modelinin istehsalına başlayacaq

11-11-2010 / 15:39

Azərbaycanın ilk minik avtomobili istehsalçısı Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan «Azsamand» avtomobillərinin istehsalını və satışını dayandırıb.

«Azsamand» şirkətinin prezidenti Cəzmi Qaya bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə nəticələnib. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb. Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb.

Ölkədə «Azsamand»lara tələbatın böyük olduğunu deyən C.Qaya zavodda yeni model avtomobillərin buraxılmasına hazırlıq getdiyini bildirdi. Yeni ildən zavodda «İran Hodro» şirkətinin buraxdığı «Soren» avtomobillərinin istehsalına başlanacaq. İndi «Azsamand»ın nümayəndələri bu məsələ ilə bağlı İranda danışıqlar aparırlar.

Yeni modelin qiyməti də fərqli olacaq. İndiyədək buraxılan avtomobillərin qiyməti nağd 15 500 ABŞ dollarına və müxtəlif müddətlərə kreditlə satılıb. Yeni «Soren» avtomobilləri isə nağd 12 min manata və ya 3 illik kreditlə 15 min manata satılacaq.

Xatırladaq ki, Azərbaycanda «Azsamand» avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunur.

mənbə: APA


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.