Azərbaycan İnterneti məhdudlaşdırıla bilərmi ?

16-11-2016 / 00:29

Yenidən Azərbaycan İnternetinin tənzimlənməsi istiqamətində təkliflər Milli Məclisə  təqdim olunub. Bu dəfə daha sərt yanaşma müşahidə olunur. Artıq ekspertlər, millət vəkilləri də buna münasibətlərini sərgiləyirlər. Münasibətlər də, təbii ki, birmənalı deyil. 

İndiyədək də İnternetdə təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulurdu.
İndi təklif olunan variantda isə İnternetdə və  sosial mediada anonim, saxta istifadəçi adları, saxta hesablar və profillər vasitəsilə olan təhqir və böhtan da cinayət məsuliyyəti yaradacaq.

Əlbəttə biz də müxtəlif səviyyəli tədbirlərdə Azərbaycan İnternetində də bəzi hallarda bu cür problemin olduğunu və bunun da  yolverilməz olduğunu  bildirmişik.

Eyni zamanda onu da vurğulamışıq ki, mövcud qanunvericilik imkan verir ki, həm hüquqi müstəvidə və həm də ictimai qınaqlar yolu ilə, Azərbaycan İnternetinin faydalı tərəflərini daha da inkişaf etdirməklə bu cür xoşagəlməz hallara qarşı mübarizə aparılsın və  qarşısı alınsın.

İndiyədək cinayət məsuliyyəti yaradan maddə olsa da, demək olar ki, bu maddə tətbiq olunmurdu. Və bütün ən yüksək səviyyəli görüşlərdə ölkə  prezidenti açıq şəkildə bəyan edib ki, Azərbaycan İnterneti azaddır. Məhz bu cür açıqlamalar güman ki, kimlərəsə köhnə maddəni tətbiq etməyə imkan vermirdi.

Bəs görəsən birdən -birə kimin ağlına gəlib, kimin təşəbbüsü olub ki, qanunvericilik sərtləşdirilsin. Qanunun icrasının texniki-texnoloji problemlərini görəsən düşünən olubmu?

Demokratik ənənələrin yetərincə inkişaf etmədiyi durumda hansısa məmurun əlinə düşən bu qanunun nələrə gətirib çıxara biləcəyini görəsən hesablayanlar olubmu?
Əgər əvvəlki maddə kimi icra olunmayacaqsa, onda bunu qəbul edib onsuzda bizə qarşı bəzən ədalətsiz mövqe sərgiləyən beynəlxalq qurumlara yeni bir mövzu vermək görən kimin ağlına gəlib?

Dövlət və özəl sektorun, cəmiyyətin bütün sahələrinin internetə inteqrasiya etdiyi bir zamanda, Azərbaycan İnternetinin ictimai-faydalı tərəflərinin, biznes yönümünün artdığı bir şəraitdə, İnternet medianın gücləndiyi, oturuşmağa başladığı bir şəraitdə  bu cür korrekt olmayan addım hardan qaynaqlanır görəsən ? 

İnternet, sosial media təkcə informasiya yaymaq vasitəsi deyil axı. Azərbaycanda da bu infrastruktur üzərində dövlət - vətəndaş münasibətləri qurulub, özəl sektor, şirkətlər və vətəndaşlar artıq burada biznes, marketinq işləri qurublar, vətəndaş cəmiyyəti burada ciddi ictimai müzakirərlər keçirir. Ötən beynəlxalq tədbirlərdə Azərbaycan maraqlarının qorunmasında bu infrastruktur axı mühüm, çox mühüm bir rol oynayıb.

Axı internet medianın peşəkarlığının daha da artırılması, internetin və sosial medianın faydalı tərəflərinin gücləndirilməsi məhz  qeyd olunan problemin həllinə daha çox kömək etmirmi ?

Azərbaycanda ictimai-siyasi gərginliyin pik həddində olduğu bir zamanda da hökumət İnternetin məhdudlaşdırılması istiqamətində bu tip addımlar atmayıb. Qonşu ölkələrdə isə bu tip hadisələr zamanı nəinki hesablar, profillər , saytlar bağlanırdı, bütövlükdə İnterneti bağlayırdılar. Düşünürəm ki məhz bu cür olduğuna görə dövlət başçısı inamla vurğulayırdı, vurğulaya bilirdi ki, Azərbaycan interneti azaddır.

