Azərbaycandilli məzmunun ən asan artırılması yolu - Vikipediya

28-02-2012 / 13:54

Mərkəzi Avropa Universitetində təhsil aldığım zaman müxtəlif məlumatları, xüsusən də terminologiyaların izahını axtardığım zaman Vikipediyanın dünyada bu məqsədlə ən yaxşı resurs olduğunu yəqin etdim. Ara-sıra məqalələrə dəyişiklik edir, onları zənginləşdirirdim. Amma həmin terminologiyaları və məlumatları oxuduğum zaman onların çox hissəsinin Azərbaycandilli Vikipediyada olmaması məni məyus edirdi. 

Getdikcə Azərbaycandilli Vikipediyada müxtəlif növ məlumatları yerləşdirməklə ensiklopediyanın zənginləşdirilməsinə töhvə verməyə başladım. Etiraf edim ki, yeni məqalələr yaratdıqca, mövcud məqalələri zənginləşdirdikcə, Vikipediya barəsində fikrim müsbətə doğru dəyişməkdə davam edirdi. 

Bu yaxınlarda isə Vikipediyanın bir neçə idarəçisindən və aktiv istifadəçilərindən də Vikipediya barədə fikirlərini soruşdum. Onlardan bir neçəsi (bəziləri ancaq istifadəçi adı ilə, bəziləri isə həm də öz adları ilə) fikirlərini paylaşmağa razı oldular.

Öz təcrübəmdən deyə bilərəm ki, redaktəyə başlamağım dəqiq yadıma gəlmir. Ara-sıra məqalələrdə yanlışlıqlar, istinadların çatışmazlığı, eləcə də orfoqrafik səhvlər gördükcə əlavələr edirdim. Bir dəfə Azərbaycandilli Vikipediyanın idarəçilərindən biri mənə ismarış yazaraq hesab açmağa və aktiv olmağa dəvət etdi. Bu mənə müsbət təsir etdi və mən daha aktiv fəaliyyət göstərməyə başladım. 

Ümumiyyətlə, hər kəsin bu ensiklopediyada fəaliyyəti müxtəlif səbəblərdən başlayır. Cekli829 istifadəçi adlı Vikipediya idarəçisi bu azad ensiklopediyanın perspektivinə inandığı üçün təxminən 2 il öncə qeydiyyatdan keçib və redaktələr etməyə başlayıb. Digər idarəçi Pərviz Poluxzadə (İstifadəçi adı: PPerviz) də təxminən həmin vaxtlarda redaktələrə başlayıb, onun redaktələri isə orfoqrafik səhvləri düzəltməklə başlayıb və getdikcə həvəsi artıb. 

Başqa bir idarəçi Elgün (İstifadəçi adı: Wertuose) isə 4 il öncə Azərbaycan dilində ensiklopediyanın çox zəif olmasını görərək töhfə vermək qərarına gəlib və əsasən mövcud məqalələri təkmilləşdirməklə onların oxunaqlı və informativ olmasına çalışır. 

Vusal1981 istifadəçi adı ilə aktiv redaktələr edən Vüsal Ağayev isə artıq az qala 6 ildir ki, Azərbaycan kinosu barədə məlumatlar yerləşdirməklə (o bu müddət ərzində Vikipediyada 8000-dən çox məqalə yaradıb, 10000-dən çox şəkil yükləyib) kinomuz barədə internetdə ən böyük məlumat resursu hesab edilən Vikipediyada Azərbaycan kino sənəti portalının müəllifidir. 

Vikipediyada istifadəçilərin yaratdığı məqalələrdə və mövzularında öz prioritetləri var. Mən Vikipediyada əsasən bəzi terminologiyaların tərcüməsi, iştirak etdiyim beynəlxalq tədbirlərin formatları, bitirdiyim universitetlər, hazırda çalışdığım şirkət, tariximizdə əvəzsiz rol oynamış, amma çoxlarının tanımadığı şəxsiyyətlər haqqında məqalələr yaratmağa və ya bu barədə məqalələri təkmilləşdirməyə çalışıram. Bu zaman öz istiqamətimi, maraq dairəmi və məqalənin mövzusuna birbaşa aidiyyətimi əsas götürürəm. Amma bu barədə idarəçilərin və aktiv istifadəçilərin töhfələri müxtəlifdir. 

Cekli829 bütün mövzularda ensiklopediyaya töhvə versə də, xüsusilə Şahdağ xalqları (buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər) ilə bağlı mövzularda aktivlik göstərir, yalnız dini mövzularda passiv mövqe tutur.

Pərviz Poluxzadə (PPerviz) isə əsasən memarlıq, incəsənət, texnologiya, musiqi, fotoqrafiya və digər sahələrdə yazsa da, digər mövzulara aid redaktələri də olur. 

Elgün (Wertuose) isə özünə konkret mövzu seçməyib, istənilən mövzudakı məqalələri redaktə edir və yazdığı məqalələri də geniş spektri əhatə edir. Könüllülərin fəaliyyətinə baxmayaraq məqalə qıtlığı hələ də hiss olunur. Fikrini soruşduğum şəxslərin hamısı birmənalı olaraq düşünür ki, bütün mövzularda obyektiv yazılara ciddi ehtiyac var.

Elgün (Wertuose) ümumiyyətlə hansısa mövzunu digərindən fərqləndirmək istəmir, çünki kimin üçünsə maraqsız olan məqalə başqa birisi üçün çox vacib ola bilər, ona görə də istənilən ensiklopedik məqalənin yaradılmasını alqışlanan hesab edir. Lakin bu ensiklopediyanın problemləri hələ də var. 

Cekli829 mövcud məqalələrin 99faizini problemli hesab edir. O, çıxış yolunu istifadəçilər vikiqaydaları öyrənməsində, qlobal vikitəcrübə əldə edib həmin təcrübəni Azərbaycandilli Vikipediyada tətbiq etməsində görür. Pərviz Poluxzadə (PPerviz) ən başlıca problem kimi istifadəçi qıtlığını vurğulayır. O düşünür ki, istifadəçilərin sayı çoxalsa, qaralama məqalələr də azalar və digər problemlər də həll olar. Elgün (Wertuose) isə Azərbaycandilli Vikipediyanın iki əlifba ilə fəaliyyət göstərməsini problem hesab edir: 

“Belə ki, Vikipediya Azərbaycanın yox, Azərbaycan dilinin Vikipediyasıdır və nəzərə alsaq ki, Azərbaycan xalqının böyük hissəsi İranda yaşayır və onlar ərəb əlifbasından istifadə edirlər, buna görə də hazırda həm latın, həm də ərəb əlifbası ilə məqalə yaradılmasına icazə verilir. Bir çox istifadəçilərimiz bunun əleyhinə olsalar da, cənubdakı soydaşlarımızı da düşünmək məcburiyyətindəyik. O digər problemi isə yeni istifadəçilərin bir çoxunun redaktə bacarıqlarının zəif olmasında görür, belə ki, bir çoxları elementar qrammatika qaydalarına real etmirlər ki, bu da son nəticədə məqalələrin keyfiyyətini aşağı salır və oxucunun məqaləyə olan marağını öldürür. 

Sonda “Müsahibəni oxuyan şəxslərə Vikipediya barəsində daha hansı məlumatları çatdırmaq istərdiniz?” sualına cavabında Vüsal Ağayev (Vusal1981) öz tövsiyələrini verdi: “Vikipediya virtual aləmdir. Kiminsə hansısa məlumatı səhv yazdığı üçün kəskin tənqid etmək lazım deyil. 

Mənim özüm də internetdə tənqid olunuram. Ancaq bu tənqidlər sağlam mövqeli olmayanda gülünc görünür. Bu kitab deyil ki, çapa hazırlayasan, müəllifi də kitabın üz qabığında göstərilsin. Sən hər hansı məqalənin müəllifi deyil, yaradıcısı ola bilərsən. İstənilən şəxs həmin məqalələri təkmilləşdirə bilər. Əlbəttə, bu vaxt edilən dəyişikliklər sağlam mənbəyə əsaslanmalıdır. İstifadəçi etdiyi dəyişikliklərə görə məsuliyyət daşıyır. Ancaq məqalədə hər hansı səhvi görüb hansısa internet qəzetində məqalə yazmaq xatirinə kimisə tənqid atəşinə tutmaqdansa heç olmasa anonim istifadəçi olaraq vikipediyada həmin səhvləri düzəltməyə çalışmaq lazımdır”.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə