AzərEnerji büdcəyə ziyan vurub

10-07-2018 / 17:29

Ötən il büdcənin 30 faizi borcların ödənilməsinə xərclənib, bunun 20 faizə qədəri elə iri dövlət şirkətlərinin aldqları borcları qaytarmağa gedib.

Xeberler.az məlumat verir ki, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin hesablamalarına görə, dövlət büdcəsindən, böyük maliyə yardımı alan yalnız Azərenerji deyil, SOCAR, AZAL, Azərişıq, Azərkosmos, Beynəlxalq Bank kimi qurumlar da bu qəbildəndir. Mərkəzin rəhbəri Azər Mehdiyev Azadlıq radiosuna açıqlamasında bunları bildirib: “İllər üzrə bu qurumlara daxilolmalar və bu qurumlara dövlət tərəfindən ayırmalar müqayisə olunarsa, açıq-aydın görünür ki, bu qurumlara ayırmalar daha çoxdur. Bu şirkətlərin fəaliyyətinin müasir tələblərə uyğun qurulmaması onları daha bədxərc formaya salır və Azərenerji ilə bağlı yaranan vəziyyəti də gördünüz. Böyük həcmlərdə bu quruma vəsait ayrılmasına baxmayaraq, şirkətin səmərəli fəaliyyəti görünmür”.

Büdcədən iri dövlət şirkətlərinə yardımlar, dotasiya, subsidiya, investisiya adı altında ayrılır. Azər Mehdiyev deyir ki, qanunda boşluq var, hələ də vəsaitlərin hansı şərtlərlə ayrılmalı olması, bu pulların sonrakı taleyinin izlənməsi mexanizmi aydın deyil.

Bəs beynəlxalq qurumların Azərbaycana bununla bağlı tövsiyəsi nədir?

Dünya Bankının Bakı ofisindən bildiriblər ki, qurum hazırda, hökumətlə əməkdşlıqda dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı araşdırma aparır və onun nəticəsində tövsiyələrini hökumətə təqdim edəcək.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı isə deyir ki, hazırda dövlət müəssisələrinin əksəriyyəti bilərəkdən mənfəətlə işləmirlər: “Azərbaycanda mövcud olan dövlət şirkətlərinin əsas məqsədi mənfəət deyil. Çünki bilirlər ki, mənfəət əldə etməyə başlasalar, dövlət deyəcək ki, bu investisiyaları özünüz həyata keçirin. Bu isə bir qədər çətindir, çünki investisiyalar daha çox vəsait tələb edir. Teatlardan tutmuş iri dövlət şirkətlərinə qədər hər kəs çalışır ki, mənfəət olmasın heç bir halda”.

Məsələn, iyulun əvvəlində qəza baş verən Azərenerji-yə son 10 ildə 6 milyard dollara qədər vəsait ayrılmışdı.

Toğrul Maşallı deyir ki, bu il büdcəyə yenidən baxılarkən, Azərenerji-yə əlavə 84 milyon manat da ayrıldı. Amma onun fikrincə, büdcə vəsaiti səmərəsiz xərclənib, hətta 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsində belə bildirilir ki, elektrik xətlərinin çox hissəsi hələ də köhnədir: “Yol xəritəsindən görürük ki, elektrik xətlərinin 84-86 faizinin yaşı 30 ildən çoxdur. Bu günlərdə Şirvan elektrik stansiyasını bağladılar, çünki onun effektivliyi çox aşağı idi. Bu stansiya istilik enerjisinin 10 faizini özünə sərf edirdi. Halbuki, Avropada bu göstərici iki faizdir. Azərbaycan üçün isə orta göstərici 3,5 faizdir”.

Toğrul Maşallı təklif edir ki, dövlət müəssisələridə aparılan auditin nəticələri ictimaiyyət üçün açıqlansın, bilinsin ki, ayrılan pullar hara xərclənib. O, həm də borclu dövlət şirkətlərinin keçirdikləri tenderlərə diqqət çəkir. O qeyd edir ki, nədənsə, bu cür dövlət müəssisələrinin keçirdikləri tenderləri adətən eyni şirkətlər udur.

Təhlilçi, burda korrupsiya barədə düşünmək üçün əsasların olduğunu bildirir.

Azərenerji ASC-nin mətbuat xidmətindən gün ərzində telefonlarımıza cavab verən olmadı. Bundan əvvəl, qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirmişdi ki, detallar barədə, son qəza ilə bağlı araşdırma başa çatandan sonra danışacaqlar.(Azadlıq radiosu)

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.