Bir daha vurğulamaq istərdik ki, problemin olmasını heç kim danmır, amma internetin mahiyyəti və  internet azadlığı baxımından, qanunun icrası mexanizmlərinin aydın olmamağı və əlavə ciddi problemlər yaradacağı baxımından,  Azərbaycanın maraqaları baxımından, düşünürəm ki,  təklif olunan variant həll yolu deyil .

Yeri gəlmişkən, bu tip qanunların icrası  sonda hökumətlə, dünyanın qlobal informasiya resursları, Google, Facebook, Twitter və s. bu kimi nəhəng internet qurumları arasında  konfliktlər yarada bilər. Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu tip qanunların icrası sonda ölkəni bu cür qlobal, dünyanın informasiya düzənini müəyyən edən  qurumlarla qarşı –qarşıya gətirəcək. Onda nə baş verəcək. ? Hansı ki qonşu ölkələrdə belə hallar olub və sonda həmin ölkələrin ziyanına başa gəlib.

Onsuzda bu qurumlarda bəzən balaca ölkələrə qarşı ikili siyasəti açıq –aşkar görmək olur. O nəhənglikdə Türkiyəyə, Rusiyaya qarşı sayğısızlıq etmirdilərmi?

Bəzən bu cür qlobal qurumlar da  hökumətlərin, balaca ölkələrin, sorğularına sayğısız yanaşırlar, ikili standartlar olur. Hətta məhkəmələrin qərarları olsa belə. Xüsusən də, axı Azərbaycan bu tip qurumlar üçün biznes baxımından çox kiçik, hədsiz dərəcədə balaca bir bazardır.

Düşünürəm ki, onların bizə yox, daha çox bizim onlara ehtiyacımız var.  Odur ki, onlarla əməkdaşlıq xəttinin götürülməsi, onlarırn Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin burada açılmasına çalışmaq, fikrimcə daha düzgün addım olardı. Belə olduqda isə qeyd olunan problemləri daha asanlıqla həll etmək olardı.

Sual oluna bilər ki, hansı amillər bu cür qlobal qurumları Azərbaycana gətirə bilər. Cavab sadədir, Delta Telecom. Bu qurum artıq bütün regionda əsas internet təhcizatçısıdır. Bu qurumun region ölkələrinə satdığı internet trafik Azərbaycana gətirdiyindən dəfələrlə çoxdur.  Google artıq serverlrini burada yerləşdirib. Eləcədə Facebook və digərlərini də maraqlandırmaq olardı. Bildiyim qədər bir-iki dəfə belə cəhdlər olub, amma uğursuz alınıb. Ancaq, düşünürəm ki imkanlar tükənməyib.

Fikrimcə, problemlərin həllinə bines yönümündən yanaşmaq, internet bazarının inkişaf etdirmək baxımından addımlar atmaq daha doğru yanaşma ola bilərdi.

Nümayəndəliklər, təmsilçilər olduqdan sonra nəinki qeyd oluna problemləri həll etmək daha asan olardı, həmçinin bu qurumların Azərbaycan bazarından əldə etdiyi reklamlardakı marağımızı da ortaya qoya bilərdik, bizim internet seqmentimizdən əldə olunan gəlirlərdən Azərbaycan internetinin inkişafı üçün bəlkə azacıq da olsa “payımızı” ala bilərdik.  

Odur ki, ilk öncə bütün maraqlı tərəflərin, millət vəkillərinin, hüquq- mühafizə orqanlarının, RYTN-nin, İT şirkətlərin, media və İnternet ekspertlərinin və digər mütəxəssislərin iştirakı ilə müzakirənin keçirilməsi, fikrimcə daha faydalı olardı.

Ümid edirəm ki,  problemin həlli ilə bağlı daha təkmil bir variant hazırlanana qədər qeyd olunan təklif Milli Məclisdə müzakirəyə çıxarılmayacaq.

Eyni zamanda, hətta qəbul olunarsa belə, prezidentin də bu tip qanuna imza atacağına şübhə edirəm. Hansı ki, 2005-ci ildə ciddi müzakirələrə səbəb olan İnformasiya əldə edilməsi haqqında qanunun da ilkin versiyasını prezident imzalamadan geri qaytarmışdı və əvəzində isə yeni variantda ən gözəl qanunlardan biri qəbul olunmuşdu. 


Osman Gündüz
Tailand, Bangkok :)
16.11.2016

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.