“Azərbaycanın öz elektron valyutası olacaq”

10-05-2017 / 15:00

Məlum olduğu kimi, son dövrlərdə kriptovalyuta (rəqəmsal valyuta) virtual ödəniş şəbəkəsinin populyarlığı sürətlə artmaqdadır. 

Xeberler.az olaraq bu sahəni də daim diqqətdə saxlayır, oxuculara məlumat təqdim edirik.

Dünyada populyarlıq qazanmağa başlayan elektron pullara Azərbaycanda da maraq müşahidə edilir.

 “Bu gün dünya tədricən nağdsız hesablaşmaların daha da təkmilləşdirilmiş bir forması olan elektron valyuta sisteminin tətbiqinə keçir. Dövr artıq kriptovalyutanın yollarına işıq salır. Artıq bir neçə ölkədə Bitcoin, Onecoin kimi elektron pulların tətbiqinə başlanılıb”.

Bu fikirləri  elektron pullardan danışan Beynəlxalq Bankın Gəncə filialının müdiri Sabit Fətizadə Trend-ə müsahibəsində deyib.

Virtual pulların getdikcə daha çox önəm daşıdığını bildirən Sabit Fətizadə bu sahədə Azərbaycanda geniş maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb:

“İnternet məlumat bazalarında Bitcoinlər, Onecoinlər barədə geniş məlumatlar var. İnsanlarımız, xüsusən gənclərimiz bu barədə biliklərini zənginləşdirsələr, daha yaxşı olar. Bu, nağdsız hesablaşmaların bir növüdür, İT valyutadır. Artıq bu proses başlayıb və tədricən də sürətlənir. Məsələn, Yaponiya bu sistemi banklar səviyyəsində tətbiq etməyə başlayıb. Dünyada hər şey elektronlaşır və bu proses əvvəl-axır ənənəvi ödəniş vasitələrini də əhatə etməlidir. İndi biz həmin mərhələdəyik. Kağız və dəmir pullar barter üsulunu əvəzləmişdi, hazırda nağdsiz hesablaşmalar mərhələsidir, daha sonra isə sıra elektron pullara çatacaq”.

Onun sözlərinə görə, kripotovalyuta şəffaflığı təmin edən, idarə olunması rahat olan çevik ödəniş vasitəsidir:

“Coinlər vasitəsilə biz ən adi ödənişlərimizi də edə bilərik. Hansısa bank kartına da ehtiyac qalmayacaq. Coinlərin tətbiqindən sonra bu məsələ də ortadan qalxacaq. Hazır məhsuldur, hesabına yüklə və ürəyin istədiyi əməliyyatı gerçəkləşdir. Hər şey sadəcə smartfonda bir əməliyyat edəcək qədər sadədir. Hətta Messenger-lərlə də (Tencent QQ, WeChat) pul köçürməsi bu gün bəzi dövlətlərdə artıq realdır. Marketlərdə alış-veriş zamanı da QR kodlar vasitəsilə bu sistemdən istifadə etmək mümkündür. Bu zaman xüsusi sistem smartfonunuzdakı QR kodu sürətlə oxuyub elektron cüzdanınızdan müvafiq miqdarda vəsaiti çıxarır”.

O, coinlərin bankdankənar dövriyyəsi təhlükəsizliyin təmin olunması kimi məsələlərə də aydınlıq gətirib:

“Bayaq dedim, Yaponiya kimi dövlət artıq bu sistemin tətbiqinə başlayıb. Avropa ölklərində Bitcoin bankları yaradılır, müxtəlif klublar fəaliyyət göstərir.Təbii ki, yaponlar ən xırda detalları, üzləşə biləcəkləri çətinlikləri nəzərə alıblar. Heç bir proses kortəbii baş vermir. Coinlər bankdankənar olmaya da bilərlər. Hətta bu elektron ödəniş vasitəsini hansısa qiymətli metala bağlamaq da olar. O ki qaldı təhlükəsizlik məsələsinə, burada da qorxu yaradacaq heç nə yoxdur. Bu gün çox şey İT sistemi ilə idarə olunur. Kiberhücumlara qarşı da artıq güclü müdafiə sistemləri yaradılıb. Bunların hamısını nəzərə aldıqda elektron puldan çəkinmək üçün ortada ciddi əsas qalmır. Dövlətin müvafiq qurumlarının kifayət qədər geniş nəzarət imkanları və təhlükəsizliyi ən yüksək səviyyədə təmin edəcək vasitələri var. Əlbəttə, hər bir yeni texnologiyanın və ya hansısa yeni sistemin tətbiqi ilkin dövrlərdə müəyyən çətinliklər yarada bilər. Amma bu heç də o demək deyil ki, biz bundan qorxub qloballaşan dünyanın yeni tələblərinə uyğunlaşmamalıyıq”.

Bank filialının rəhbəri qeyd edib ki, Azərbaycanda da belə virtual pullar yaradılacaq:

“Mən inanıram ki, Azərbaycan bu sahədə də MDB ölkələri sırasında lokomotiv rolunu oynamaqla daha bir nümunə yarada bilər. Əslində pulların elektronlaşması prosesinin geri dönüşü yoxdur. Qarşıdakı illərdə biz dünya ölkələrinin ardıcıllıqla bu prosesə qoşulduğunun şahidi olacağıq. İnanıram ki, vaxt gələcək, Azərbaycanın özünün, məsələn, AZkoin adlı elektron valyutası olacaq. Digər ölkələrdə də təbii ki, həmin ölkənin adına uyğun elektron pullar yaranacaq. Misal üçün, Rusiyada RUSkoin, Gürcüstanda GEOkoin kimi və sair”.

Coinlərin məzənnəsinin  təyin olunması məsələsinə gəlincə isə onun sözlərinə görə, bunu coinə olan tələbin səviyyəsi müəyyənləşdirəcək:

“Mən indi bu müsahibədə bütün məsələlərdən detallı şəkildə bəhs etmək istəmirəm. Hesab edirəm ki, pilot layihələr işlətməliyik. Yeni nəsil buna doğru addım atmalıdır. İnsanlarımıza bunun üstün tərəflərini izah etməliyik ki, cəmiyyət bunu mənimsəsin. Ola bilsin ki, yaşlı insanlar heç bununla tanış olmaq fikrində də deyillər. Olsun, heç bir problem yoxdur. Hazırda istənilən ölkədə, məsələn, mobil telefonlar barədə anlayışı olmayan, bu aparatları bir dəfə də olsun əlində tutmayan adamlar tapmaq olar. Məgər dünya onları gözləyəcək? İKT-nin inkişafının qarşısını necə almaq olar axı?”.

Sabit Fətizadə  qeyd edib ki, bu "Pilot layihələr"i həyata keçirmək üçün Azərbaycanda ayrıca bir bank seçilməlidir:

“ Fikrimcə, bunun üçün ayrıca bir bank seçilməlidir. Amma başqa variantlar da ola bilər. Reytinqli banklar bunu bacara bilər. Bu sistemi ancaq güclü bank sınaqdan keçirməlidir”.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.