Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

25-01-2018 / 16:23

Məlum olduğu kimi, hazırda dünyanın texnologiya gündəmini kriptovalyutalar zəbt edib.

Hazırda bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır. Belə ki, ölkələr blokçeyin texnologiyası ilə uyğunlaşmağa və hətta artıq bir çox fəaliyyətlərdə bu elektron pul vahidindən istifadə etməyə başlayır.

Buna misal olaraq elə yaxın Türkiyəni göstərmək olar. Bu gün açıqlanan məlumata görə, Türkiyə Rusiyadan idxal olunan buğda daşınması üçün Bitcoin ilə ödəniş edib. Bununla da bu pul vahidi ilə ilk rəsmi ödəniş edən ölkə  kimi tarixə düşüb.

Son dövrlər Azərbaycanda bu bazara xüsusi maraq müşahidə edilir.

Görünür, bizdə də yuxarı səviyyələrdə kriptovalyuta bazarına diqqət artmaqdadır. 

Bunu saytımıza Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz də təsdiqləyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda da “Kriptovalyuta bazarının tənzimlənməsi” ilə bağlı qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır:

“Prezidentin DAVOS-dakı rəsmi görüşləri, o cümlədən ölkədə kriptovalyutanın mayninq proseslərinə rəsmi səviyyədə diqqət göstərilməsi onu deməyə əsas verir ki, rəsmi açıqlama olmasa da, hökumət bu istiqamətdə ciddi addımlar atmaq niyyətindədir. Qonşu ölkələrdə və dünyada gedən proseslər də göstərir ki, mayninq sahəsində təmərküzləşmə gedir, balaca oyunçular, balaca şirkətlər sıradan çıxarılır. Enerjisi ucuz ölkələrə diqqət artır”.

Ekspert onu da deyib ki, kriptovalyutaların arxasındakı kapilaşma dövriyyəsi o qədər yüksək həddə çatıb ki, artıq dünya ölkələri, maliyyə institutları üçün tənzimləmə məsələsi istər-istəməz qaçılmaz olub:

“Dünyanın da gedişatı göstərir ki, hələlik bu sahənin tənzimlənməsinə vahid bir yanaşma yoxdur. Bəzi ölkələr hətta lap irəli gedərək kriptovalyuta üçün pulun əsas funksiyasını – ödəniş vasitəsi olmasını qəbul ediblər. Bəziləri isə tam qadağan ediblər. Hazırda müşahidələr göstərir ki kriptovalyutanın leqallaşdırılması istiqamətində atılan addımlar çoxalmaqdadır”.

Ölkəmizdə bu sahə necə tənzimlənəcək? 

“Bu fəaliyyət sahəsi, İCO layihələrə investisiya toplanması prosesi lisenziyalaşacaqmı, kriptovalyuta ödəniş vasitəsi olacaqmı, rəqəmsal valyutaları digər valyutalara mübadilə etmək qanuni olacaqmı?. Vergilər necə tənzimlənəcək? Bütün bu tip sualların cavabı hökumətin hazırlayacağı yeni qanun layihəsində olacaq. Düşünürəm ki, hökumətin istənilən halda bu istiqamətdə səylər göstərməsi doğru yanaşmadır”.

Osman Gündüz vurğulayıb ki, yaxın perspektivdə kriptovalyutalar, blokçeyin texnologiyaları dünyanın maliyyə-bank sistemini tamamilə dəyişəcək.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.