AzScienceCERT-in maddi-texniki bazası gücləndirilir

22-12-2015 / 12:15

Müasir dövrdə informasiya cəmiyyətinin aktual problemlərindən olan informasiya təhlükəsizliyinin təmini üçün müdafiə mexanizmlərinin yaradılması zəruridir.

İnformasiya təhlükəsizliyi sisteminin ən mühüm alt sistemlərindən biri də böyük imkanlara malik CERT şəbəkəsidir.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə,  ötən gün İnstitutun sektor müdiri Babək Nəbiyev akademiyanın AzScienceNet elm kompüter şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olan AzScienceCERT-in fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

O, qeyd edib ki, CERT (Computer Emergency Response Team – Kompüter insidentlərini cavablandırma qrupu) qurumlarının vəzifəsi qlobal informasiya təhlükəsizliyi təhdidləri ilə mübarizə aparmaq, onları aşkarlamaq və vaxtında qarşısını almaqdır.

Babək Nəbiyev akademiyanın AzScienceNet elm kompüter şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olan AzScienceCERT-in fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, AzScienceCERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin idarə edilməsini təmin etməkdir.

Onun sözlərinə görə, hazırda AMEA-nın 40-a yaxın institut və təşkilatı AzScienceCERT-ə qoşulub. Belə ki, şəbəkənin 3000-dən çox istifadəçisi var. AzScienceCERT-in rəsmi internet səhifəsi – www.sciencecert.az ünvanında şəbəkənin fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Babək Nəbiyev AzScienceCERT-dən istifadə qaydalarının AMEA rəhbərliyi tərəfindən təsdiq olunduğunu diqqətə çatdırıb: “AzScienceCERT-in istifadəsi haqqında tələblər Azərbaycan Respublikasının Konstitusiyası, AR Prezidentinin qərarları, bu sahə üzrə qəbul edilmiş qanunlar, müvafiq təşkilatların bəyannamələri əsasında müəyyən olunmuşdur. AzScienceCERT şəbəkəsinə daxil olan hər bir istifadəçi verilənlərin konfidensiallığı və tamlığının təmin edilməsi də daxil olmaqla, informasiya təhlükəsizliyi prosedurlarını yerinə yetirməlidir və buna görə məsuliyyət daşıyır”.

Sektor müdiri bütün CERT-lərin birləşdiyi baza qurumlarından biri olan FIRST (Forum of Incident Response and Security Teams – İnsidentləri cavablandırma və təhlükəsizlik qrupları forumu) haqqında da məlumat verib. FIRST üzrə 74 ölkədə 338 komandanın fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, hər il FIRST tərəfindən “Kompüter təhlükəsizliyi insidentlərinin idarə olunması” adlı konfrans keçirilir. FIRST-də bu quruma üzv olan komandalar üçün müzakirə forumu da təşkil edilir. Burada kompüter insidentlərinin cavablandırılması və digər məsələlər haqqında fikir və təcrübə mübadiləsi üçün geniş imkanlar yaranır.

Babək Nəbiyev AzScienceCERT-in maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.