Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

15-11-2016 / 18:06

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.

Belə ki, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

Bununla yanaşı, Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdinin cinayət məsuliyyəti yaratması da təklif edilir.

Qeyd edilir ki, baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib.

Bu məsələlər ekspertlər arasında birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Bəziləri hesab edir ki, bu, Azərbaycanda internetin məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Xeberler.az olaraq bununla bağlı ekspertlərlə və xalqı təmsil edən millət vəkili ilə söhbət etdik.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili hesab edir ki, əslində yeni prinsiplər onlayn cinayətkarlığın dəyişən xarakterinə bir cavabdır.

O, prokurorluq orqanlarının cinayətkarlığın daha geniş spektrini təhlil etmək istəyinin çox yaxşı hal olduğunu düşünür:

“Sübutlar olduğu təqdirdə cavabdehin həm onlayn, həm də sosial davranışlarını tədqiq etmək imkanları yaranacaq. Saxta hesab sahibləri internetdən sui-istifadə edərək və anonim olaraq insanlara çox neqativ təsir edə bilirlər. Müxtəlif cinayətlər törədirlər. İnsanları təhqir və alçaltmaqdan tutmuş psixoloji zədə yetirməyə qədər fəaliyyətə yol verirlər. Bu zaman onlayn cinayətkarlar saxta profillərdən və ya saxta adlarla veb-saytlardan geniş istifadə edir, cəzasız qalır. İndi artıq cinayətlərin bu növünü araşdırmaq üçün prokurorluq orqanlarında yeni alətlər yaranacaq”.

Deputat xatırladıb ki, Facebook və Twitter kimi sosial media nəhəngləri profillərin əsl sahiblərinin adları haqda məlumat verən xüsusi vasitələri artıq istifadəyə verib:

“ Başqa ad altında və yanlış informasiya yaymaq məqsədilə açılan hesablar birdəfəlik bağlanır. Qeyd etmək istərdim ki, artıq dünyanın bir çox ölkələrdinə belə prinsiplər mövcuddur. Məsələn, bu il Böyük Britaniyada qəbul edilmiş yeni prinsiplərə görə nəinki sosial şəbəkələrdə saxta hesablarla cinayət törədənlər, həmçinin saxta veb-saytlar vasitəsilə insanların şəxsiyyət və ləyaqətini alçaldan və müxtəlif cinayətlərə səbəb olan istifadəçilər də məsuliyyətə cəlb olunur. Bu prinsiplərin qəbul olunmasının əsas məqsədi virtual məkanda da cinayətkarlıqla mübarizə apararaq azad fikirli insanların hüquqlarını qorumaqdır. Çünki Azərbaycanda internet tam azaddır və bu məkanda cinayətkarlara yer yoxdur”.

Media üzrə eskpert Azər Həsrət bu təkliflərə pozitiv yanaşır. O, hesab edir ki, əslində bu kimi qərarların verilməsində gecikmişik:

"Prezidentin hüquqlarını qorumaq və bunlara bənzər digər məsələlər konkret olaraq Ədliyyə Nazirliyinin qorumalı olduğu məsələlərdir. Azərbaycan qanunvericliyində qeyd edilən məqamlar öz əksini tapıb. Elə məsələnin belə çılpaq vəziyyətdə Milli Məclisə təqdim edilməsi zərurətdən irəli gəlir. Məlum olduğu kimi, Azərbaycanda kütləvi media azadlığı var. İstənilən şəxs istədiyi fikri sosial media üzərindən də yayımlayır və buna heç bir qadağa tətbiq edilməyib. Amma təəssüflər olsun ki, bir çox insanlar azadlığı özbaşınalıq kimi başa düşürlər, ona görə də əllərinə düşən bu imkandan sui-istifadə edir”.

