Azərbaycan məktəbi üç yüz məktəb arasında ikinci oldu

23-09-2008 / 14:57

 2008-ci ilin fevral ayından etibarən Azərbaycanda ilk dəfə olaraq “İntel “ və “Trans  Telekom” (Rusiya) şirkətlərinin təşəbbüsü ilə letopisi.ru internet–təhsil layihəsi həyata keçirilir. Bu təhsil layihəsi internetdə ingilis, alman, fransız, ukrayna, qazax, rus və azərbaycan dillərində aparılır.

 Layihənin 1-ci mərhələsi qeydiyyata alınma mərhələsi idi. Buraya Rusiya Federasiyasının, Orta Asiya bölgəsi, Ukrayna, Estoniya və s. ölkələrin 1000-ə yaxın  təhsil ocaqı qeydiyyata alınıb. Azərbaycandan da 14 təhsil ocağı - Bakı Kompüter Kolleci,  Avropa liseyi, 23 saylı, 189 saylı, 7 saylı məktəb-liseyləri, Sumqayıt Şəhər Təbiət Təmayüllü Gimnaziyası və s. ilə birlikdə şəhid Ə.Əliyev adina 204 saylı orta məktəb özünün “Vibioki” (“viki” sözünün ortasına əlavə edilmiş “bio”, yəni biologiya fənninin müasir İKT ilə tədrisi anlamında qondarma bir söz) adlı komandası ilə qeydiyyata alınıb. Komandanın rəhbəri 204 saylı məktəbin biologiya müəlliməsi, “İntel - gələcək üçün təhsil” proqramının təlimçisi Almaz Həsrətdir.

 2-ci mərhələdə bir neçə yüz təhsil ocağı internetdə yaratdıqları layihə işlərinə və onların keyfiyyətinə ğörə seçilərək növbəti mərhələyə keçid alıblar. Növbəti mərhələyə, yəni final mərhələsinə diğər ölkələrin təhsil ocaqları ilə birgə Azərbaycandan da yalnız 204 saylı məktəb keçə bilib. Sevindirici haldır ki, 204 saylı məktəb finala vəsiqə qazanıb.

 3-cü mərhələ artıq seçilmiş 300 intellektual məktəb arasında keçirilən yarışma olub və 204 saylı məktəb bu mərhələdən də uğurla çıxmağı bacarıb. Belə ki, sonda, İntel və Trans Telekom şirkətlərinin təşəbbüsü ilə keçirilən letopisi.ru çərçivəsində “Məktəbin siması - 2008” təhsil layihəsində fəal iştirakına görə 204 saylı məktəb fəxri fərmana layiq görülüb. Bundan əlavə isə məktəb həm də letopisi.ru təhsil layihəsi çərçivəsində “300 intellektual məktəb” təşəbbüsünün liderləri internet estafetində 2-ci yer tutduğuna görə diplomla təltif olunub.

 Üstəlik, letopisi.ru çərçivəsində “Məktəbin siması - 2008” təhsil layihəsində məktəbi, şəhəri, Azərbaycanı layiqincə təmsil etdiyinə görə Vibioki komandasının rəhbəri Almaz Həsrət fəxri fərmanla təltif edilib. Həmçinin məktəbin şagirdləri - komandanın kapitanı Anar Həmid, üzvləri Aygün Bağır, Fərid Mikayılzadə və Orxan Rüstəm də Fəxri Fərmanla təltif olunub. Rusiyadan göndərilən fəxri fərmanlar 204 saylı məktəbdə keçirilən təntənəli mərasimdə sahiblərinə təqdim edilib. Bununla da 204 saylı məktəb və onun Vibioki komandası tədris ilinə uğurla başlayıb.

 Onu da əlavə edək ki, Almaz Həsrət fəal işi ilə əlaqədar olaraq həm də letopisi.ru-nun inzibatçısı təyin olunub. O, öz şagirdləri ilə birlikdə həm məktəb, həm də bütövlükdə Azərbaycan haqqında İnternet resurslarının zənginləşdirilməsi üçün durmadan çalışır. Eyni zamanda artıq iki ildir ki, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə məktəbin bu yöndə irəliləməsi üçün də əlindən gələni edir.

 23 sentyabr 2008


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə