Azərbaycanda alternativ mənbələrdən enerji necə alınır?-Müsahibə

27-12-2016 / 10:54

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin, onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır.

Məlum olduğu kimi, dünyanın əksər inkişaf etmiş ölkələrində günəş və külək enerjisi, kiçik SES-lər, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən geniş istifadə edilir. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla məhz alternativ enerji mənbələrinin payına düşür.

Azərbaycanda da son illər bu istiqamətdə dövlət səviyyəli müxtəlif addımlar atılır. Bunun nəticəsidir ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin  2013-cü il, fevralın 1-də  imzaladığı  fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.

Xeberler.az olaraq bu illər ərzində Azərbaycanda bu istiqamətdə görülən işlərlə maraqlandıq.

Görəsən, ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən necə istifadə edilir?. Ölkədə neçə formada ABOEM var və ən çox hansılardan fayda götürülür?. Ümumiyyətlə, bu sahədən enerjini necə əldə etmək olur?. Ölkəmizdə ABOEM-lə bağlı potensial varmı?

Bütün bunlarla bağlı  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikov ilə ətraflı söhbət etdik.

Cəmil Məlikovla müsahibəni təqdim edirik:

-Cəmil müəllim, elə ilk ondan başlayaq. Azərbaycanda neçə növ alternativ və bərpa olunan enerji növü var?

- Azərbaycanda hazırda 5 növ bərpa olunan enerji mənbəyindən istifadə olunur. Bunlardan ən geniş yayılanı Günəş enerjisidir. Məlum olduğu kimi, əraziyə düşən günəş enerjisi həmin ərazinin coğrafi enliyindən və hava şəratinin buludsuz, günəşli keçməsindən asılıdır. 38-42-ci paralellərin arasında yerləşən Azərbaycanın ərazisinin hər kvadrat metrinə düşən günəş enerjisi bu en dairəsində yerləşən digər ölkələrdəkinə -Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, ABŞ, Türkmənistan, Özbəkistan, Çin, Şomali Koreya, Yaponiyadakına yaxındır. Həmin ölkələrin bir çoxunda günəş enerjisindən istifadənin artıq böyük tarixçəsi vardır.

Azərbaycanda  il ərzindəki günəşli saatların miqdarı 2000-3000 saat təşkil edir ki, bu da yüksək göstəricidir və düşən günəş enerjisinin çox olmasına səbəb olan amillərdən biridir. Ən maraqlı göstəricilərdən biri də odur ki,  Azərbaycanın dağlıq əraziləri  çoxdur və həmin ərazilərdə  atmosfer kifayət qədər təmiz, şəffaf və çox zaman buludsuzdur. Ona görə də Azərbaycanın dağlıq ərazilərində də yer səthinə düşən günəş enerjisinin miqdarı da yüksəkdir. Ümumiyyətlə, Azərbaycanda il ərzində 1 m2 üfüqi səthə düşən günəş enerjisinin müqdarı 1200-1800 kVt*saat təşkil edir. Lakin bu enerjinin hamısını elektrik enerjisinə çevirmək qeyri-mümkündür. Ən müasir fotoelektrik panel və texnologiyalardan istifadə etsək, 1 kvadrat metrdən daha çox enerji əldə edə bilərik. Onların faydalı iş əmsalı 15-20% təşkil edir. Çevrilmə və ötürülmə zamanı digər labüd itkiləri də nəzərə alsaq, alınan real elektrik enerjisi düşən günəş enerjisindən 11-15% təşkil edir. Günəş panellərini müəyyən bucaq altında optimal meylləndirməklə alınan enerjinin miqdarını bir qədər artırmaq mümkündür. Eyni avadanlıqlarla Azərbaycanda günəş enerjisindən istehsal olunan elektrik enerjisi Rusiyadakından çox, Ərəbistandakından isə az olacaq.

-Bizim tanıdığımız Günəşdən sonra Külək enerjisidir. Rayonlara gedəndə yollarda  quraşdırılmış xeyli Günəş və Külək panelləri görürük.

- Bəli, haqlısınız. Son illər Azərbaycanda günəş və küləkdən istifadə genişlənir. Külək də  əsasən Abşeron yarımadasında, Abşeron yarımadasının dəniz ekvatoriyasındadır. Bu da onu göstərir ki,  külək enerjisindən az bir ərazidə yararlana bilərik və nəticədə biz burada əldə olunan enerjini Azərbaycanın uzaq güşələrinə, regionlarına daşımalıyıq. Daşınma zamanı enerji itkiləri kimi məsələlər də ortaya  çıxa bilər. Daha sonra  Azərbaycanda uzun illərdir  istifadə edilən hidroenerji potensialımız var.

-  Ən çox hansı bölgələrdə  hidroenerji potensalı var?

-Azərbaycanda çaylar çox məhduddur. Böyük çayların (Kür və digər) enerji potensialından illərlə istifadə edilib. Hazırda bölgələrdəki kiçik dağ çaylarının potensialından istifadə etməyə çalışırıq. Bunun üçün kiçik çayların üzərində enerji stansiyaları quraşdırırıq. Təxminən 12-13 faktiki stansiyanın  tikintisi planlaşdırılır.  Bəziləri  artıq realaşdırılıb. Nəzərdə tutduğumuz həmin ərazilərin abadlaşdırıldığı ərazilərdə su elektrik stansiyaları yaradılır. Əsasən Şəki, Balakən, İsmayıllı rayonlarında kiçik çaylar var. İndi diqqət həmin ərazilərə yönəlib. Gələcəkdə Quba, Göygöl və Daşkəsən rayolarının dağlıq ərzilərindəki çayların üzərində belə stansiyaların tikilməsi nəzərdə tutulur.

-Daha sonra hansı növ alternativ enerjilər var?

-Ölkəmizdə 4-cü biokütlə enerjisindən də istifadə edilir. Azərbaycan kənd təsərrüfatı ilə məşğul olan dövlət olduğuna görə bu sahədə kifayət qədər tullantılar əmələ gəlir. Ona  görə bu sahədə də böyük potensial var.  Məsələn, ən çox pambıq istehsalı zamanı belə tullantılar əmələ gəlir. Bu yaxınlarda Prezident İlham Əliyev ölkədə pambıqçılığın inkişafı ilə bağlı sərəncam imzaladı. Artıq tut ağaclarının sayı  artır. Baramdan  qalan tullantılarla da kifayət qədər enerji əldə də bilərik. O cümlədəm tarlalarda qalan samandan da kifayət qədər enerji götürmək olar.  Ən böyük enerji potensialı olan biokütlələr-pambıq kollarından qalan qalıqlar, saman və konserva zavodlarında qalan tullantılardır. Heyvandarlıq tulantılarının qaza çevrilib enerji əldə olunması da biokütlə enerjisi siyahısındadır. Əslində, bu gün ucqar kəndlərdə əhali evləri, məktəbləri isitmək üçün bioenerjidən kömür istehsal edir. Bu israfçılıq olsa da, biokütlə enerjisi sayılır.

-Cəmil müəllim,  maraqlıdır bu tip  enerjinin istehsalı prosesi necə baş verir? Məsələn, Günəş panellərindən necə enerji alınır?. Həmin  texnologiyalar necə quraşdırılır və əldə edilən enerji harada toplanır?

-Günəş texnologiyasının müsbət xüsusiyyəti odur ki, bu stansiyanı ən kiçik güc məbləğindən bir şəhərin enerjisini təmin etmək üçün istifadə olunur. Günəş panelləri ərazidə olan stansiyalara birləşdirilir. Yəni, siz yolların qırağında  yalnız panelləri görürsünüz, lakin onlar enerji ilə stansiyalara quraşdırılıb.  Günəş panelləri və digər alternativ enerji əldə edilən mənbələrin yerləşdiyi ərazilərə yaxın stansiyalar tikilir. Günəşdə gələn enerji panellərin  bateriyasında toplanır. Buna  Günəş panelləri bateriyası deyilir. Günəşdən gələn həmin şüalar  xüsusi avadanlıqlarla transformatrlara qoşulur. Bu prosesdə iki formada cərayan olur- dəyişən və daimi cərəyan. Günəşdən gələn enerji daimi enerjidir. Onu birbaşa şəbəkəyə vermək olmaz. Ona görə bu enerjini  dəyişən cərəyana çevirmək lazımdır. Stansiyalarda xüsusi  invertorlar var ki, daimi günəş panellərindən gələn enerjini dəyişən cərəyana çevirir. Xüsusi qurğular var ki, onlara  4 voltluq enerjini verib 3 fazalıq enerji alırsan. Gərginliyi transformatr ilə şəbəkəyə verisən. Yəni, bu prosesin öz xüsusi texnologiyası var.

