Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016 / 16:32

Azərbaycan Qadınlarının İKT Klubu - FEMMES DIGITALES ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş İKT-də Qızlar Beynəlxalq Gününü qeyd edəcək.

Xeberler.az-ın məlumatına görə, bu məqsədlə klub tərəfindən bir sıra tədbirlərin, eləcə də 28 aprel tarixində ADA Universitetində Microsoft Azərbaycan-la birgə “Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda konfransın keçirilməsi planlaşdırılır.

 Konfrasın təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin IT və Mühəndislik Məktəbi (SITE), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM), eləcə də Microsoft, “Asan İmza” və Tech-Tech Xanim (WoWoman) şirkətləridir.

Tədbirin sponsorları qismində MONT, Optic Gallery, Bakcell, Azercell, Eurodesign, Ultra Technologies, Cybernet və Millikart çıxış edir.

Hər il keçirilən konfrans informasiya texnologiyaları və startaplar sahəsinə cəlb edilmiş qızları və qadınları bir araya toplayaraq İKT sahəsində müzakirələrin, şəbəkələşmənin və təcrübə mübadiləsinin aparıldığı meydançanı təmsil edir.

 Bu il də tədbirin işində sıralarında təhsil, mədəniyyət, məşğulluq və texnologiyalara dair məsələlərlə məşğul olan dövlət qurumlarının nümayəndələrinin, Azərbaycan fəaliyyət göstərən xarici diplomatik korpusu təmsil edən diplomatların və yüksək vəzifəli şəxslərin, yerli İKT şirkətlərinin rəhbərlərinin, eləcə də bu sahədə çalışan qadın sahibkarların da olduğu 200-dən artıq iştirakçının qatılacağı gözlənilir.

Konfransdan əvvəl iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla şəxsən ünsiyyət etmək imkanı əldə edəcək, onları maraqlandıran suallara cavab ala biləcəklər.

Konfransın açılış hissəsində Facebook şirkətinin əməliyyatlar üzrə baş direktoru Şerill Sandberqin yazılı salamlama müraciəti oxunacaq, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Xulin Zaonun konfrans iştirakçılarına videomüraciəti nümayiş ediləcək.

Açılış nitqləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Lori Antolinez, ADA Universitetinin SITE məktəbinin dekanı Məhəmməd Kah və nazirliklərin nümayəndələri tərəfindən ediləcək.

Tədbir ərzində başlıca müzakirələr Azərbaycan qızları və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi, İKT sektorunun qızlar və qadınlar üçün geniş perspektivlər vəd edən məşğulluq sahəsi olmasına dair imicinin formalaşdırılması, gənc qızların gələcək karyeralarını məhz İKT sahəsində qurmalarına həvəsləndirilməsi, yerli biznes sektorunda çalışan İKT şirkətləri və bu sahədə təhsil verən ali məktəblərlə qadınlar üçün akademik və karyera imkanlarının təqdim edilməsi istiqamətində dialoqun aparılması və s. bu kimi məsələlər ətrafında baş tutacaq. Tədbir ərzində keçiriləcək ayrıca sessiyada iştirakçılar Azərbaycanda nüfuzlu şirkətlərdə rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərinin uğur hekayələri ilə tanış olacaq, eləcə də İKT startapları sahəsində müvəffəqiyyətə çatmağın yolları barədə məlumat əldə edəcək.

Konfransın gedişatında FEMMES DIGITALES klubunun Təhsil Nazirliyi ilə birgə Azərbaycanın orta ümumtəhsil məktəblərində təhsil alan qızlar arasında İKT sahəsinin populyarlaşdırılması istiqamətində həyata keçirdiyi layihənin təqdimatı da baş tutacaq. Klubun təsisçiləri ölkə üzrə müxtəlif məktəbləri ziyarət edərək yuxarı siniflərdə təhsil alan qızlarla və informatika fənnindən dərs deyən müəllimlərlə görüşlər keçirəcək.

 Layihə çərçivəsində şagird və müəllimlər ölkənin qabaqcıl İKT şirkətlərində keçiriləcək tanışlıq ekskursiyalarına da dəvət ediləcək. Konfrans ərzində həmçinin Microsoft şirkətinin dünya üzrə həyata keçirdiyi “DigiGirlz” layihəsi də təqdim ediləcək. Qeyd etmək lazımdır ki, “DigiGirlz” gənc qadınların elm, texnologiyalar, mühəndislik işi və riyaziyyat sahələrində təhsil almaları üçün investisiyaları nəzərdə tutan layihədir. Layihə qlobal iqtisadiyyatın çağırışlarına hazır olan gələcəyin peşəkar əmək kadrlarını yetişdirməyi hədəfləyir. Microsoft şirkəti bu təşəbbüslə bütün dünyada çıxış edir və artıq neçə ildir ki, sözügedən tədbir ardıcıl olaraq Azərbaycanda da keçirilir.

Ənənəvi olaraq, konfransın gündəliyində texnologiyalar aləmində qadınların roluna dair kişilərin fikrinə də yer ayrılıb. Bu dəfə bu barədə öz fikirlərini Pricewaterhouse Coopers şirkətinin partnyoru və AMCHAM İdarə heyətinin üzvü Mövlan Paşayev və Azercell şirkətinin informasiya xidmətləri bölümünün rəhbəri Ramin Orucov bildirəcək.

Tədbirdə FEMMES DIGITALES  klubunun nümayəndələri iştirakçılara klub üzvlüyünün faydaları barədə məlumat verəcək, eləcə də kluba daxil olmağın yolları barədə danışacaq. Konfransın yekununda Azərbaycanda və ölkə hüdudlarından kənarda İKT sahəsində məhsuldar fəaliyyətinə görə fərqlənən qız və qadınlar üçün FEMMES DIGITALES  klubunun illik təqaüdünün təsis edilməsi elan ediləcək.

Konfrans barədə daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.