Bakıda I Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verildi

10-09-2009 / 17:31

Bu gün Azərbaycanın paytaxtında I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi keçirilib. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi Muzey Mərkəzinin qarşısında baş tutub. Festivalda iştirak etmək üçün Azərbaycana təşrif buyuran çoxsaylı ölkə nəşriyyat və poliqrafiya evlərinin rəhbərləri, əməkdaşları Muzey Mərkəzində Azərbaycanın klassik bəstəkarlarının əsərlərinin ifası ilə qarşılanıblar. Muzeyin qarşısında baş tutan açılış mərasimində çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev bu hadisənin önəmliliyindən danışıb. E. Əfəndiyev bu tədbirin Azərbaycan ədəbiyyatına böyük töhfələr verəcəyinə əmin olduğunu və bu işdə festival iştirakçılarına uğurlar arzuladığını vurğulayıb.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bu gün açılışı keçirilən Beynəlxalq Kitab Sərgisinin Azərbaycan xalqı üçün böyük töhfə olduğunu qeyd edib: “Bu sərgiyə maraq gözlədiyimizdən də artıq oldu və bu hal bizi çox sevindirir. Bilirsiniz ki, Bakıda keçirilən bu sərgidə iştirak etmək üçün 23 xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisləri iştirak edir. Bu Beynəlxalq Kitab Sərgisinin hər iki ildən bir ənənəvi keçirməyi nəzərdə tuturuq. Kitab gənclərin püxtələşməsi üçün, onların savadlanması üçün ən böyük vasitədir. Azərbaycan il ərzində ən azı beş-altı müxtəlif beynəlxalq kitab sərgilərində öz nəşrləri ilə təmsil olunur və uğurlar qazanır”.

Nazir qeyd edib ki, bu festivalın təşkilində əsas məqsəd Azərbaycan poliqrafiya işinin dünya bazarına, dünya məkanına çıxarılması üçün vasitə yaratmaqdır: “Eyni zamanda dünya ictimaiyyətin Azərbaycanda poliqrafiya işinə diqqətin cəlb olunması, beynəlxalq sərgi və yarmarkaların keçirilməsi ilə əhali arasında kitaba maraq artırmaqdır. Məntiqi nəticə odur ki, bununla bizim kitabxanalarda oxucuların sayı da, kitaba sevgisi də çoxalacaq. Bu cür tədbirlərin təşkili Azərbaycanda həyata keçirilən mədəni siyasətin geniş ictimaiyyətə çatdırılmasına imkan verir”.

Ə. Qarayev qeyd edib ki, I Bakı Beynəlxalq Kitab Sərgisi üç gün davam edəcək və bu müddət ərzində müxtəlif tədbirlər, təqdimatlar, müəlliflərlə görüşlər və imzalanma mərasimləri keçiriləcək: “İlk dəfə olaraq bütün xərcləri dövlət öz üzərinə götürüb. Bilirsiniz ki, adətən bu cür sərgilərdə hər iştirakçı ölkə öz haqqını ödəyir. Biz isə bundan imtina etdik. Yəqin ki, bu bir neçə il belə davam edəcək və bu hal artıq ənənəyə çevriləndən sonra, beynəlxalq səviyyəsi artırıldıqdan sonra artıq özləri maraq göstərəcəklər və hal tətbiq olunacaq”. Mədəniyyət və turizm naziri beş bundan əvvəl latın qrafikası ilə kitabların çapı ilə bağlı verilən sərəncamdan sonra bu günə kimi 10 milyondan artıq tirajla kitab nəşr olunduğunu deyib.

Açılış mərasimində sonra baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Husuli Kılıç və digər ölkələrin səfirləri, Azərbaycana təşrif buyurmuş qonaqlar, eləcə də tanınmış ədəbiyyat xadimləri Muzey Mərkəzində təşkil olunmuş kitab sərgisinə baxıblar. Sərgidə iştirak edən xarici ölkə nəşriyyat evləri qonaqlara kitab hədiyyələri də təqdim ediblər.

Qeyd edək ki, sentyabrın 12-dək davam edəcək sərgidə ABŞ, Türkiyə, İran, Pakistan, Belarus, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Ukrayna, Rusiya, Polşa, Slovakiya, Estoniya, Latviya və digər ölkələrinin nəşriyyatları qatılıblar. Sərgi-yarmarka çərçivəsində Muzey Mərkəzinin konfrans zallarında kitab təqdimatlarının, Azərbaycan naşirləri ilə dünya naşirlərinin görüşləri, müəlliflərin imza mərasimi, eyni zamanda xarici ölkə nəşriyyat və poliqrafiya rəhbərləri ilə yerli nəşriyyat müəssisələri arasında əməkdaşlığa dair danışıqların keçirilməsi də gözlənilir. Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Sərgi son illərdə nəşr olunmuş kitabların nümayişinə, satışına, müəlliflər və digər ölkələrin nəşriyyat-poliqrafiya təşkilatları arasında danışıqlar aparılması və müqavilələr bağlanmasına yeni imkanlar açacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə