Beynəlxalq Olimpiadanın Bakıda keçirilməsi İnformatikanı geri qaytaracaqmı?

12-08-2015 / 15:02

“Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi son zamanlar bu fənnə qarşı ədalətsiz münasibəti dəyişə bilər”.

Xəbər verdiyimiz kimi, Beynəlxalq İnformatika Olimpiadası (BİO) 2019-cu ildə Azərbaycanda keçiriləcək. BİO bütün dünyada informatika fənni üzrə keçirilən ən vacib yarışlardan biridir. Yarışmanın şərtlərinə görə, iştirakçılar bu beynəlxalq yarışmada çıxış etməklə İT sahəsində mühüm iz qoymuş olurlar. Qabaqcıl ölkələr və şirkətlər həmişə bu yarışları nəzarətdə saxlamağa çalışırlar ki, İT sahəsində uğurlu kadrları ilk növbədə cəlb edə bilsinlər.

Xeberler.az bu beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini nəzərə alarq  İnformatika müəllimləri arasında belə bir sorğu keçirib:

“Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Azərbaycanda keçirilməsi ölkəmizə nə verəcək?”

Sorğunun nəticələrini təqdim edirik:

İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin riyaziyyat-informatika müəllimi Aynurə Kərimova hesab edir ki, olimpiadaya yaxşı hazırlaşmaq lazımdır və eləcə də bəzi məktəblərdə İnformatika fənninin ləğvi məsələsinə yenidən baxılmalıdır:

“2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına yaxşı hazırlaşmaq lazımdır. Olimpiadanın məqsədi müxtəlif ölkələrdə İnformatika sahəsində istedadlı şagirdləri üzə çıxarmaq, gənclərdə İnformatikanın öyrənilməsində maraq yaratmaqdır. Buna nail olmaq üçün ümid edirəm ki, yuxarı siniflərdə İnformatika fənninin ləğvi məsələsinə yenidən baxılacaq”.

Xırdalan şəhər 1 saylı məktəbin informatika müəllimi Təranə Məmmədova Xeberler.az-a bildirib ki, bu olimpiada ölkəmiz üçün çox faydalıdır və ona görə də X-XI siniflərdə İnformatikanın ləğvi bizi uçuruma apara bilər:

“Çox savadlı gənclərimiz var. Onları üzə çıxarmaq və ölkəmizdə olan yenilikləri dünyaya tanıtmaq üçün bundan şərəfli nə ola bilər? Beynəlxalq yarışmanın Azərbaycanda təşkili təhsilimizin inkişafı baxımından da faydalı olacaq. İnformatika fənninin X-XI siniflərdə tədrisinin ləğvi söhbəti başda biz informatika müəllimləri olmaqla hamını çox üzdü. Müasir zamanda elm və texnologiyanın inkişafı dövründə belə bir qərar ağılasığmazdır. Bu, onu göstərir biz özümüzü məhv edirik. Çünki İnformatikanın lazımsız fənn olduğuna dəlalət edən bu qərar şagird və tələbələrimizin ruhdan düşməsinə, müsabiqələrdə iştirak saylarının azalmasına səbəb ola bilər. Hər bir ölkə nə ilə tanınır ?- Öz ixtiraları və yenilikləri, alimləri və görkəmli şəxsiyyətləri ilə. Düşünürəm ki, belə bir qərar bizi ancaq uçuruma aparar”.

R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin informatika müəllimi Təranə Vahabova inanır ki, bu yarışın ölkəmizdə keçirilməsi informatika fənninin inkişafında dönəm yaradacaq: “Bəziləri bu fənnə “dırnaqarası” baxsalar da, mənim fikirimcə, İnformatika fənni günümüzdə bütün sahələrdə lazımlı bir elmdir. İnformatika fənni şagirdlərə digər fənnləri qavramağa kömək edir. Danılmaz faktdır ki, Azərbaycan şagirdləri bütün sahələrdə olduğu kimi İKT sahələrində də böyük nailiyyətlər əldə etməyə qadirdir. 2019 -cu ildə Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsi ölkəmizdə İnformatikaya marağın artıracağına inanıram. Biz bu sahədə naliyyətlər əldə etsək onda “bəziləri” İnformatika fənni ilə, kompüterdə işləmək arasında böyük fərq olduğunu görərlər”.

Bakı şəhər 283 saylı məktəbdə informatika müəllimi, İnformatka dərsliklərinin müəllifi Naida İsayeva olimpiadanın Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O qeyd edib ki, olimpiada İnformatika fənninin əhəmiyyətini lazımi qurumlara bir daha nümayiş etdirə bilər:

“İlk dəfə olaraq belə möhtəşəm tədbirə Azərbaycan sahiblik edəcək və bu tədbir sözün əsl mənasında mühüm hadisə olacaq. Tədbirdə dünyanın ən istedadlı gəncləri iştirak edəcək, eləcə də Bakıya İnformatika sahəsində tanınmış alimlər, olimpiada rəhbərləri, müəllimlər, İT mütəxəssisləri yığışacaqlar.

I Avropa Oyunlarının Respublikamız üçün nə qədər əhəmiyyətli idisə, düşünürəm ki, bu il keçirilmiş Beynəlxalq Kimya və 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının da bir o qədər əhəmiyyəti vardır. Olimpiadada iştirak edən şagirdlər qeyri-adi, bəziləri isə hətta fitri istedada malik gənclərdir. Bu cür yüksək istedad sahibləri həyatda özlərini tez bir zamanda təsdiq edir və sürətli karyera qururlar. Bir neçə onilliklərdən sonra bu günün olimpiadaçıları dünya texnologiyalarının inkişaf trendini müəyyən edən alim, mütəxəssis və peşəkar proqramçılar kimi fəaliyyət göstərəcəklər. Onlardan bir çoxlarının gələcəkdə nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri olacaqları da heç kimdə şübhə doğurmur. Dünyanın müxtəlif ölkələrindən bizə qonaq gələcək bu istedadlı gənclərdə vətənimiz barədə xoş təəssüratların yaradılması gələcəkdə onların nüfuzlu mütəxəssislər kimi müxtəlif biznes planları ilə ölkəmizə dönəcəklərinə və Respublika iqtisadiyyatına xeyir verəcəklərinə inam yaradır”.

Naida İsayeva onu da əlavə edib ki, Olimpiadanın başlanmasına qalan müddət ərzində, yəni 2019-cu ilə qədər həyata keçiriləcək tədbirlər bu fənnə son zamanlar formalaşmış ədalətsiz münasibəti prinsipial olaraq dəyişə bilər: “ İnformatikanı elm deyil, sadəcə texnologiya hesab edən məmurlar şəxsi məlumat bazalarındakı çatızmazlıqları doldurmaq şansını əldə edəcəklər. Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsində ən böyük qələbəni İnformatika elmi qazanacaq”.

Laçın rayonu 7 saylı tam orta məktəbdə riyaziyyat-informatika müəllimi Venera Mirzəyeva Xeberler.az-a bildirib ki,  Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Azərbaycanda keçirilməsi bu sahənin inkişafı üçün stimul yaradacaq, orta məktəblərdə bu fənnin tədris keyfiyyətinə münasibəti dəyişəcək:

“Respublikanın texniki təmayüllü tanınmış 50 məktəbinin X-XI siniflərində İnformatika fənninin ləğvini təşkil edənlər yaxşı olardı ki, Respublikamızın çox dəyərli mütəxəssisləri ilə tam şəkildə əminlik olmadan bu qərarı verməyəydilər. Orta məktəbdə həm riyaziyyat, həm də İnformatika fənnini tədris edirəm. İnformatika fənni fundamental bir elmdir. Hamı kompüterdə işləyə bilər, İnternetdən istifadə edə bilər, ancaq, bir elm olaraq bu fənn üzrə biliklərə yiyələnə bilməzlər. Bunun üçün mütəxəssis olmaq lazımdır. Müasir texnologiyalarla bağlı davranışlara ola bilsin ki, gənclər az-çox yiyələnə bilsinlər, ancaq bu gənclər yaradıcı ola bilməzlər. Bu sahədə heç bir intellekt bacarıqlarını göstərə bilməzlər. Yarımçıq elm isə heç kimə lazım deyil. Mən belə başa düşürəm ki, Beyəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsi bu sahənin inkişafına və orta məktəblərdə tədrisinə birmənalı münasibət yaradacaq. Artıq səhvi düzəltməyin vaxtı çatıb”.

Bakı Avropa liseyində informatika müəlliməsi kimi çalışmış İlhamə Hacıyeva Xeberler.az-a bildirib ki, məktəblərdə İnformatikanın ləğvi məsələsi ortaya çıxdığı ərəfədə olimpiadanın Bakıda keçirilməsi stimul oldu:

“İlk növbədə Azərbaycan dövlətinin İKT sahəsinə biganə qalmayan, əziyyəti olan bütün şəxsləri Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Azərbaycanda keçirilməsi münasibətilə təbrik edirəm. Doğurdan da bu, böyük bir nailiyyətdir. Özü də fikir verin nə zaman bu baş verdi, bizim məktəbdə İnformatika fənninə şübhə ilə yanaşılan zaman. Məncə, indi hamımız, həm informatika müəllimləri, həm informatika ilə dərindən məşğul olan şagirdlər, İT mütəxəssisləri, bütün İT sahəsinə aid olan şəxslər bu Olimpiadaya ciddi və məsulliyyətli yanaşmağı qarşıya məqsəd qoymalıyıq. Olimpiadanın Azərbaycanda keçirilməsi bunun üçün güclü bir stimuldur. Özümüzə söz verməliyik ki, güclü çıxış edib medal qazanaq. Təbii ki, Olimpiadada yer tutmaq üçün mütləq bilik və bacarıqdan başqa şagirdlərdə döyüşçü ruhu yaratmaq lazımdır. Bizdə isə əksinə şagirdlərə özümüz bunu istəmədən belə informatikanın artıq olmasını göstərmişik. Şükürlər olsun, bu olimpiadanın Azərbaycanda keçirilməsi bizdə ilk növbədə döyüşçü ruhu yaradacaq və qalibiyyətə doğru aparacaq. Nəticədə təbii ki, Beynəlxalq Olimpiadanın ölkəmizdə təşkili Azərbaycan dövlətinin İT sahəsinin inkişafı, böyüməsi və güclənməsi deməkdir”.

İnformatika müəlliməsi Afət Ələkbərova hesab edir ki,  Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Azərbaycanda keçirilməsi müəllimlərin məsuliyyətini artıracaq: “Baxmayaraq ki, X-XI siniflərdə artıq İnformatika fənni tədris olunmayacaq, ölkəmizdə təşkil olunacaq dünya səviyyəli yarışma nəticəsində şagirdlərin bu fənnə marağı daha da artacaq. Eyni zamanda Beynəlxalq İnformatika Olimpiadası ölkəmizin dünya ölkələri arasında daha da yaxşı tanınmasına stimul verəcək”.

İnformatika müəllimi Fərid Əliyevin fikrincə, bu tədbir ölkədə İnformatika fənninə marağı artıracaq: “Təhsil Nazirliyi tərəfindən yuxarı siniflərdə informatika fənninin tədrisi ləğv edilib. Elm və texnologiyanın bu dərəcə inkişaf etdiyi bir ölkədə belə bir qərarın qəbulu üzücüdür. İnanıram ki, 2019-cu il Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdə keçirilməsi ilə bu fənnə daha ciddi münasibət göstəriləcək. Əsas iştirak etməkdir, ümid edirəm ki, bu yarışma Azərbaycana uğur gətirəcək”.

Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika müəllimi Yaşar Quliyev hesab edir ki, beynəlxalq yarışma İnformatika fənninin ləğvi məsələsinin yanlış qərar olduğunu sübut edəcək:

“Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdə keçirilməsi ilk öncə İKT strukturunun inkişafına səbəb olacaq. Azərbaycan beynəlxalq yarışmaya ev sahibliyi etməklə informasiya texnologiyaları sahəsində ciddi uğura imza atacaq. İnformatika vacib elmdir. Bu fənn üzrə önəmli müsabiqələrdə iştirak ediriksə şagirdlərimizi, tələbələrimizi ciddi hazırlaşdırmalı, bu sahəyə cəlb etməliyik. Bütün bunları nəzərə alaraq demək istərdim ki, bu tədbirin ölkəmizdə keçirilməsi İnformatika fənninin ləğvi məsələsinin yanlış qərar olduğunu sübut edəcək”.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.