CES 2017-də təqdim olunan əsas texnoloji yeniliklər

10-01-2017 / 14:12

5-8 yanvar 2017-ci il tarixlərdə Las-Veqasda istehlak sektoru üçün rəqəmsal texnologiyaların inkişafının flaqmanı kimi tanınan “İstehlak Elektronikası Sərgisi” (Consumer Electronic Show – CES 2017) keçirilib.

Xeberler.az AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən CES 2017-də yer alan ən son texnoloji yenilikləri təqdim edir:

Yeni eranın televizorları

LG şirkəti korpusu yalnızca 2,57 millimetr qalınlığa malik olan Signature 4K OLED W seriyasını təqdim edib. Televizor əsas ekrandan və Dolby Atmos soundbar səs sistemindən ibarətdir. Sistem HDR10, Dolby Vision və HLG kimi HDR-videoları dəstəkləyir. Televizor iki ölçüdə təklif edilir: 65 və 77 düymlük diaqonal. Qurğunun istehsal tarixi və qiyməti haqqında hələ ki, dəqiq məlumat verilmir.

Daha bir maraq doğuran yeniliyi Xiaomi təqdim edib. Mi TV 4 çərçivəsiz televizorunun qalınlığı 4,9 millimetr təşkil edir. Audio bloku, həmçinin konnektor və ana plata ayrıca təklif edilir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu modulyar televizorların yaradılmasında ilk addım hesab olunur. Yeni qurğunun qiyməti iki min ABŞ dolları təşkil edir ki, bu da  Mi TV 4-ün rəqibləri ilə müqayisədə nisbətən aşağıdır.

Elektrik avtomobilləri

Sərgidə təqdim olunan digər yenilik – Faraday Future (FF 91) elektrik avtomobilidir. O, ən “zirək” elektrik avtomobili adını qazanıb: avtomobil yalnız 2,39 saniyə ərzində 96,5 km/saata qədər sürət yığa bilir. Bu, ən dinamik “Tesla” avtomobilinin göstəricilərindən daha yüksəkdir.

Robot-köməkçilər

LG şirkəti CES 2017 sərgisində Hub Robot-un ev modeli, asistent Guide Robot və xadimə Cleaning Robot-u təqdim edib. Hub Robot “ağıllı” qurğulara qoşulmaq imkanına malikdir və səs əmrlərini anlayır. Robot sizə hava proqnozundan danışa, kondisioneri işə sala, sobanı qızdıra və bir çox digər işlər görə bilər.

Hub Robot “mehriban” insanabənzər görünüşə sahibdir və asanlıqla ailənin sevimlisi ola bilər. Dörd dil bilən Airport Guide Robot-u isə tezliklə beynəlxalq Seul aeroportunda istifadə olunacaq və səyahətçilərə kömək edəcək. LG-nin təqdim etdiyi digər robot – Airport Cleaning Robot-u çoxsaylı başlıqlara malik olan sənaye tozsoranıdır.

Panasonic şirkəti isə, öz növbəsində, kiçik stolüstü robotunu təqdim edib. Onun diametri – 29 sm, hündürlüyü – 48,9 sm-dir. “Uşaq səsinə” malik olan robota proyektor quraşdırılıb. Qadjet Wi-Fi modulla təchiz edilib və süni intellekt bazası əsasında avtomatik təbii dilin işlənməsi texnologiyasına giriş əldə edə bilir. Robot cloud-a qoşula və istənilən informasiyanı yükləyə bilər. Xüsusi təkərlər ona 3,5 km/saat sürətlə yer dəyişdirməyə imkan verir.

Görünüşünü dəyişən noutbuklar

Razer şirkəti üç ekranlı oyun noutbukunun prototipini təqdim edib. Project Valerie ekranları irəli və geriyə hərəkət edə bilən xüsusi mexanizmə malikdir. Transformer ekranlar IGZO texnologiyası üzrə hazırlanıb.

Bununla yanaşı, Lenovo şirkəti ThinkPad X1 Carbon-u təqdim edib ki, hazırda o Intel-in 7-ci nəslinin çipləri, barmaq izlərinin sürətli skaneri və avtonom rejimdə 15 saata qədər işləmək imkanı əldə edib. 

Smartfonlar və onların “beyni”

Huawei şirkəti ABŞ sakinləri üçün Amazon Alexa səs köməkçisinə malik Mate 9 flaqman modelini elan edib. Sərgidə, həmçinin 5,5-düymlük Honor 6X-in imkanları göstərilib. ASUS isə ZenFone AR modelinin xüsusiyyətləri ilə hər kəsi təəccübləndirib. Belə ki, smartfon Qualcomm Snapdragon 821 prosessoru, 8 Qb əməli yaddaş, 5,7-düym Super AMOLED-ekran QuadHD, 23 meqapiksel əsas kamera ilə təchiz olunub. Smartfonun 2017-ci ilin ikinci rübündə satışa çıxarılması nəzərdə tutulub.

Ağıllı velosipedlər

Sərgidə ictimaiyyətin marağını LeEco şirkətinin iki yeni velosipedi cəlb edib. Bunlar Smart Road Bike və Smart Mountain Bike modelləridir. Hər iki modeldə sistem Android 6.0 Marshmallow əsasında işləyir. Smart Road Bike hamar, digəri isə kələ-kötür ərazilərdə istifadə etmək üçün hazırlanıb. Hər iki model GPS-modulla və qabaqcadan müəyyən edilmiş xəritə, pleyer, barometr, işıqlandırmanının idarəetmə paneli və siqnalizasiya ilə təchiz edilib. ABŞ bazarında ağıllı velosipedlər cari ilin ikinci rübündə satışa çıxarılacaq.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.