-Hər bir yeni panel quraşdırılanda stansiya tikilir, ya həmin panelləri də əvvəlki stansiyalara quraşdırmaq olur?. Bəzi ərazilərdə panellərin sayı az, bəzilərində isə lap çoxdur. Bu yaxınlarda Qobustanda olanda çox sayda Günəş panelləri gördük.

-Biz panelləri qururuq və onları artan enerji ilə çoxaldırıq.Yeni panellərini qoşmaq üçün transformator qurulmalı, qurğular qoyulmalıdır. Biz ərazilərə uyğun olaraq belə transformatorlar quraşdırırıq. Təbii ki, bu əraziyə görə dəyişir. Məsələn, 1000 kilovatlıq, böyük ərazidə 2 min kilovatlıq, sonra 100 kilovatlıq və 800 kilovatlıq transformator quraşdırılıb. Bəziləri köhnə transformatora qoşulub, həmin ərazidə yarımstansiya hissəsi tikilib. Götürək Qobustanı, orada minlərlə panel düzülüb, hansi ki  gücü 3-4 min kilovatlıqdır.Ona görə də həmin əraziyə yaxın  ən az 4 min kilovata qədər gücü olan günəş stansiyası quraşdırılmalıdır.

- Cəmil müəllim, bu kimi texnologiyaları xaricdən alırsınız, ya Azərbaycanda istehsal olunur?

- Qeyd edim ki, 2012-ci ildən başlayaraq bu məhsullar ölkəmizdə istehsal olunur. Günəş panelləri Sumqayıtda Azguntex zavounda istehsal olunur.  Həmin zavod dünyanın ən yüksək səviyyəli sertifikatlarına malikdir. Keyfiyyətli və yüksək standartlara  uyğunlaşdırılıb. Bun görə də  Azərbaycanda piroritetliyi daha da çoxalır.

- Sadaladığınız alternativlər hesabına ildə nə qədər enerji götürürsünüz?

- İldə təqribən 1 milyard 5 milyon saat bərpa olunan enerji mənbələrinin hesabına enerji istehsal olunur. Onun 93 faizi hidroenerji hesabındır.Təqribən 7 faizi küləkdir, qalanı isə bioenergetika və günəş hesabına olur.

- Görünür, ən çox nəzərdə olan Günəş enerjisindən çox az enerji alınır

- Bəli, diqqət etdiyiniz kimi, ən çox hidroenergitkadan enerji əldə edilir. Bunu  da uzun tarixi var. Məlum olduğu kimi, 1950-ci illərdən Mingəçevir Su- elektrik stansiyasından başlaraq böyük hidroenergetika stansiyaları tikilib. Bununla yanaşı, Azərbaycanda kiçik miqyaslı mikro stansiyalar da  mövcuddur. Bu stansiyaların hamısının istehsal etdiyi enerji bu gün bərpa olunan enerji mənbələrinin təqribən 93 fazini təşkil edir. Nəzərə alsaq ki, ümumi enerji istehsalının təqribən 8 faizi bərpa olunan enerji mənbələrinin hesabınadır, yerdə qalan 92 faizin istilik elektrik stansiyalarının hesabına istehsal olunur. Bu  8 faiz ildən- ildə artacağı, 2020-ci ildə 25 faizə çatacağı gözlənilir.

-Cəmil müəllim, vətəndaşlar üçün bu enerji mənbələrindən istifadədə lisenziya məsələsi necə tənzimlənir?. Məsələn, Günəş panellərini alıb öz evimin üzərində quraşıdırıb,  enerji ala bilərəmmi? Bunun üçün lisenziya tələb edilirmi?

-Bu prosesdə iki məsələyə diqqət etmək lazımdır. Əgər siz panelləri alıb, öz evinizin üzərində qurub, avtonom şəkildə enerji alır və bu enerjidən yalnız öz evinizin enerji təminatı üçün istifadə edirsinizsə, bu zaman sizdən lisenziya tələb edilmir. Yəni, siz panelləri şəbəkəyə qoşmursunuz.  Əgər panelləri quraşdırıb, şəbəkəyə qoşmaq istəyirsinizsə, onun üçü lisenziya lazımdır. Çünki bu zaman siz kommersiya fəaliyyəti ilə məşğul olursunuz, enerjini başqa yerlərə satırsınız. Bu fəaliyyət üçün Agentliyimizə müraciət edib, lisenziya alınmalıdır. Bu proses də “Elektron hökumət” üzərindən aparılır. Portal üzərindən bizə lisenziya üçün müraciət etmək olar.  Qeyd edim ki,  belə lisenziyalar  əhali üçün yox, müəssisələr və şirkətlərə verilir.

