“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015 / 11:19

Müasir dünyada kiberhücumlar günün reallığına çevrilib. Əvvəlki dövrdən fərqli olaraq indi vəziyyət tamamilə dəyişib. Belə ki, əvvəllər kiber, informasiya hücumları daha çox həvəskar formada olurdusa, indi dövlətlərin özləri, ayrı-ayrı iqtisadi, siyasi, maliyyə qrupları kiber dəstələr hazırlayırlar. Çünki indi kiberqüvvələr bir növ hərbi müdafiə sisteminin tərkib hissəsinə çevrilib. Bu kontekstdən yanaşsaq, ekspertlər Azərbaycana qarşı gələcəkdə kiberhücumların artma ehtimalını proqnozlaşdırırlar.

"Multimedia"  Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ANS PRESS-ə deyib ki, indi Azərbaycanın inkişafını gözü götürməyən, beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan dövlətlər var. Belə olan halda, yəni kənar dövlətlərdən qısqanclıq çoxaldıqca kiberhücumların sayı artacaq. Bunlardan sığortalanmaq heç bir ölkəyə qismət olmur. Hətta ABŞ kimi inkişaf etmiş ölkələrin xüsusi xidmət orqanları, ciddi qorunan təşkilatları belə kiberhücumlara məruz qalır. Fərq ondan ibarətdir ki, bununla bağlı orada qabaqlayıcı tədbirlər görülür, normal kadrlar hazırlanılır, infrastruktur yaradılır.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda bu istiqamətdə müsbət addımlar atılıb. Belə ki, kiberhücumlarla bağlı dövlət və qeyri-dövlət sektoru bir-birindən ayrıldı və hərəsinin səlahiyyətli qurumu yaradıldı. Yəni dövlət sektoruna Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, qeyri-dövlət sektorunda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi cavab verir.

Hazırda dövlət orqanlarında bu qurum tərəfindən qanunvericiliyin tənzimlənməsi, yeni aktların qəbulu, infrastrukturun yaradılması, dövlət orqanlarının internet resurslarının qorunması ilə bağlı bir sıra addım atılır. Amma son dövrlərdə qoşunların təmas xəttində baş verən hadisələrin fonunda bir daha aydın oldu ki, kiberhücumlar çoxalanda yenə problemlər yaranır. Düşünürəm ki, aidiyyəti qurumlar profilaktik, qabaqlayıcı tədbirləri gücləndirməlidir. Yəni monitorinq sistemi yaradılmalı, dövlət orqanlarının informasiya resursları zaman-zaman yoxlanılmalı, nəticələri müzakirə olunmalı və bundan nəticə çıxarılmalıdır.

Forum prezidenti bildirib ki, Azərbaycan müharibə şəraitində olan ölkə olduğuna görə, kiberhücumlar dövlətin daim diqqətində olmalıdır. Yəni hərbi sahədə müdafiə qüvvələri gücləndirildiyi kimi, kiberhücumlara qarşı da tədbirlər artırılmalıdır. Hökumət bura yetərincə maliyyə ayırmalıdır, xəsislik etmək lazım deyil. Çünki bunun fəsadları daha böyük olur. Son dövrlərdə baş verən müharibələr göstərir ki, kiber, informasiya hücumların dağıdıcılığı heç də az olmur, əksinə, daha güclü olur. Ona görə, bu sahəyə xüsusi diqqət ayrılmalıdır.

O bildirib ki, bir çox xarici hökumət indi nəinki texnoloji cəhətdən, hətta sosial mediada müharibə aparmaq üçün qruplar yaradır ki, onlar düşmənləri ilə necə "vuruşacaq"lar. Bu, reallıqdır. Ona görə, kim bununla bağlı qabaqlayıcı tədbir görəcəksə, virtual sahədə güclü infrastruktur yaradacaqsa, o, qalib gələcək.

O.Gündüz vurğulayıb ki, Azərbaycan kiberhücumlara qarşı tədbir görməsi qaçılmazdır. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal olunub. Əlbəttə, sabah bu müharibə real olaraq başlayacaq. Məsələn, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna və başqa müharibələrin tarixi göstərir ki, informasiya, internet resursu ciddi əhəmiyyət daşıyan məsələdir. Gürcüstanda müharibə başlamadan bir gün əvvəl Rusiya gürcülərin bütün informasiya resurslarını dağıtdılar. Onlar heç nə edə bilmədilər.

Təbii ki, Azərbaycanın harasa kiberhücum edib dağıtmaq fikri yoxdur. Sadəcə bu sahədə strategiya olmalıdır və burada milli maraqlarımız nəzərə alınmalıdır, bu maraqların qorunması üçün tədbirlər görülməlidir.

Diqqətə çatdıraq ki, keçən il illə müqayisədə Azərbaycana olunan kiberhücumlar 30 faizədək artıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Elektron Təhlükəsizliyi Mərkəzinin mətbuata bildirdiyi kimi, saytlara hücumlar hər gün olur, bunun bəzisi uğurlu, bəzisi uğursuz alınır. Buna görə də hər bir resurs sistemini özü qorumalıdır. Kiberfəzada hücumlar olarkən bunun kimlər tərəfindən atıldığını birmənalı müəyyən etmək çətindir. Lakin keçirilən monitorinqlər zamanı edilən kiberhücumları müəyyən edirik. Ermənilər çox vaxt saytlara Çin ip-ləri ilə hücum edirlər.

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb. Saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə