“Azercell” 2010-cu ilin hesabatını verdi

10-02-2011 / 13:00

Fevralın 9-da keçirilən mətbuat konfransında “Azercell Telekom” MMC 2010-cu ilin nəticələri haqqında mətbuatı məlumatlandırıb. Hal-hazırda şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6%-nə nəzarət edir. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini “Azercell”in üzərində saxlayıb. 2010-cu ilin sonuna bu operatorun 4 milyon 207 min nəfərlik abonenti vardı, - şirkətdən daxil olan məlumatda belə deyilir.

Mətbuat konfransında açıqlanan məlumata görə, 2010-cu ildə “Azercell” dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon ABŞ dolları həcmində vəsait ödəyib.

“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan konfrans iştirakçılarını salamlayandan sonra 2010-cu ildəki fəaliyyəti haqında məlumat verdi. Onun sözlərinə görə, şirkətin son 1 il ərzində gördüyü işlərin hamısını sadalamaq qeyri-mümkündür: “”Azercell” 2010-cu ildə abonentlərini keyfiyyətli rabitə ilə təmin etməklə yanaşı, onları müxtəlif kampaniyalarla sevindirib, ən müasir texnologiyaları təqdim edib. Şirkətimiz Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına yönələn sosial layihələri də dəstəkləyib”. Cənab Ali Ağan bildirdi ki, ötən il ərzində şirkət bu cür layihələrin həyata keçirilməsinə təqribən 1,4 milyon ABŞ dolları vəsait sərf edib. Ümumilikdə 14 il üçün bu göstərici təqribən 14,7 milyon ABŞ dolları təşkil edir.
Şirkət həmişə olduğu kimi, 2010-cu ildə də mədəniyyət, təhsil, media, uşaq hüquqları, səhiyyə, gənclərin inkişafına kömək edən sahəsində bir sıra proyektlərin reallaşmasına kömək edib.

Bu qəbildən layihələr sırasında Milli Kitab Müsabiqəsinin, “Azərbaycan-Avropa velosiped yürüşü”nün dəstəklənməsini, şirkətin Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr adlı dərs keçməyə başlamasını qeyd etmək olar. “Azercell” Kür və Araz çaylarında baş verən fəlakətdən əziyyət çəkənlərə yardım aksiyası da keçirib. Həmin vaxt fəlakət ərazisində olan 136.600 abonentin nömrəsinə 500 kontur hədiyyə edilib. Ənənəvi olaraq, 2010-cu ildə də “Azercell Telekom” jurnalistlərin peşə bacarıqlarının inkişafına öz töhvəsini vermişdir. Noyabr ayından başlayan İngilis dili kursu və mətbuatın üçün keçirilən tədbirlərə verilən dəstək bunun bariz nümunəsidir.

2010-cu ilin “BakuTel” sərgisində “Azercell” ilk dəfə olaraq bir sıra yeni texnologiyaları təqdim edib. İstənilən ünvanı və yeri tapmağa kömək edən Mobil Naviqasiya sistemi, pul kisəsi, açar və endirim kartını əvəz edən RFID proqramı, ailə üzvləri və dostların yerini müəyyənləşdirməyə kömək edən LBS texnologiyası ictimaiyyət tərəfindən çox maraqla qarşılanıb.

2010-cu il “Azercell” üçün həm də brend dəyişikliyi ilə yadda qalıb. Ötən il uğurlu rebrendinq keçirən şirkət loqosunu və rəngini dəyişmiş oldu. Artıq hər kəsə məlumdur ki, şirkətin yeni brendi bənövşəyi rəngdə olan yüksək texnologiya daşı formasındadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə