AzerTelecom İT layihələri dəstəkləyir

08-05-2018 / 13:53

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom MMC-nin baş sponsorluğu və STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilmiş Golden Byte beynəlxalq informasiya texnologiyaları müsabiqəsi başa çatıb.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Golden Byte beynəlxalq İT müsabiqəsinin ölkəmizdə keçirilməsinə fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi baş tutub. Ölkəmizi Ukraynada, Kiyev şəhərində keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunması məqsədilə yekun regional final mərhələsi isə 4 may tarixində keçirilib.

Ümumilikdə regional finalın iştirakçıları 7 nominasiya üzrə öz layihələrini təqdim ediblər və bu layihələr AzerTelecom şirkətinin Kommersiya məsələləri üzrə direktoru Samir Nuriyevin də tərkibində təmsil olunduğu peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər nominasiya üzrə qaliblərə və eləcə də iştirakçılara təşkilatçılar tərəfindən müvafiq sertifikatlar, müsabiqəyə dəstək verən tərəfdaşlar tərəfindən isə hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən AzerTelecom MMC-nin Satış və Partnyorların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, STEP Kompüter Akademiyası tərəfindən təşkil olunan bu beynəlxalq müsabiqə innovativ ideyaların reallaşdırılması, ümumilikdə İKT sahəsində təhsilin irəli aparılması, gənclərimizin ölkəmizi xaricdə keçirilən nüfuzlu beynəlxalq müsabiqədə təmsil etmələri istiqamətində mühüm bir layihədir və AzerTelecom şirkəti bu müsabiqənin Azərbaycanda təşkilinə dəstək verməkdə, layihənin uğurlu şəkildə reallaşmasında maraqlıdır.

“Bu müsabiqəyə baş sponsor qismində şirkətimiz tərəfindən dəstəyin verilməsi STEP Kompüter Akademiyası ilə əməkdaşlığımız istiqamətində ilk layihəmizdir və AzerTelecom şirkəti olaraq bu təhsil müəssisəsi ilə birlikdə elmin, təhsilin inkişafına töhfə verə biləcək müxtəlif maarifçi xarakterli layihələrdə gələcəkdə də səmərəli şəkildə əməkdaşlıq etmək niyyətindəyik” - deyə Ləman Abasbəyli bildirib.

Qeyd edək ki, nominasiyalar üzrə layihələrin qiymətləndirilməsi və yekun mükafatlandırma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakcell AppLab İnkubasiya Mərkəzi və ölkənin İKT sektorunda fəaliyyət göstərən və müsabiqəyə dəstəkçi olan digər şirkətlərin və bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə