Azərbaycan İnterneti üçün təhlükə varmı?

02-06-2016 / 18:41

Məlumat verdiyimiz kimi, dövlət başçısı “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik olunması barədə sərancam imzalayıb.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, provayder hər bir abunəçinin müraciəti əsasında uşaqların internetdə təhlükəsziliyni təmin etməlidir. Yəni, uşaqların əldə etməsi qanunvericiliklə qadağan olunan, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyaları bloklamalıdır.    

Bu isə o anlama gəlir ki, bu cür müraciətlər əsasında provayderlər həmin abunəçinin internetini filtrasiya edə (süzgəcləyə) bilər.

Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ilə ətraflı söhbət etdik.

Osman Gündüz qanunda edilən dəyşikliklər və onun işləmə mexanizmi ilə bağlı Xeberler.az-a ətraflı məlumat verib.

Ekspert xatırladıb ki, uzun müddətdir ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə səylər göstərirdi.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və  Ailə , Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi  problemin həlli istiqamətində  müəyyən işlərin görüldüyünü , uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” (“white list”) hazırlamağı nəzərdə tuturdu.

Onun sözlərinə görə, Komitənin bununla bağlı hazırladığı təkliflərin ilkin variantında internetin inkişafına  xələl gətirə biləcək, senzuraya səbəb ola biləcək məqamlar da vardı.

Forum prezidenti qeyd edib ki, qəbul edilən dəyişikliklərdə bu tip məqamlar öz əksini tapmayıb və bu, yaxşı haldır.

Osman Gündüz dünya təcrübəsinə dayanaraq məsələni izah edib:

“Biz o zaman bu təkliflərin bəzilərinin ölkədə internetin inkişafına zərər verə biləcəyini də vurğulamışdıq. Görünür ki, aidiyyatı qurumlar da bu tip təkliflərə razılıq verməyiblər və sonda yalnız dəyişikliklərdə qeyd olunan cəmi 2 müddəa qalıb. Müxtəlif ölkələrdə bu problemin həlli istiqamətində müxtəlif addımlar atılıb. Bəzi ölkələrdə hətta bu məqsədlə “halal internet” xidməti verən provayderlər də yaradılıb. Bizdə isə necə deyələr, bu tip “halal provayder” hələlik yalnız təhsil sistemində fəaliyyət göstərir. Azercell şirkəti də elə bu günlərdə uşaqların internetdə təhlkəszilyi ilə bağlı xidmətlərini istifadəyə verdiyini bildirib.

Qonşu ölkələrdə, xüsusilə də Rusiyada bu problemin həlli istiqamətində daha konservativ xətt götürülüb. Belə ki, məhkəmənin qərarı olmadan belə bu məqsədlə yaradılan qurum uşaqların təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə saytları dərhal bloklaya da bilir”.

Ekspert qeyd edib ki, bizdə də uşaqların internetdən istifadəsində təhlükəsizliklə bağlı problemlər var, valideynlərin əksəriyyətinin evdə təhlükəsizlik tədbirləri görmək imkanları yetərli deyil, odur ki, qanun normal icra edildiyi halda bu qeyd olunan dəyişiklikləri müsbət qəbul etmək olar:

“Fikrimcə, problemin həlli istiqamətində daha liberal yanaşma götürülüb. Bununla belə qanunun icrası ilə bağlı ciddi suallar ortaya çıxır. Məsələn, görəsən provayderin filtrasiyası üçün əsaslar necə müəyyən olunacaq? Hər hansı saytda doğrudan da uşaqlar üçün təhlükəli informasiyalar olarasa, onu da qapatmaq olacaqmı, yoxsa söhbət yalnız pornoqrafik, ekstremist məzmunlu və bu tipli digər saytlardan gedir?. Ümumiyyətlə, sayt bağlanacaq, yoxsa konkret bir səhifənin bağlanması nəzərdə tutulur? Sosial media resurslarına qarşı münasibət necə olacaq ? Provayderlərin filtrasiya məqsədilə quraşdırdığı və xidmət göstərdiyi sistemin xərclərini kim ödəyəcək? Bu, internet qiymətlərinə də təsir edəcəkmi ?”.

Osman Gündüz hesab edir ki, qanunun icrası mexanizmləri hazırlanmazdan əvvəl maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkil edilməsi vacibdir:

“Artıq prezidentin sərəncamı ilə qanunun icrası istiqamətində Nazilər Kabinetinə tapşırıq da verilib. Güman ki, bundan sonra aidiyyatı qurumlar qanunun icrası ilə bağlı hökumətə təkliflər verəcək və bununla bağlı da qaydalar hazırlanacaq. Fikrimcə, qanunun icrası ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələrin keçirilməsi vacibdir. Əgər, internetin inkişafına xələl gətirməyən, kimlərinsə maraqlarına cavab verməyən internet resursların bağlanmasına imkan verməyən , hansısa xoşa gəlməyən saytları məhdudlaşdırmaq üçün süni surətdə “zəhmətkeş məktublarının” təşkilinə imkan verməyən qaydalar müəyyən olunarsa, uşaqların təhlüksəziliyinin qorunmasında bu dəyişikliklərin xeyli faydası olacaq”.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.