Azərbaycan poçtunun yaranmasından 200 il ötür

09-10-2018 / 10:16

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı — Ümumdünya Poçt Günü kimi qeyd olunur.

Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə yaradılıb. Bu tarix 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan olunub.
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir. Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində müxtəlif formalarda qeyd edilir. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər. Bəzi poçtlar isə həmin gündə işçilərini yaxşı xidmətlərinə görə mükafatlandırır.

Azərbaycanın da 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ-yə üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti ÜPİ orqanlarındakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq ÜPİ-nin mötəbər orqanlarında — Administrativ Şurada 8 il, Poçt İstismarı Şurasında isə 4 il üzv-ölkə kimi fəaliyyət göstərib.

Azərbaycan poçt administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt” MMC-nin filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub. İnformasiyanı ötürmək üçün insanlar qədimdə tonqallardan, qasidlərdən, öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə ediblər. Azərbaycanda da yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi qədim zamanlardan bəri mövcud olub. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Müasir formada poçt isə XIX əsrin 1-ci qərinəsində bərqərar olur. Beləliklə, 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılır. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılır. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilir. Azərbaycanda poçtun dəmir yol nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

Bu gün isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti milli poçt operatoru kimi ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. Respublika üzrə poçt filial və şöbələrində əhalinin bütün təbəqələrinə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt, maliyyə xidmətləri göstərilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə