Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015 / 18:08

Bir müddət öncə xəbər verdiyimiz kimi ölkənin Milli İnternet operatoru və əsas İnternet təhcizatçısı “Delta Telekom LTD” İnteret bazarında qiymətlərin endirilməsi istiqamətində aksiya elan etmişdi. Belə ki, yeni aksiyanın əsas məqsədi keyfiyyəti yüksəltməklə qiymətlərin aşağı salınmasıdır.

Aksiya çərçivəsində “Delta Telekom LTD” MMM internet aylıq xidmət haqqını 10 faizdən 30 faizədək artıran müştərilərinə hər 1Mbit/s -nin qiymətinə artım faizinə mütənasib olaraq 10 faizdən 30 faizədək güzəştlər tətbiq edir. Onu da qeyd edək ki, güzəştlər yalnız 1 ay ərzində müraciət edən müştərilərə aid ediləcək.

“Delta Telekeom LTD”-in təqdim etdiyi bu imkanlar nəticəsində bütün İnternet provayderləri xərclərinin azalması üçün imkanlar yaranıb. Belə ki provayderlərin ödədiyi məbləğdən asılı olaraq “Delta Telekom” qiymətlərə 10 faizdən 30 faizə qədər güzəştlər tətbiq edir və bu da provayderlərinin xərclərinə əhəmiyyətli dərəcədə təsir edəcək.

Bəs görəsən bu endirim ölkədə İnternet qiymətlərinə necə təsir edəcək. Provayderlər vətəndaşlara satdıqları İnternetin qiymətlərini endirəcəklərmi ?

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xəbərlər.az-a bildirib ki, provayderlərin “Delta Telekom”-dan aldığı İnternetin qiymətlərində xeyli güzəştlər nəzərdə tutulur: “Nəticə etibarı ilə demək olar ki, provayderlərin xərcləri xeyli azalacaq və onların vətəndaşlara satdığı İnternetin qiymətlərində endirimlər üçün imkanlar yaranacaq”.

Osman Gündüz qeyd edib ki, bu imkandan istifadə edən provayderlər artıq İnterneti müştərilərə ucuz qiymətə sata bilərlər. Onun sözlərinə görə, böyük həcmdə İnternet alan operatorlar üçün “Delta Telekom”dan ödənişlər xeyli aşağı düşəcək”.

Bütün bu qeyd olunanları nəzərə alsaq “Delta Telekom”un bu güzəştlərindən sonra Azərbaycanda İnternet qiymətlərinin ciddi ucuzlaşmasını gözləmək olar. Hesab edirik ki, bu güzəştlər ərəfəsində ilk növbədə İnternet bazarında xüsusi çəkisi xeyli yüksək olan dövlət provayderlərinin ( Bakİnternet və AzTelekom) İnternetin satış qiymətini aşağı salması doğru olardı. Yeri gəlmişkən qeyd edək ki, hazırda AzTelekom və Bakinternet operatorları Delat Telekomdan böyük həcmdə İnternet alırlar. Güman ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət provayderlərinin İnternet satışındakı qiymətlərlə bağlı məsələyə diqqət ayıracaq.

Mövzuya qayıdacağıq.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.