Azərbaycanda bank xidmətləri ilə bağlı faizlər niyə çox yüksəkdir?-Ekspert rəyləri

13-07-2016 / 12:46

Uzun illərdir ki, Azərbaycanda banklararası "interchange" deyilən xidmət haqqının yüksək olması  vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanır.

Ekpertlər də hesab edir ki, Azərbaycanda internet üzərindən bank kartları ilə ödəmələrin aşağı olmasının səbəblərindən biri də ölkə daxilində banklararası "interchange" xidmət haqqının yüksək olmasıdır.

Belə ki, kartla ödəniş edərkən ödənişi qəbul edən bankın ödənişin həyata keçirildiyi kartın bankına ödədiyi xərcin yüksək  təyin edilməsi banklardan istifadə edən vətəndaşlar üçün əlavə  problemlər və əlavə xərc yaradır.

Həmçinin müştərisi oluğunuz bank kartı ilə digər bankın bankomatından nağd pul götürəndə də banklar  bu xidmətə görə faiz tutur.

Qeyd edək ki, əvvəllər bu xidmət haqqı Visa və MasterCard tərəfindən müəyyən edilirdisə, indi Mərkəzi Bankın yeni istifadəyə verdiyi “pre-prosesing”ə görə, ölkə daxilində müəyyən olunur.

Faizin məbləği isə digər ölkələrlə müqayisədə Azərbaycan banklarında 3 dəfə çoxdur. Bir çox ölkədə bu faiz 0, 3 olduğu halda Azərbaycanda 1,5 fazidir. Məsələn, Gürcüstan və Bosniya kimi ölkələrdə müştərisi olduğunuz bankdan digəri ilə  onlayn ödəmə edəndə xidmət haqqı 0,5%-dir.

Bu faizlərin ölkəmizdəki banklar tərəfindən yüksək təyin edilməsi  dəfələrlə müzakirə edilsə də, görünən odur ki, indiyədək bu istiqamətdə müsbətə doğru dəyişən addımlar atılmayıb.

Belə ki, ötən gün Azərbaycanda tanınmış GoldePay şirkəti və onlayn ödəniş portalı Hesab.az-ın  sahibi Fərid İsmayılzadə problemlə bağlı Mərkəzi Banka müraciət ünvanlayıb.

Fərid İsmayılzadə dünya təcrübəsinə dayanaraq qeyd edib ki, internet üzərindən bank kartları ilə ödəmələrin həcminin aşağı olmasının səbəblərindən biri də ölkə daxilində banklararası xidmət haqqının yüksək olmasıdır.

Onun sözlərinə görə, aşağı “interchange” rəqəmləri ilə hər kəsə gəlirli, əhaliyə isə komissiyasız olan hamının qazanacağı bir sistem yaratmaq olar.

Xeberler.az olaraq bir daha bu mövzunu  gündəmə gətirmək qərarına gəldik ki, uzun illərdir əhalinin narazılığına səbəb olan xidmət faizləri niyə hələ də tənzimlənməyib?

Məsələ ilə bağlı ekspertlərlə söhbət etdik.

Bank mütəxəssisi Rauf Ağayev Xeberler.az-a bildirib ki, bu problem ölkədə uzun illərdir var  və hələ də bu istiqamətdə ciddi addımlar atılmır:

“Məlumdur ki, hazırda Azərbaycanda bir  bank kartı ilə digər bankomatdan pul çıxaranda faiz tutulur. Amma bu xidmət üçün faiz çox yüksək müyyən edilib. Bununla bağlı bir hadisə olmuşdu. Belə ki, Azərbaycanda təhsil alan türkiyəli tələbəyə 50 dollar göndərilmişdi. Həmin tələbə də Bakıda  bir neçə dəfə həmin kartdan istifadə etməklə müxtəlif bankomatlardan pul çıxarıb. Hər dəfə də ondan faiz tutulub, sonra o baxıb ki , kartında 50 dollar yerinə hardasa  30 dollar qalıb. Tələbə bununla bağlı Türkiyə səfirliyinə müraciət etmişdi. Az qala bu hadisə beynəlxalq skandala səbəb olacaqdı. Sonra aydınlaşdı ki, Azərbaycanda əslində bu, belədir. Yəni, uzun vaxtdır ki, bu problem ölkədə mövcuddur”.

Mütəxəssis deyir ki, banklar arasında belə  bir söhbət var ki, sözü bir yerə qoyub bu faiz məsələsini aradan qaldıra bilərlər. Lakin Rauf Ağayev bu təklifə  pozitiv yanaşmır:

