Azərbaycanın ilk Virtual Reallıq oyunu-Yüksəklik

27-01-2017 / 10:59

Məlum olduğu kimi, hazırda dünyada trend olan innovativ yeniliklərdən biri də Virtual Reallıq texnologiyalarıdır.

Xarici mediada hər gün VR və AR  texnologiyaları üzərində müxtəlif oyun və məhsullarının hazırlanması ilə bağlı məlumatları oxuyuruq.

Belə ki, artıq nəhəng İT şirkətləri bu sahəyə daha çox diqqət ayırır və  getdikcə rəqabətin kəskinləşdiyini nəzərə alaraq özlərinə bu istiqamətdə yer tutmaq üçün böyük məbləğlərdə yatırımlar edir.

Hətta bu yaxınlarında Facebook-un qurucusu Mark Zuckerberg də Virtual Reallıq texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayaraq qarşıdakı 10 ildə bu sahəyə  3 milyard dollardan çox investisiya etmək məcburiyyətində qalacağını açıqladı.

Son dövrlər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, gənclərimiz Virtual Reallıq texnologiyaları ilə bağlı yerli məhsullar hazırlayaraq bazara təqdim edir.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanda “Yüksəklik” adında ilk  Virtual Reallıq oyunu hazırlanıb.

Oyunun yaradıcısı isə Azərbaycanda VR və AR texnologiyaları sahəsində yaxından tanıdığımız Fərid Yusifoğlunun komandasıdır.

Qeyd edək ki, “Yüksəklik” standart oyunlardan fərqli olaraq oyunçuya tamamilə oyuna daxil olaraq, həyəcanı son zərrəsinə qədər hiss etməyə imkan yaradır.

Oyunun məzmunu və qaydaları

Oyun döyüş-atraksiyon xarakterlidir. Oyun zamanı oyunçu səngərə daxil olur və pulemyot vasitəsi ilə düşmənlərinin əks hücumlarına cavab verir.

Oyunçu üçün özəl hazırlanmış stenddə yerləşən pulemyot vasitəsi ilə atəşlər həm VR, həm də real olaraq idarə olunur. Oyunun başlanğıcında oyunçu 5 qumbara, 100 güllə ilə təmin olunur və oyunda performasına əsasən davamlı olaraq güllələrin, canların sayı artıb-azalır, hər dalğa keçidi zamanı oyun daha da gərginləşməyə başlayır, şərtlər dəyişir, xallar hesablanılır, rütbələr verilir və reytinq cədvəlində iştirakçı adları ilə birlikdə nəticələr qeyd olunur.

Layihə komandasından verilən məlumata görə,  bu göstəricilərə əsasən iştirakçılarla davamlı olaraq müxtəlif viktorinalar, müsabiqələr həyata keçirilir.

Qeyd edilib ki,  gələcəkdə oyunda müxtəlif dəyişikliklər nəzərdə tutulur.

Onu da bildirək ki, oyunda istifadə olunan 3D dizayn, proqramlaşdırma, səs effektləri və digər detallar yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Yəni, oyun tamamilə yerli məhsuldur.

Məlumata görə, oyun ilk olaraq attraksion formada Park Bulvarda pilot olaraq istifadəyə veriləcək. Daha sonra maraqla qarşılanarsa, digər oyun və əyləncə mərkəzlərində də təqdim ediləcək.

Bu mərhələlərdən sonra isə oyunun Steam üzərindən qlobal bazarda satışa təqdim edilməsi planlaşdırılır.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.