Ekspert deyir ki, bəzən internet istifadəçiləri saxta adlar altında, bu və digər şəkildə özlərini gizlədərək prezidentin adına, şəxsinə, ailəsinə, yaxın ətrafına qarşı təhqiramiz fikirlər səsləndirir. O, hesab edir ki, bunun qarşısının alınması mütləq zəruridir:

"Bu məsələni biz də dəfələrlə müzakirə etmişik. Hətta dostlarla söhbət zamanı qeyd edirdik ki, prezident bu kimi məsələlərə həddindən artıq dözümlü yanaşır. Əslində, onun haqqı çatdır ki, bu dözümlüyə son versin. Bu gün prezident olaraq oun fəaliyyətinin tənqid olumasına heç bir qadağa tətbiq edilmir. Ümumiyyətlə, prezidentin hərəkətləri, gördüyü işlərlə bağlı tənqidi fikir söyləmək normaldır. Amma onun şəxsinə, ailəsi və yaxınlarına təhqiramiz fikirlər, karikaturalar yayımlanması, şəxsinə açıq şəkildə söyüşlər yolverilməzdir”.

Ekspert qeyd edib ki, vətəndaşların da belə təhqirlərdən qorunması üçün vahid qaydalar olmalıdır. Bu baxımdan Azər Həsrət belə təklifi müsbət qiymətləndirib:

"Dövlət də belə fikirləri yayan şəxslərlə bağlı tədbirlər görməlidir. Bu, yalnız prezidentə aid olmayacaq, həmçinin belə təhqirlərlə üzləşmiş digər vətəndaşların da hüququ qorunacaq. Məlum məsələdir ki, hələ bu təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq. Deputatlar, digər eskpertlər, ictimaiyyət də öz fikirlərini deyəcək. Təkliflərin daha təkmil formada təqdim edilməsi üçün hamı əlindən gələni edəcək”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli tam fərqli fikirdədir .

O məsələyə münasibət bildirərkən deyib ki, internet informasiya resursu ifadəsi o qədər genişdir ki, ora həm də sosial şəbəkələr daxildir və praktikada da istifadə edilib. Bununla bağlı məhkəmə qərarları da var.

Ələsgər Məmmədli məsələ ilə bağlı bəzi suallar qoyub: saxta profili kim və necə müəyyən edəcək? Saxta profil sahibi Bakıda yox, Nyu-yorkda oturub bunu edəcəksə, qanunvericiliyi dəyişən tərəflər bunu necə önləməyi düşünürlər?.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə görə CM 147 və 148-ci maddələrində nəzərdə tutulan məsuliyyətin işlədilməsi ancaq hüququ pozulan şəxsin xüsusi ittiham qaydasında mümkündür:

"Şəxs xüsusi ittiham qaydasında iddia qaldırmalı və təhqirin yaxud böhtanın olduğunu sübut etməlidir. 148-1 maddədə bunu kim edəcək? Vətəndaş profilin saxta olduğunu hansı vasitələrdən istifadə edib sübut edəcək?”.

Ekspert vurğulayıb ki, indi bu təklifi təqdim edənlər hökumət rəsmilərinin tez-tez səsləndirdikləri bir ifadəni: "Bizdə internet azaddır", - arqumentini onların əlindən alırlar:

“Artıq bu maddələrlə interneti azad və ya qismən azad ölkələr kateqoriyasından azad olmayan ölkələr kateqaoriyasına transfer edəcəyik”.

Ələsgər Məmmədli bu metodla saxta profildən yayılan təhqir və böhtanının qarısışını almağın mümkün olmayacağını düşünür:

“Çünki saxta profil açmağı məqsəd qoyan şəxslər, yəqin ki, onun bu tərəflərini hesabladıqları üçün saxtakarlığa gedirlər. Yəni ola bilər ki, həmin hesablar ölkə kənarından açılır, yaxud xüsusi brauzerlərdən istifadə edilərək, İP dəyişdirilərək açılır. Texniki olaraq bunun müəyyən edilməsi, demək olar ki, mümkün olmaya bilər. Geriyə bir ehtimal qalır: sosial şəbəkə aktivlərini kütləvi şəkildə "Bandotdel"də dindirərək" bütün "saxta profillərin" siyahısını "birinci əldən" əldə etmək. Yəqin ki, maddə qüvvəyə mindikdən sonra bu metodla tez-tez "saxta profillər" "ifşa olunacaq". Amma unutmayaq ki, ifşa olunanlar, sadəcə, saxta profillər olmayacaq...”. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.