“Əslində belə bir fikir var idi ki, banklar hamısı razılığa gəlib  faiz tutmayacaq. Amma bu,  inandırcı deyil.  Çünki onlar söz də versələr də, buna əməl edə bilməzlər. Məsələn, hər hansı bir bank öz bankomatını nəğd pulla doldurur və  müxtəlif bankın müştəriləri də digər banklardan pul çəkir. Beləliklə, banklar arasında xoş münasibət yaranır.  Amma sonra ola bilir ki, hansısa bank bankomata  pul qoymur və gecikdirir.  Hətta burada  bir, iki saat gecikmə də olarsa, başqa bankın  nağd vəsaitlərinə zərbə olur. Yəni, digər bankdan çəkiləcək pul əvəzinə  vətəndaşlar gedib başqa bankdan çəkir. Bu zaman  həmin bank nağd vəsaitini itirir. Ona görə bu halın yaşanmaması üçün  gərək o qədər dəqiq iş qurulsun ki, riyazi dəqiqliklə, avtomatik şəkildə olmaqla yüksək səviyyədə nəzarət təşkil edilsin ki, banklar faiz olmadan anlaşa bilsinlər. Əks halda onlar dildə razılaşsalar da, belə problemlə qarşılanda ciddi problemlər yaşanacaq. Həm də məlumdur ki, indiki  vaxtda da nağd vəsait tapmaq çətindir. Mərkəzi bank manatın qiymətinin aşağı düşməməsi üçün nağd vəsaitlərini azaltdı. Ümumiyyətlə, hər bir bankın özü də müştərisindən nağdlaşdırmaya görə faiz tutur. Amma dünyada bu, 0.3, 0.5 faizdirsə bizdə 3 qat artıqdır. Ona görə də fazilər aşağı salınıb, daha insafla yenidən təyin edilməlidir. Bizdə tariflər müştərini soymaq üzərində qurulub. Dünyanın heç bir yerində belə bir bank sistemi yoxdur”.

Bank mütəxəssisi bu problemin həlli üçün təkliflərini də verib:

 “Məlumatınız olduğu kimi, Mərkəzi Bankın tərkibində Nəzarət Palatası yaradılıb. Bankın  əsas  funksiyaları da bu Palataya  verilib. Bütün bu işləri onlar tənzimləyə bilər.  Bankların  təyin etdiyi faizlərə yenidən baxımlı, tariflər yenidən təyin edilməlidir”.

İqtisadçı alim Vüqar Bayramov  məsələyə münasibət bildirərkən deyib ki, nəinki  “interchange”, praktiki olaraq Azərbaycan banklarında  kifayət qədər bahalı xidmətlər təklif edilir.

 “Bankların xidmətləri ilə bağlı faizlər çox yüksəkdir.  Mərkəzi Bank kreditlər üzrə faizlərin tənzimlənməsini həyata keçirsə də belə, banklarda xidmətlər üzrə tariflərin tənzimlənməsinə diqqət etmir. Bunu da onunla əlaqələndirir ki, banklar müstəqildir və  müstəqil olduqları üçün  də  xidmət faizləri ilə bağlı banklara müdaxilə edə bilməz. Amma reallıq ondan ibarətdir ki,  əgər xidmət haqqı kifayət qədər yüksək müəyyənləşdirilirsə,  bu artıq süni şəkildə qiymət artımı deməkdir. Bu təbii ki, istehlakçıların hüquqlarını pozmaqla yanaşı, onlar üçün əlavə problemlər yaradır”.

İqtisadçı bunun səbəbini banklar arasında rəqabətin olmaması ilə əlaqələndirib:

“Xidmətlərin yüksək olması bank sektorunda rəqabətin olmaması ilə əlaqəlidir. Bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var ki, banklar bir-biriləri ilə rəqabət apararaq daha ucuz xidmət təklif etsinlər. Rəqabət zəif olduğuna görə banklar çalışırlar ki, daha çox gəlir əldə etsinlər. Nəticə etibariylə də yüksək qiymətlər müəyyənləşdirirlər. Bu da vətəndaşlar,  bank xidmətlərdindən istifadə edənlər üçün əlavə xərc deməkdir”.

Ekspert problemin çıxış yolu  kimi xidmətlərlə bağlı tariflərin müəyyən maksimum həddinin təyin edilməsinin olduğunu deyib:

“Mərkəzi Bank bu xidmətlər üçün maksimum həddi müəyyən etməlidir. Tariflərin tənzimlənməsi banklar tərəfindən yüksək xidmətlərin müəyyənləşməsinin qarşısını alacaq. Hazırda qeyd etdiyiniz kimi də bank xidmətlərində faiz  yüksəkdir. Ona görə də birmənalı şəkildə Mərkəzi Bankın bu məsələyə  müdaxilə edib,  tariflərin yenidən maksimum həddə müəyyənləşdirməsinə ehtiyac var”.

Fazilərin yüksək olma səbəbini banklardan da öyrənməyə çalışdıq.

Bir neçə bank Xeberler.az-a bildirib ki, bu xidmətlərlə bağlı faizlər  bankın daxili şərtlərinə uyğun olaraq müəyyən edilir.

Nəticə olaraq deyə bilərik ki, ekspertlərin də vurğuladığı kimi, Mərkəzi Bankın və ya yeni yaranan Nəzarət Palatasının bu işə müdaxilə etməsinə ehtiyac var. Görünür , banklar onlara verilən imkanlardan bəzən sui istifadə edir və faizləri çox yüksək təyin edir. Əgər Gürcüstan və Bosniyada və digər ölkələrdə "interchange"  xidməti üçün   rəqəm 0.5%-disə,  Azərbaycanda   bundan  3 dəfə çoxdur. Bunların səbəbi araşdırılmalı və müvafiq qurumlar bu problemim həlli istiqamətində ciddi addımlar atmalıdır.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.