-Məlum olduğu kimi, bu sahə ölkəmizdə yenidir. Bu növ enerjinin satışında artıq müəyyən tariflər  formalaşdırılıbmı?. Bu tariflər necə müəyyən edilib?. Bəzən eşidirik ki, xarici investorlar Azərbaycanda bu sahə ilə maraqlanır, amma tarif məsələsində problemlə qarşılaşır...

-Tarif qanunvericiliyində külək və kiçik su elektrik stansiyaları üçün tariflər  müəyyən edilib. Təəssüf ki, hələlik Günəş, bioqaz, bioenerji üçün vahid tariflər yoxdur. Bu növ enerjinin  tarifləri ümumi tariflərlə formalaşır.Çalışırıq ki, bu tariflər dövlətin subsidiyaları hesabına istehsalçıların investisiyalarına yardım edək.

-Bu qiymətlər istilik elektrikin qiymətindən bahadır, ya ucuz?

-ABEOM-in qiymət istiliklə müqayisədə bahadır. Məsələn, Külək enerjisinin qiyməti  4. 5 qəpikdir. Bu da istilik elektrikdən 0, 2 qəpik bahadır.  Bu qiymət  paylayıcı şəbəkə ilə istehsalçı arasında tənzimlənir. Yəni, əhali üçün  qiymətin baha və ucuz olmağı  görünmür. Çünki alternativ enerji də istilik elektriki ilə birgə satılır.

-Agentlik bu növ enerjini kimə satır?. Alternativ enerjini birbaşa olaraq müştərilərə satmaq mümkündürmü?

 -Biz enerjini Azərbaycanda enerji satışı ilə  məşğul olan Azərişıq ASC-yə satırıq. Hazırda ölkədə əhalini enerji ilə təmin edən qurum Azərişıqdır. Bəli, əslində öz enerjimizi hansısa bir başqa qiymətlə müəssisəyə və böyük zavoda sata bilərik. Bu zaman biz Azərişığa yalnız tranzit haqqını ödəməliyik. Çünki enerjini onların xəti ilə verəcəyik. Qanunvercilik buna da imkan verir. Lakin bizim hələlik o formada fəaliyyətə ehtiyacımız yoxdur.

-Bu sahədə hansı beynəlxalq qurum və ya  şirkətlərlə əməkdaşlıq edirsiniz?

-Bu gün bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək üçün  ən vacib olan  beynəlxalq maliyyə qurumlarıdır. Onlar da bizə böyük stansiyaların layihələndirməsi, texniki əsaslarda hazırlanmasında xüsusi ekspert dəstləri ilə kömək edir. Hazırda bu sahədə Almaniyanın Kayfer bankı, Asiya inkişaf  bankı ilə birgə   külək,  Günəş, həm də bioenergetika sahəsində böyük layihənin üzərində işləyirik. Almaniya mütəxəssisləri  ilə külək, günəş stansiyalarırının quraşdırılması iqtisadi-texniki  stansiyaların quraşdırılması, Asiya İnkişaf Bankı ilə isə  bir neçə bioenerji stansiyalarının quraşdırılmasında əməkdaşlıq edirik. Texniki iqtisadi əsaslandırmaların nəticəsində artıq müəyyən olunacaq ki, bizə nə qədər vəsait lazımdır, neçə il ərzində investisiya geri qayıda bilər, nə qədər tariflər müəyyən etməli və sair . Qeyd edim ki, həmin qurumlar kreditlərini də bu sahəyə ayırmağa razıdır.

- Bu sahədən  əldə edilən gəlirlər necədir?. Ümumiyyətlə, ABEOM-dan  necə gəlir götürülür, bunun mexanizmi necədir?

