Barama yerli startaplara dəstəyi artırır

26-02-2016 / 13:16

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi uğurlu fəaliyyətini davam etdirir.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, Barama 2016-cı ildə də yeni və maraqlı layihələr təqdim etməyi planlaşdırır.

Artıq yeni ilin ilk aylarında bu layihələrdən bəziləri həyata keçirilib.

Məlumatda qeyd edilib ki,  bu günlərdə Sumaks  şirkətinin hazırladığı Avtomaks cihazının təqdimatını keçirən mərkəz bununla Azərbaycanda ilk  dəfə olaraq  avtomobillərin təhlükəsizliyini təmin edən yerli məhsulu təqdim etdi. Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. Avtomaks qurğusu  avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Mərkəzin dəstəklədiyi maraqlı işlərdən biri də WOWOMAN: Tech-tech Xanim layihəsidir.

WOWOMAN: Tech-Tech Xanım Azərbaycanda xanımların informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılan layihədir. Qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan bu layihə xanımların inkişaf edə biləcəkləri və biliklərini artıracaqları seminarların, kursların və tədbirlərin təşkil olunması ilə məşğul olur. Artıq layihənin ilk mərhələsi başa çatıb və Microsoft təlimlərini keçən qalib xanımlar mükafatlandırılıblar. Fevralın 27-də ikinci mərhələsi başlayacaq layihə çərçivəsində yalnız xanımlar İT sayəsində təlimlərə qatılacaq və bir çox şirkətin İT mütəxəssisləri tərəfindən maarifləndiriləcəklər. Təlim keçən mütəxəssislər sırasında Azercellin Məlumat Xidmətləri bölümünün rəhbəri Ramin Orucov da var.

Qeyd edilin ki, artıq üç ildir ki, yerli sahibkarlar üçün dünyaşöhrətli Seedstar World Competition yarışması keçirilir və  50 ölkədən qatılan gənclərə özlərini texnologiyalar sahəsində sınamaq imkanı yaradılır. Azercell Telekom MMC-nin dəstək verdiyi  Seedstars World inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir. Azərbaycanda keçirilən yarışmada qalib gələn gənclər 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500.000 dollara qədər investisiya almaq imkanı qazanıblar.

 Barama İnnovasiya Mərkəzi və Azercellin Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov Xeberler.az-a bildirib ki, fəaliyyətə başladığı gündən ölkədə təhsilin inkişafına böyük dəstək göstərən mərkəz bu gün də bu istiqamətdə uğurlu layihələrə imza atır:

“Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  ilə gələcək əməkdaşlıq barədə danışıqlar gedir.  Eyni zamanda, Barama  magistr proqramı çərçivəsində təhsil alan gənclər üçün üçün Təhsil.Online və gənc proqramçılar üçün  təlim və yarış xarakterli “ Barama Hack Dayy 2016” layihələri üzərində çalışır. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi eyni zamanda burda çalışan gənclər üçün mütəmadi olaraq xüsusi təlimlər keçirir, onların bilik və təcrübələrini artırmağa çalışır. Mərkəzdə çalışan gənc sahibkarların inkişafına yönəlmiş “Digital Marketing” üzrə təlim də bu baxımdan xüsusi qeyd olunmalıdır”.

Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.  

 

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.