Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015 / 15:47

“İlin sonuna qədər elektron kənd təsərrüfatı ilə bağlı fəaliyyətin nəticələri açıqlanacaq”

“Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” ( İACS) adı altında elektron kənd təsərrüfatı quruculuğunun praktik təşkilinə başlanılıb”.

Bunu Xəbərlər-ə elektron kənd təsərrüfatı quruculuğundan danışan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.

Şöbə müdiri bildirib ki, elektron kənd təsərrüfatı sistemi ilə bağlı Nazirlər Kabineti də müvafiq qaydaları artıq müəyyən edib. Firdovsi Fikrətzadənin sözlərinə görə, Avropa ekspertləri tərəfindən elektron kənd təsərrüfatının texniki parametrləri ötən ildən hazırlanıb və artıq bu sahədə fəaliyyətlərə başlanılıb: “Torpaq sahələrinin identifikasiya sistemi, fermer təsərrüfatlarının reyestri, biznesin təhlili və hesabatlar modulu , həmçinin sənədlərin idarə olunma sistemi, ərizələrin emalı modulu, ödənişə icazə modulu və risklərin təhlili modulu istiqamətində sistemin praktik qurulmasına başlanılıb”.

O qeyd edib ki, Avropa Birliyinin ekspertləri tərəfindən Azərbaycanda elektron kənd təsərrüfatı ilə bağlı hüquqi, təşkilati baza qiymətləndirilib və bundan sonra fəaliyyətə başlanılıb.

Firdovsi Fikrətzadə onu da qeyd edib ki, heyvanların identifikasiya sisteminin qurulması üçün Dünya Bankı ilə birgə də artıq texniki şərtlər hazırlanır: “Bununla əlaqədər layihəyə beynəlxalq ekspertlər cəlb olunub. Onlar ayrıca heyvanların identifiaksiyasını edəcəklər”.

Nazirlik rəsmisinin sözləinə görə, hazırda elektron kənd təsərrüfatına cəlb olunacaq kadrlara beynəlxalq ekspertlər tərəfindən təlim keçirilir: “Sistemin bazasını xarici ekspertlər təşkil edib. Amma Azərbaycanda bu sistemlə yerli mütəxəssislər çalışacaq. Ona görə, artıq kadrların təlim keçməsi üçün şərait yaradılır”.

Firdovsi Fikrətzadə bu ilin sonuna qədər elektron kənd təsərrüfatı ilə bağlı fəaliyyətin ilkin nəticələrinin olacağını vurğulayıb. Onun sözlərinə görə, sistemin kənd təsərrüfatına tam şamil edilməsi prezident İlham Əliyevin fərmanına uyğun olaraq 3 il müddətində həyata keçiriləcək.

Prezident İlham Əliyev ötən il aprelin 16-da aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanda beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasının təmin edilməsi yer alıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.