Beynəlxalq İnternet İdarəçiliyi Forumunun toplantısı ilə bağlı AİF Müraciət qəbul edib

20-07-2012 / 11:11

AİF bildirir ki, cari ilin 6-9 noyabr tarixində Bakı şəhərində beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı keçiriləcək. Toplantıda dövlət, özəl və vətəndaş cəmiyyətlərini təmsil edən 2000-dək nümayəndənin iştirakı gözlənilir.

AİF IGF-nin 7-ci toplantısının Bakı şəhərində keçirilməsini alqışlayır və bunun Azərbaycanın beynəlxalq aləmdə tanıdılması ilə bərabər Azərbaycan İnternetinin də inkişafına təkan verəcəyini düşünür.

AİF hesab edir ki, bu cür yüksək səviyyəli beynəlxalq toplantıda Azərbaycanın son illərdə İKT və xüsusilə İnternet sahəsində əldə etdiyi uğurların təqdim edilməsi, digər ölkələrlə təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar əldə olunacaq.  
Bununla belə  IGF-nin  müxtəlif İnternet problemlərinin müzakirəsi ilə bağlı həm beynəlxalq, həm də milli platforma olmasını nəzərə alaraq AİF hökumət, eləcə də    cəmiyyət üçün Azərbaycan İnternetinin spesifik problemlərinin də diqqətə çatdırılmasının əhəmiyyətli olacağını düşünür.

AİF beynəlxalq tədbirin keçirildiyi ərəfədə  Azərbaycan İnternetinin inkişafına təkan vermək məqsədilə hökumətə, biznes sektoruna və İnternet ictimaiyyətə müraciət edərək  Azərbaycan İnternetinin aşağıdakı problemlərinin həllini diqqətdə saxlamağa və bu istiqamətdə səyləri gücləndirməyə çağırır.

1.    .az domeninin (milli İnternet ünvanların ) qeydiyyatının tənzimlənməsi.
Milli İnternet ünvanı – .az  domeninin qeydiyyat prosesinin tənzimlənməsini beynəlxalq və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmək. Qeydiyyat prosesini tənzimləyən İnternet ictimaiyyətinin maraqlarına uyğun kollegial qurum formalaşdırmaq, qeydiyyat qaydalarını hazırlamaq, qeydiyyat prosesində inhisarçılığa son qoymaq və şəffaf, onlayn qeydiyyat mexanizmləri hazırlamaq;
2.    Ölkənin bütün ərazisində keyfiyyətli İnternetə əlçatımlığın təmin edilməsi.
Ölkənin bütün ərazisində keyfiyyətli İnternetə müxtəlif texnologiyalar üzərindən əlçatımlığı təmin etmək. Dövlət provayderlərini özəlləşdirmək, sərbəst və azad rəqabəti inkişaf etdirmək.  Regionlarda, xüsusilə kəndlərdə geniş zolaqlı İnternet infrastrukturun qurulmasını  təmin etmək. Əhalinin müxtəlif təbəqələrinin İnternetdən səmərəli və effektiv istifadəsi üçün zəruri addımlar atmaq;
3.    Dövlət və qeyri-dövlət İnternet  resursların İnformasiya təhlükəsizliyinin qorunması.
Milli informasiya resurslarının informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirmək; antispam, onlayn mühitdə şəxsi informasiyaların qorunması, dövlət və qeyri-dövlət informasiya resurslarının informasiya təhlükəsizliyi sahəsində dövlət qurumlarının səlahiyyətlərini dəqiqləşdirmək və kiber cinayətkarlıq haqqında konvensiyanın tələblərindən irəli gələn vəzifələri həyata keçirmək; uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində vətəndaş cəmiyyəti ilə birgə təsirli tədbirlər həyata keçirmək;
4.    Dövlət qurumlarının İnformasiya açıqlığı və elektron xidmətlərin inkişaf etdirilməsi.
Dövlət qurumlarının, digər ictimai informasiya subyektlərinin informasiya açıqlığını inkişaf etdirmək; rəsmi internet resursları, İnternet köşkləri, sosial media vasitələri  və digər alternativlər üzərindən ictimai informasiyaların açıqlanmasını və elektron xidmətlərin göstərilməsini təkmilləşdirmək; sosial əhəmiyyətli və kütləvi xidmətləri elektron formaya keçirmək;
5.    Onlayn biznes mühitini inkişaf etdirmək.
İnternet texnologiyalarının, startapların inkişaf etdirilməsi üçün investisiya mühitini yaxşılaşdırmaq. İKT üzrə Azad İqtisadi zonaların yaradılmasını sürətləndirmək;

Müraciət AİF –in 13 iyul 2012-ci il tarixli  toplantısında qəbul edilib.

 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR




sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.