“Azərkosmos”a səfər

11-10-2018 / 10:26

Oktyabrın 10-da "Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəbin nümayəndələri "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə səfər ediblər.

Xeberler.az  məlumat verir ki, ASC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq məktəbin tərkibində ABŞ-ın "NASA” kosmik agentliyi, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçusets Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Fransa, Xorvatiya, Rusiya, Avropa Komissiyası, həmçinin Azərbaycanın tanınmış alim və mütəxəssisləri qonaq qismində iştirak ediblər.

Səfər çərçivəsində qonaqlara Azərkosmos-un fəaliyyəti, idarəçiliyində olan peyklər və eyni zamanda, bu il sentyabrın 26-da uğurla orbitə buraxılan "Azerspace-2” telekommunikasiya peyki haqqında geniş məlumat verilib. Görüşdə peyk xidmətləri sahəsində Azərbaycanın qazandığı təcrübə və bu sahədə formalaşmış insan kapitalı və kosmik sənaye quruculuğu yolunda görülən işlərdən bəhs olunub. Həmçinin artıq "Azərkosmos”da aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə "Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi qonaqların diqqətinə çatdırılıb.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos” tərəfindən idarə edilən "Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə "Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.