Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların yayımlanması qadağan edilə bilər

07-12-2009 / 10:21

Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın əleyhinə verilişlər hazırlayan xarici telekanalların ölkə ərazisində kabel televiziyası vasitəsilə yayımlanmasını qadağan edə bilər.

"Euronews" və digər xarici televiziya kanalları Azərbaycan əleyhinə verilişlər hazırlamaqda davam edərlərsə, biz həmin telekanalların ölkə ərazisində kabel televiziyası vasitəsilə yayımlanmasının dayandırılması haqda qərar qəbul edəcəyik", - Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Xatırladaq ki, noyabrın 28-də "Euronews" kanalında Mikael Rayxmanın "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlanıb. Reportajda Qarabağ müharibəsinin hadisələri tamamilə birtərəfli şəkildə izah edilir. Azərbaycan XİN-in mətbuat xidməti və Yeni Azərbaycan Partiyası kanalın rəhbərliyinə süjetlə bağlı etiraz məktubları göndəriblər.

"Euronews" televiziya kanalının noyabrın 28-dəki buraxılışında "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişdə növbəti dəfə qərəzli və qeyri-obyektiv yanaşma əsasında münaqişənin səbəbləri və həqiqətləri erməni tərəfinin mövqeyinə uyğunlaşdırılmaqla, dünyanın və Avropanın ictimai rəyini çaşdırmağa yönələn cəhd göstərilib", - hakim partiyanın etiraz məktubunda deyilir.

Həmin proqramda Dağlıq Qarabağ "müstəqil dövlət", qondarma qurumun rəhbəri Bako Saakyan isə bu "dövlətin prezidenti" kimi təqdim olunub. Bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistanla heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın "ürəyi" adlandırılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məhərrəmlinin sözlərinə görə, özünü obyektiv hesab edən "Euronews" telekanalının Azərbaycan əleyhinə belə veriliş hazırlamasına şuranın mövqeyi birmənalıdır.

"Bu, ilk növbədə həmin telekanala başucalığı gətirmir. Ona görə biz mövcud qanunvericilik çərçivəsində hərəkət etməliyik", - şura sədri əlavə edib.

Şura sədri deyib ki, xarici telekanallar yalnız ölkə ərazisində kabel televiziyası, internetlə peyk vasitəsilə yayımlanır.

"Amma biz kabel şəbəkəsi vasitəsilə yayımlanan telekanallara qarşı gələcəkdə hər hansı tədbir görə bilərik. Hər hansı xarici televiziya kanalı Azərbayacana qarşı davamlı şəkildə qərəzlı verilişlər yayımlayarsa, onda həmin kabel televiziyalarından tələb edəcəyik ki, onun yayımını dayandırsın", - o vurğulayıb.

Məhərrəmli kabel televiziyaları haqqında qəbul olunan qaydalarda da xarici telekanalların hansı hallarda ölkə ərazisində yayımlanmasına qadağa qoyulması ilə bağlı müddəaların əksini tapdığını xatırladıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə