Birləşmiş Krallığın Portalındakı problem aradan qaldırılıb

21-09-2015 / 14:19

Birləşmiş Krallıq "Elektron Hökumət" portalının (www.gov.uk) onlayn identifikasiya problemini tədricən aradan qaldırıb.

Xeberler.az bildirir ki, portalın mütəxəssisləri, rəqəmsal dizayn komandası istifadəçinin şəxsiyyətinin identifikasiyası üçün yeni təhlükəsiz sistemin qurulmasına üç il vaxt sərf edib. Gov.uk portalının identifikasiya sistemi yeni sürücülük vəsiqəsi, pasport və ya onlayn vergi bəyannaməsi üçün müraciəti sadələşdirir və istifadəçilər üçün vahid sistemdən istifədə edərək təhlükəsiz qeydiyyatdan keçməni mümkün edir. Həmçinin, sistem istifadəçilərin şəxsi məlumatlarının təhlükəsiz saxlanılmasını təmin edir.

İdentifikasiya sistemi bir il ərzində minlərlə vətəndaşın test mühitində qeydiyyatdan keçirilməsi ilə işə başlayıb və ötən ildən real rejimdə istifadəyə təhvil verilib. İdentifikasiyanın ən mühüm üstünlüyü bir çox məlumatların avtomatik yenilənməsidir.

Gov.uk portalının identifikasiya sisteminin qurulmasına və inkişafına üç il vaxt sərf edilməsi istifadəçinin çeşidli mənbələrdən identifikasiyasının mümkün edilməsi ilə bağlıdır. Belə ki,  bu mənbələrə kredit informasiyaları, kommunal fakturalar, sürücülük vəsiqələri, mobil provayder fakturaları və sair daxildir.

İstənilən xidmətin icrası zamanı gov.uk portalında identifikasiya olunmaq üçün aşağıdakı mərhələləri keçmək tələb olunur:

İlkin olaraq, istifadəçi müvafiq xidməti seçir; nümunə üçün sürücülük vəsiqəsinin yenilənməsi;

- Daha sonra, 2 akkreditə olunmuş şirkətin identifikasiya sistemi təklif kimi istifadəçiyə təqdim olunur (Experian, Verizon), hər iki şirkət vahid standartlar əsasında identifikasiyanı həyata keçirir;

- Sonrakı mərhələdə, istifadəçiyə identifikasiya üçün tələb olunan sənədlər (kredit informasiyaları, kommunal fakturalar, sürücülük vəsiqələri, mobil provayder fakturaları və s.) göstərilir, minimum iki sənədin seçilməsi mütləqdir. Həmçinin, onlayn xidmətdən istifadə edə bilməyənlərə alternativ variantlar (məsələn, poçt məntəqələrinə getmək) da təklif olunur;

- Daha sonra, şəxsiyyət vəsiqəsini və ya sürücülük vəsiqəsini (və ya hər ikisini) seçməklə identifikasiya prosesi davam etdirilir;

- Sistem təhlükəsizlik kodunun göndərilməsi üçün mobil və ya ev (və ya hər ikisi) telefon nömrəsini qeyd etməyi tələb edir;

- Daha sonra istifadəçi adı və şifrəsi qeyd olunur;

- Növbəti mərhələdə istifadəçi profilinin yaradılması bölməsində istifadəçi şəxsi məlumatlarını (soyad, ad, ata adı, doğum tarixi və s.) daxil etməlidir. Şəxsiyyətin təsdiqlənməsi bölməsində identifikasiya testi vasitəsilə sistem istifadəçinin şəxsi məlumatları üzrə suallar verir, uğurla cavablandırıldıqdan sonra hesabın təhlükəsizliyi bölməsinə keçilir. Mobil nömrə daxil edilərək, təhlükəsizlik kodu əldə edilir və identifikasiya prosesi tamamlanır.

Bu proses gov.uk istifadəçilərindən bir dəfə tələb olunsa da, hər bir xidmətdən istifadə üçün identifikasiyanı reallaşdırmış şirkət seçilir, daha sonra sistem tərəfindən avtomatik göndərilən kod vasitəsilə xidmətə müraciət edilir.

Bu identifikasiya sistemini yaradan komanda iddia edir ki, belə bir sistem dünyada ilkdir və bu sistemin əsas üstünlüyü təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təmin olunmasıdır. Estoniya kimi elektron xidmətləri yüksək səviyyədə inkişaf etmiş ölkələr belə vətəndaşların portalda identifikasıyasını şəxsiyyət vəsiqələri üzrə mümkün edib ki, bu da təhlükəsizlik baxımından o qədər də etibarlı hesab edilmir.

Qeyd edək ki,  "Elektron Hökumət" portalına daxil omaq üçün kod/parolların onlayn şəkildə qeydiyyatdan keçməklə əldə edilməsi məsələsi bizdə hələ 3 il bundan əvvəl öz həllini tapıb. Belə ki vətəndaşlar onlayn şəkildə qeydiyyatdan keçməklə asanlıqla kod/parol əldə edə bilirlər və bu sahədə təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunub.

 

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.