Azərbaycanda Elektron hökumət-in qurulması istiqamətində görülən işlərdən danışılıb

18-11-2009 / 18:40

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin rəsmi veb resursunun yaydığı məlumata əsasən, iclasda rabitə və informasiya texnologiyalari sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi və hüquqi təminatla əlaqədar görülmüş işlər, Elektron hökumət, elektron imza və elektron ticarətin tətbiqi ilə bağlı işlərin vəziyyəti, milli telekommunikasiya peykinin istehsal olunması ilə əlaqədar, eləcə də seçiləcək peyk daşıyıcısı şirkəti ilə müqavilələrin imzalanmasına hazırlıq işlərinin vəziyyəti haqqında məsələlər müzakirə olunub.

Rabitə və İnformasiya Texnologiyaları sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi və hüquqi təminatla əlaqədar görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verilərək, qeyd edilib ki, bu il noyabrın 24-25-də Bakıda Avropa Şurasının tövsiyəsi və Avropa Hüquq Akademiyasının ekspertlərinin iştirakı ilə keçiriləcək “Kibercinayətkarlığa qarşı mübarizə” mövzusunda seminarda kibercinayətkarlığa qarşı mübarizə sahəsində qəbul edilmiş AŞ aktları və həyata keçirilməsi mümkün olan əlavə tədbirlər, həmçinin internet provayderləri və şəbəkə cəmiyyətləri ilə effektiv əməkdaşlığın aspektləri müzakirə ediləcək.

İKT-nin tətbiqi ilə Azərbaycanın qlobal informasiya cəmiyyətinə inteqrasiyası, o cümlədən “E-hökumət”in formalaşdırılmasının, “E-imza”nın və “E-ticarət”in tətbiqinin əsas məqsədlərdən olduğu bildirilərək, qeyd olunub ki, elektron ticarətin inkişafı üçün geniş imkanlara malik olan telekommunikasiya infrastrukturu qurulmuş, İnternetin qiymətləri dəfələrlə endirilmiş, genişzolaqlı xidmətlərin tətbiqi üçün fiber optik şəbəkə infrastrukturunun, WiFi, WiMax, 3G texnologiyalarının tətbiqi üçün dövlət tərəfindən zəruri addımlar atılmışdır. Bu da öz növbəsində e-ticarətin tətbiqi və inkişafı üçün lazımi texniki-texnoloji imkanları tətbiq etməyə əlverişli mühit formalaşdırmışdır.

Daha sonra milli telekommunikasiya peykinin istehsal olunması ilə əlaqədar, eləcə də seçiləcək peyk daşıyıcısı şirkəti ilə müqavilələrin imzalanmasına hazırlıq işlərinin vəziyyəti haqqında məlumat dinlənilib, bu istiqamətdə danışıqların yekunlaşmaq üzrə olduğunu bildirilib.
İclasın sonunda qeyd olunan məsələlərin həllinə dair tövsiyələr bildirilib.  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə