“Bloq: dünyaya yeni pəncərə” mövzusunda tədbir keçirildi.

05-02-2011 / 16:05

Dünən “İSR Plaza” otelində “Bloq: dünyaya yeni pəncərə” mövzusunda tədbir keçirildi. “Bizlər” koalisiyasının (“Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti, “Gənclər klubu” İctimai Birliyi, “Dalğa” Gənclər Hərəkatı və Azərbaycan Gənclər Assosiasiyası) təşkilatçılığı ilə keçirilən tədbirdə bloqçular, KİV nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri və xarici qonaqlar iştirak edib.

Tədbiri açan Azərbaycan Liberal Gənclər Assosiasiyasının sədri Səbuhi Qafarov bloqu necə yaratmaq barədə bilgilərini bölüşüb. Sonra o, 5 ay ərzində bölgələrdə bloggerlərlə bağlı həyata keçirdikləri layihə haqqında məlumat verib. “Gənclər klubu” İctimai Birliyinin rəhbəri Zaur Əkbər də bloqçuluq fəaliyyəti haqda fikirlərini bildirib. Bölgələrdə blogger fəaliyyəti ilə məşğul olmaq istəyənlərə təlim keçən Hacı Hacıyev regionlarda keçirdikləri treninq barədə məlumat verib: “Biz 5 ay ərzində bölgələrdə yaşayan gənclərə bloq yaratmaq haqda və sair elementar bilgilər verdik. Əmin olduq ki, bu gün Azərbaycanda kifayət qədər aktiv gənc var. Sadəcə onlara təkan vermək lazımdır. Biz də əlimizdən gələn köməyi etdik”.

Təlimçi Qərbdə və Azərbaycanda bloggerliyin müqayisəsini də aparıb: “Bloq yaratmaq təşəbbüsü ilk dəfə Qərbdə yaransa da bloggerlər daha çox söz azadlığının boğulduğu ölkələrdədir. Bu ölkələr sırasında Azərbaycanın da adı var. Bu faktı araşdırmalarımız nəticəsində əldə etmişik”.

Tədbirdə “Alternativ media: Qərb və Azərbaycan təcrübəsinin müqayisəli təhlili” mövzusunda müzakirələr aparılıb. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu mövzuda gənclərə öz tövsiyələrini veriblər. Demokratik Jurnalistika Məktəbinin rəhbəri, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev “Mövcud şəraitdə Azərbaycanda alternativ medianın inkişaf yolları” mövzusunda çıxış edib. O, mətbuatın durumu, problemləri və çıxış yolları barədə iştirakçıları məlumatlandırıb. Sonda “Regionda bloqçuluq fəaliyyətinin inkişafı üçün nə etmək  lazımdır” sualı ətrafında açıq müzakirə aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə