Azərbaycanın regionlarında da 4G olacaq

09-01-2017 / 11:20

Azərbayanda mobil infrastruktura investisiya qoyuluşlarının artırılacaq.

Xeberler.az-ın məlumatına görə, bu barədə elekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Məlumata görə, LTE standartlı mobil və simsiz texnologiyalar şəhər və şəhərdənkənar ərazilərdə genişzolaqlı xidmətlərin əhatə dairəsini genişləndirir, istənilən məkandan internetə daha sürətli qoşulmaq imkanı verir. Beləliklə, mobil və simsiz texnologiyalar üçün standart tezlik spektrləri ayrıldıqdan sonra internetlə əhatəolunma səviyyəsini və internet sürətini artırmaq məqsədilə mobil operatorların yeni şəbəkələrin qurulmasına və tezlik spektrində texniki siyasətin effektiv təşkilinə əlavə investisiya cəlb etmələrinə zərurət yaranır:

“İnfrastrukturun yaradılması üçün tələb edilən investisiyaların həcmi tezlikdən asılı olaraq dəyişir. Mütəxəssislərin hesablamalarına görə, yüksəktezlikli LTE ilə müqayisədə aşağı tezliklərin yaradılması 10 dəfəyədək daha az investisiya tələb edir. Şəhərdənkənar ərazilərdə (kəndlərdə) 700 MHs tezlikli infrastruktur yaratmaqla, həmin ərazilərdə internetə çıxışın əhatəlilik səviyyəsi ilə şəhər zonalarındakı analoji göstərici arasındakı fərqi azaltmaq mümkündür”.

Qeyd edilib ki,  fiber-optik şəbəkənin yaradılması üçün kənd yerlərində tələb olunan vaxtın və kapital xərclərinin yüksək olması nəzərə alınmaqla, sabit genişzolaqlı şəbəkə infrastrukturunun yaradılması əvəzinə, alternativ variant kimi mobil genişzolaqlı şəbəkəyə (LTE) daha çox üstünlük verilə bilər.

Hazırda Bakı şəhərində ev təsərrüfatlarının 74 faizi sabit genişzolaqlı şəbəkəyə malikdir.Bu göstərici ölkənin digər regionları ilə müqayisədə 40 faiz bəndi çoxdur.

Sənəddə bildirilir ki, 2020-ci ilədək genişzolaqlı mobil şəbəkənin əhatə dairəsi genişlənəcək və göstərilən xidmətlərin keyfiyyəti yüksələcək. Mobil genişzolaqlı xidmətlərin həcminin artması nəticəsində yüksələn gəlirlər ÜDM-in artmasına və yeni iş yerlərinin yaranmasına zəmin yaradacaq.

Mobil genişzolaqlı şəbəkənin əhatə dairəsinin genişlənməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 25 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə, 30 milyon manat artacağı və bu prioritetin icrası nəticəsində 700 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.