-Maraqlı məqama toxundunuz. Bu sahədə həddindən artıq gəlir götürmək mümkündür. Bu gün 1 kilovat saat elektrik enerjisini  istehsalına çəkilən xərclər təqribən 1 qəpikdir. Ən baha da küləkdir. Günəşdə, 0.2 qəpikdir. Yəni, 1 qəpik enerjiyə alınması üçün xərclənir. Stansiyanın saxlama xərcləri budur.Və buradan götürdüyünüz enerjini 4 qəpiyə  satırsınız. Deməli 1 qəpik xərcin var, 3 qəpik gəlir  götürürsən. İndi sualınız yaranacaq ki, niyə insanlara bu istehsala üz  tutmur?. Çünki  bu sahədə ilkin kapital qoyluşu çox yüksəkdir. 1 qəpiyi qoyub qazanmaq üçün hardasa 100 AZN kapital qoymaq lazım gəlir. Stansiyanı tikmək, avadanlıqlar almaq,  quraşdırmaq, onun şəbəkəsini yaratmaq, yarımstansiyalar kifayət qədər çox pul tələb edir. Bu gün ora 1 qəpik xərcləyib, 4 qəpik qazanmaq üçün  bu gəlirlərin qarşısında böyük investisiya qoymaq çətindir. Çünki sən 1 meqavat stansiyanın tikilməsi üçün təqribən 2 milyon avro vəsait yatırmalısan, ancaq ildə ondan  nəticə olaraq 200 min avro qazanacaqsan. 200 mini  isə 10 ilə qaytaracaqsan.  Bu  10 ilə də  devalvasiya və digər məqamlar olar bilər ki, bu geri  qayıtmasın. Amma ondan sonrakı 10 ildə yenə bu, sənə gəlir gətirəcək. Habelə insanlar  baxır ki, bunun  yerinə gedib şadlıq evi tiksə, 2 ildən sonra buraya yatırdığı investisiyanı geri qaytara bilər.

-Görünür, hazırda məqsəd və problem bundan ibarətdir ki, niyə investisiyalar bu sahəyə yönəldirilmir? . Sizin müşahidələrinizə görə, problem nədədir?

- Bu gün Azərbaycanda elə bir kapital yoxdur ki, onu uzunmüddətli bir investisiyaya yönləndirmək olsun. Bunun üçün xüsusi investisiya mühiti, qiymətli kağızlar bazarı, uzunmüddətli maliyyə resursları formalaşmalıdır. Bunlar əmələ gələndən sonra Azərbaycanda bu sahə də inkişaf edib, tam  formalaşacaq. Nəzərə alın ki, Avropada kreditlərin  faizi 1-dən aşağıdır. Azərbaycanda  isə 20 faizdən  yuxarıdır. Bizdə likvitlik kapitalı çox azdır. Bunu da anlamaq olur.  Ölkə yeni-yeni kapitallaşır, investorlar  əmələ gəlir. Hələ yenicə biznesmenlərin kapitalı artır. Bu kimi sahələrin genişləndirməsi  və tez artımını əldə etmək üçün daha çox şərait yaradılmalıdır. Məsələn, bu baxımdan  almanlar öz pullarını götürüb uzunmüddətli investisiya qoyur  və düşünür ki, o, bunun yerinə 5 ev tiksə, məlum deyil ki, o evi sata biləcək, ya yox. Düşünür ki, bəlkə  gələn il buna imkanı olmayacaq. Ona görə də bu kapitalı qoyur Günəş enerjisinə ki, sonrakı 10 ildə də ona gəlir gətirsin.  Bu,  investisiya baxımından fərqli fəlsəfədir. Avropa və Amerika uzunmüddətli investisiyaların arxasınca qaçır, yeni inkişaf etmiş ölkələr isə tez geri qaytarılan investisiyaların...

-Bir məsələ də var ki, artıq əhali istilik elektrikdən istifadəyə alışıb. Yəqin ki, bu sual vətəndaşları da düşündürür ki, indiki məqamda bu yeniliyə getmək nə dərəcədə lazımlıdır?

-Bu sahə yeni bir sahədir. Hər bir yeni sahə də mövcud sahənin içində yenidir.  Bəli, belə götürəndə indi insanların evlərində işığı, qazı var. Biz də bu  varlığın içində deyirik ki, belə bir enerjini başqa yollarla əldə edək. Bunun  ilk növbədə insanların mentalitetinə böyük təsiri olur. Və belə bir sual yaranır ki, bu gün yeniliyə  getmək lazımdır, ya yox? . Əlbəttə lazımdır.  İlk növbədə bərpa olunan enerji mənbələri ölkənin iqtisadi və texnoloji inkişafını təmin edən  bir sahədir . Bu gün məcburuq ki, köhnə qurğularla enerji istehsal edək. Artıq zaman keçdikçə yeni qurğuların  istifadəsinə ehtiyac yaranır, bu da o deməkdir ki, yeni mühəndislik, mütəxəssislər ali məktəbi əmələ gəlir. Bu sahə də getdikcə özünə bir infrastruktur yaradır. Bu da hamıya bəhrə verir. Məlum olduğu kimi, bu gün istifadə etdiyimiz   köhnə texnologiyalar  xaricdə istehsal olunub və o avadanlıqları da Azərbaycana xarici mütəxəssislər gətirib quraşdırır, biz onun yalnız istismarı ilə məşğuluq.  Hər hansı avadanlıqda problem olarsa, xaricdən mütəxəssis gətirmək məcburiyyətindəyik. Bu avadanlıqların istehsalı, təkmilləşdirilməsində, texnoloji inkişafında Azərbaycanın özü iştirak edə bilmir. 

Və belə bir məqamda bərpa olunan enerji mənbələrindən istifadə edəndə isə məcburən özümüzdə bu  istehsalı yaradırıq. Qeyd etdiyim kimi,  2012-ci ildən Azərbaycanda həm günəş kollektorları, digər bir müəssisədə isə  isti suyun alınması üçün digər qurğular istehsal olunur. Günəş elektrik enerjisinin istehsal olunması üçün panellər istehsal olunur. Bioqaz qurğuları istehsal olunur və s. Xırda külək qurğularını, böyük sənaye qurğularını da  Azərbaycanda istehsal etmək olar. Amma  bu gün biz bu fəaliyyəti həyata keçirə bilmirik. Ona görə ki, bu sənayeni quracaqsan, amma satmağa bazarın olmayacaq. Sənayeni qurdunsa,  gərək onun istehsalını harasa çıxardasan. Bu gün dünyada bu sahədə rəqabət həddindən artıq  yüksəkdir. Çin, Avropa tərəfindən bu sahəyə maraq böyükdür. Bizim bu sahədə daxili bazarımız formalaşmayıb.  Əgər daxili bazarımız yoxdursa, beynəlxalq bazar üçün energetika sahəsində xarici bazar yaratmaq həddindən artıq çətindir. Dünyadakı bu  üstünlükləri  görəndə, baxırsan ki, bu sahəni ölkəmizdə inkişaf etdirmək Azərbaycanın makro iqtisadiyyatının artımı, insanların təfəkkürünü formalaşdırmaq, yeni texnologiyalara yiyələməkləri kimi məsələrdə böyük töhfələr var.

-Hazırda bu istiqamətdə hansı  addımları atılır?. İctimaiyyəti bu sahə ilə bağlı  maarifləndirmək üçün nələr edirsiniz? 

-Biz bu sahədə müxtəlif işlər həyata keçiririk. Bu yaxınlarda Azərbaycanda qlobal forum  da keçirildi. Ancaq bu intelektual potensialın daha da artması,  innovasiyaların köməyi ilə bu sahədən istifadəyə nail olmaq çətindir və hətta qeyri-mümkündür. Burada digər alətlərdən də istifadə olunmalıdır. İlk növbədə dövlətin stimulaşdırıcı addımları olmalıdır. Hər bir ölkədə bu sahənin inkişafı üçün müxtəlif stimulaşdırıcı alətlərdən istifadə edilir. Bu, əsasən yüksək tariflərin verilməsidir. Məsələn, Almaniyada  bu sahədə də dünyanın ən öndə gedən ölkəsidir. Onlar yalnız evlərin üstündə  qurulan günəş panellərinin hesabına hərdən elə yaranır ki, Almaniyada enerji istehsalçıları istehlakçılarına pul ödəyir. Yəni, indi elədir ki, siz enerjidən istifadə üçün pul ödəyirsiniz. Amma Almaniyada sizə pul  ödəyirlər ki, həmin enerjidən istifadə edəsiniz. Orada  elə vəziyyət yaranır ki, bir neçə gün ərzində,  günəşli günlərdə onların enerji istehsalı o qədər artır ki, istifadə etmək üçün insanları həvəsləndirirlər. Deyirlər ki, bu gün istifadə et, biz sizə ödəniş edəcəyik. Məqsəd bu sahəni populyarlaşdırmaq deyil. Sadəcə  günəşli havada çox enerji  əldə edirlər və enerji sistem bunu həzm edə bilmir. Məcburən  yeni addımlar atmalıdır. Onlar da bu işə insanları cəlb edirlər ki,  enerjidən daha çox istifadə etsinlər.

-Dövlət dəstəyi demişkən, Azərbaycanda da bir neçə il əvvəl  bununla bağlı  dövlət proqramı qəbul edilmişdi. Bu illər ərzində nələrə nail oldunuz, hazırda yeni proqrama ehtiyac varmı?

-Bəli, 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı bu sahənin inkişafına böyük təkan  verdi. Dövlət proqramına əsasən bu sahənin ümumi baxışları, kadr potensialının artımı, potensialların qiymətləndirilməsi, istiqamətlərin seçilməsi kimi məsələrdə xeyli işlər görüldü. Proqramda  ümumi bir sahənin inkişafını təmin edən, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi kimi  işlərin əksəriyyəti artıq öz həllini tapıb. Artıq bu istiqamətlər verilib, müəyyən işlər görülüb. Ona görə əlbəttə yeni dövlət proqramının qəbul edilməsi gündəmə gəlib. Belə bir təkliflə də biz müraciət etmişik. İstənilən halda bir Dövlət Proqramının əmələ gəlməsindən öncə dövlətin bir stratergiyası, planları formalaşır,  sonra bu proqram reallaşır. Bunların hazırlanması üçün 2011-ci ildə dekabrın 29-da möhtərəm Prezident İlham Əliyev sərəncam imzalandı ki, 2012-2020-ci illəri əhatə edən bir stratergiya hazırlansın və dövlətə təqdim edilsin. O stratergiyanın  hazırlanması üzərində işləyirik, artıq  başa çatmaq üzrədir. Üzərində yekun  düzəlişlər, təkliflər edilir. Yaxın zamanlarda imzalanıb, dövlətə təqdim ediləcək.

-Cəmil bəy,hazırda bu sahəyə yerli investor marağı varmı?

-  ABEOM-a yerli investisiya  marağı demək olar ki, yoxdur. Bu məsələdə  investorları da qınamaq düz deyil. Onlar çalışılar ki, kapitallarını artırsın. Düşünürlər ki, kapitalı da küləyə qoyub 10 ilə  qaytamaqdansa, binaya qoyub 2-3 ilə qaytara bilərlər.  Bu sahənin inkişaf etdirmək üçün ilk növbədə dövlətin maliyyə dəstəyi, 2-ci beynəlxalq qurumların dəstəyi güclənməlidir. Üçüncüsü  isə elə bir şərait formalaşmalıdır ki, bu mənbələrdən yararlanmaq olsun. İqtisadiyyatın elə tələbləri var ki,  bərpa olunan enerji mənbələrindən mütləq yararlanmalısan.

-Bu sahədə kadr potensialı formalaşdıra bilibsinizmi? Yoxsa, xarici mütəxəssislərin əməyindən faydalanırsınız?

-Hazırda Dövlət Agentliyi 5 ildən artıqdır fəaliyyət göstərir və bu  illərdə biz artıq kifayət qədər güclü öz kadr potensialımızı formalaşdırmışıq. Azərbaycanda artıq elə şirkətlər var ki, günəş panellərini tikə , quraşdıra,  şəbəkəyə qoşa, istismarını, xidmətlərini təmin edə bilir. Yəni,  bu xidmətlər artıq ölkəmizdə formalaşıb. Külək enerjisinin istismarı ilə məşğul olan qurumlar və mütəxəssislərimiz var. Ancaq, əlbəttə, elə məqamlar var ki, onun həyata keçirilməsində məcburuq ki, xarici ekspertləri cəlb edək. Bu tək Azərbaycana  xas olan xüsusiyyət deyil.  Elə xüsusi mütəxəssislər var ki, onlar təmir və sazlama işlərini həyata  keçirir. Elə bir qurğular var ki, onların sazlanmasını biz həyata keçirə bilmirik. Bəli, xarici mütəxəssislərin təcrübəsindən istifadə edirik. Həmin ekspertlərdən də tələb odur ki, bizim mütəxəssislərimizi öz yanında gəzdirsin, təlim keçsin və gördüyü işləri ona başa salsın. Daha sonra həmin mütəxəssislərdən dərs almış işçilərin bəzilərinə sertifikat da verilir ki, onlar xarici ekspertlərdən xüsusi təlim alıblar. O kursların nəticəsində beynəlxalq standartala uyğun icazəsi olur ki, hansı işləri görə bilərlər. Onlardan  tələbimiz odur ki, bildiklərini işçilərlə mütləq paylaşsınlar.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə