Cəsarət et, qayğı göstər - Azercell belə tələbələr axtarır

28-03-2016 / 14:59

Məlum olduğu kimi , ölkədə təhsilin  inkişafına dəstək verib, tələbələri həvəsləndirmək üçün Azercell şirkəti tərəfindən hər il Tələbə Təqaüdü  və Tələbə Təcrübə Proqramı elan edilir.

Müşahidələrimiz göstərir ki, tələbələr arasında bu proqramlara böyük həvəs var. Hətta, hər iki  imkanı qazanmaq uğrunda gənclər arasında  ciddi rəqabət gedir .

Ötən dəfə Tələbə Təcrübə proqramını qazanmış dostumuzla danışanda deyir ki, hələ də hamı ondan soruşur ki,  proqrama necə qəbul olundu? Niyə onu seçdilər və bunun kimi digər suallar çox olur.

Xeberler. az olaraq şirkətin həyata keçirdiyi bu sosial fəaliyyətlə daha yaxından maraqlanıb, həm öz suallarımıza, həm də tələbələrdə belə maraq yaradıb, onlarda da çoxlu suallar yaradan proqramların keçirilmə, qəbul qaydalarına aydınlıq gətirmək üçün Azercell şirkətində olduq.

Proqramın təşkilat komitəsi,  hazırda  şirkətin təcrübə proqramında iştirak edən və bu proqramları  bitirmiş təcrübəçilərlə ətraflı söhbət  etdik.

Azercell-in İnsan Qaynaqları departementinin Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin rəhbəri Aytən Fərzəliyeva proqramların keçirilmə tarixi və məqsədləri barədə  ətraflı məlumat verib:  

Aytən Fərzəliyeva qeyd edib  ki,  Azercell-də tələbə proqramları 2008-ci ildən başlayıb. Artıq 8 ildir ki,  tələbələr üçün yay-qış təcrübə proqramları keçirilir. İldə bir dəfə  isə  Azercell Təqaüd Proqramı təşkil edilir.

Onun sözlərinə görə, Təqaüd Proqramı zamanı ölkənin ali təhsil müəssisələrindən  istedadlı  tələbələr arasından seçim aparılır.  Hər iki proqramda son 2 kursda təhsil alan tələbələr  iştirak edə bilər.  

Ayda 200 AZN təqaüd almaq imkanı

Aytən Fərzəliyeva bildirib ki,  seçimlər son 2 kurslarda təhsil alan tələbələr arasında aparılır. Çünki nlar artıq müəyyən nəzəri biliklərə malik, universitetdə nailiyyətləri olan tələbələrdir.

Təqaüd proqramını qazanmış  tələbələr hər tədris ayları üçün Azercell-dən 200 AZN təqaüd əldə edir. 

Tələbələr müəyyən seçim mərhələlərindən keçməlidirlər.

Aytən Fərzəliyeva proqramlara müraciət etmək  qaydaları barədə də ətraflı məlumat verib:

 -Namizədlər öncə Azercell-ə rəsmi sayt vasitəsi ilə müraciət  edir. Bir ay ərzində elan saytda  açıq olur. Bundan əlavə, biz  universitetlərdə  təqdimat keçirib, həmçinin  bölgələrdə də  tələbələrlə görüşlər təşkil edirik. Bu bir  ay ərzində tələbələrin  müraciətləri toplanır. Müraciət edən  şəxslər tələbə bileti, qiymət kitabçasının skan versiyasını mütləq onlayn şəkildə bizə təqdim etməlidirlər. Sonra 10 gün ərzində   şirkət tərəfindən müraciətlər araşdırılır. Bu seçim mərhələsindən adətən təxminən  20-30 faiz tələbə uğurla keçir.  İkinci mərhələdə  isə onlara biliklərini, dünyagörüşünü, məntiqi düşüncələrini yoxlamaq üçün  yazılı tapşırıqlar təqdim olunur . Daha sonra namizədlər  müxtəlif mövzular ətrafında esse ( məqalə) yazır.   Esselər  Azərbaycan və ya ingilis dilində yazılır. Bu mərhələdən isə  30 tələbə  son seçim mərhələsinə qalır. Son seçim mərhələsi üçün   İnsan Qaynaqları departmentindən və şirkətin müəyyən şöbələrinin  mütəxəssislərindən ibarət  Komitə toplanır.  Bu məhələləri keçmiş  tələbələrlə  üzbəüz müsahibə  təşkil edilir.  Bir saat ərində Komitə tərəfindən  tələbənin dünyagörüşü, nailiyyətləri, universitet həyatı, maraqları , bilik və bacarıqları barədə söhbət keçirilir.  

Sonda Komitənin bütün üzvlərinin qərarı dinlənilir. Yəni, bu seçim  subyektiv  formada həyata keçirilmir.  Hətta, bəzən Komitənin üzvləri ilə  hansı tələbəni seçmək mövzusunda uzun müzakirələr edirik.

Tələbənin qiymətləri A və B olmalıdır 

Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin eksperti

Sevinc Teymurova deyib ki, ilk mərhələdə tələbənin  aldığı qiymətə önəm verilir. Yəni, qiymət kitabçasında qiymətlər müasir hesablama sisteminə görə B ( çox yaxşı) və A ( Əla) olmalıdır.

Onun sözlərinə görə,  bu proqramlarda ən fəal  iştirak edən universitetlər  İqtisad Universiteti,  Qafqaz, Diplomatik Akademiya, Odlar Yurdu və Texniki Universitetdir.

Şirkət nümayəndəsi qeyd edir ki, son 3 ildir ki, bölgələrdə yerləşən universitetlərdən də qəbul başlayıb:

-  Naxçıvan Dövlət Universiteti,  Lənkəran Dövlət Universiteti , Mingəçevir Dövlət  Universiteti, Gəncədə isə 3 ali təhsil müəssisəsi ( Aqrar Universiteti, Texnologiya, Gəncə Dövlət Universiteti) ilə əməkdaşlıq edirik. Bölgələrdə  tələbələrin fikirlərini daha rahat ifadə etməsi üçün   esseləri yalnız  Azərbaycan dilində yazmaq imkanı yaradırıq. 

Bölgələrdə tələbə proqramlarına maraq hər il artır 

Müşahidələrimiz göstərir ki, son dövrlərdə bölgələrdə təhsil alan tələbələrin həm dünyagörüşü, həm də dil bilikləri çox inkişaf edib. Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində bu il bizim üçün çox maralı tapıntılar oldu. Tələbələrin bilik səviyyələri ötən illərə nisbətən daha yüksək idi. Maraqlı, potensiallı, geniş dünyagörüşlü tələbələr seçmişdik. Həmçinin, tələbələrinin dil biliklərinin yüksək olması diqqətimizi çəkdi. Bölgələrdə proqrama maraq hər il artır. Bu şəhərlərdə  bizi də çox səmimi qarşılayır,  proqram barədə ətraflı məlumat verib, imtahanları təşkil etmək üçün hər cür şərait yaradırlar. 

Bu il şirkətə rekord sayda müraciət olub

Aytən Fərzəliyeva maraqlı statistika təqdim edib. Onun sözlərinə görə, proqramlarla bağlı bu il şirkətə rekord sayda müraciət olub. Belə ki, bölgələr də daxil olmaqla şirkətə 1000 -dən çox müraciət daxil olub. 

O bildirib ki, ümumilikdə  bu  günə qədər  Azercell-dən rayonlar da daxil olmaqla  97 nəfər təqaüd imkanı qazanıb. Təcrübə keçənləri sayı isə bu il də daxil olmaqla 83 nəfərdir. Hazırda şirkətdə qış təcrübə proqramında 15 nəfər tələbə iştirak edir.

Məqsədimiz tələbələrə maddi yardım edib sonra onları görməmək deyil

Təqaüd proqramı yalnız bakalavr tələbələr üçün nəzərdə tutulur və hər il sentyabr-oktyabr aylarında elan olunur. Təcrübə proqramlarına isə ildə bir neçə dəfə start verilə bilər:

-Bu, şirkətin həyata keçirdiyi layihələrdən asılıdır. Şirkətin  böyük layihələri olarsa, təcrübə proqramı elan edilir. Çünki tələbələrin bizə çox köməyi dəyir. Həm onlar öz nəzəri biliklərini  fəaliyyətdə tətbiq edib, kadr kimi  yetişə bilir, həm də biz onların fəaliyyətindən faydalana bilirik. Məqsədimiz tələbələri seçib , maddi tərəfdən yardım etdikdən sonra bir daha onları görməmək  deyil. Şirkətimiz onlara proqramlar bitdikdən sonra da dəstək göstərir.  Bu bir sosial layihədir. Məqsədimiz tələbələri  həvəsləndirmək, gəncləri motivasiya etməkdir. Hər iki  proqramda iştirak edən tələbələrin daha sonra  şirkətin müəyyən layihələrinə qatılmasını da təmin edirik. Azercell Akademiyasında onlar üçün müəyyən tədrislər hazırlayırıq.

O qeyd edib ki, tələbələr Azercell-in bütün departamentlərində   ( Texniki, Maliyyə, Marketinq, Müştəri Xidmətləri, Hüquq, İnsan Qaynaqları və s.) , təcrübə keçə bilir: 

-Nəzərə alsaq ki, Azercell  telekommunikasiya şirkətidir. Ona görə də əsasən proqramlaşdırma və şəbəkə  ilə işləyə bilən tələbələrə üstünlük verilir. Bu il də 15 nəfər təcrübəçimiz var. Onlardan 10 nəfəri texnoloji sahə  üzrədir.

Tələbə proqramına qəbul olunmam xəbəri univesitetdə “Wow” effekti  yaratdı

Hazırda şirkətin Təcrübə proqramını qazanmış və şirkətdə Layihələrin İdarədilməsi ( Project Management )  qrupunda  təcrübə keçən  və  Startap Azərbaycan müsabiqəsində RobiGuide layihəsi ilə qalib olan  Namət Məmmədzadə deyir ki, qazandığı nəzəri təcrübələri hazırda parktikada həyata keçirir:

- Tələbə proqramına qəbul olunmam xəbəri univesitetdə “Wow” effekti  yaratdı. Yəni, Azercell-də təcrübə keçmək hər tələbənin arzusudur. Dərsimlə və işimlə əlaqədər olaraq həftənin yalnız 1-3-5-ci günləri  Azercell-də oluram.  Əsasən  startap layihələrindən qazandığım təcrübələri  şirkətdə mütəxəssislərin işlərinə baxaraq tətbiq edirəm. Bir aydan artıqdır  təcrübə proqramındayam.  Artıq şikət daxilində yeni layihəyə də başlamışıq.

Əvvəlki fəaliyyətiniz  çox əhəmiyyətlidir

 Startapçı deyir ki,  proqram barədə Azercell-in əməkdaşının  Facebook-dakı paylaşımından məlumatı olub: Müraciət üçün  öncə motivasiya məktubu yazdı, özü haqda məlumatları əlavə etdi. Əvvəlki fəaliyyəti barədə  ümumi məlumatları da  CV-də  qeyd edib sayt vasitəsi ilə şirkətə göndərdi. Onun sözlərinə görə, əvvəlki fəaliyyətlərə seçim mərhələsində  çox  diqqət edilir. Bu mərhələni də uğurla keçib: 

- Yazılı imtahan sırf kompüter bilikləri  və məntiq  sualları idi. Proqramlaşıdma dillərini bilmək də əsas şərtdir. Əsasən  məntiqi biliklərə yer verilir.

Suallar çox dəqiq qoyulmuşdu, sağlam rəqabət var idi. Əvvəlki fəaliyyətin də nəzərə alınır.  Yəni, seçim mərhələsi  çox şəffaf aparılır. Heç bir qeyri  yolla, başqa üsulla qəbul həyata keçirilmir. Bacarığınız şikətin qoyduğu kriterilərə uyğun gəlirsə, qəbul olunursunuz.

Namət Məmmədzadə  qeyd edib ki,  şirkətdə təcrübəli mütəxəssislərdən  layihələrinin fəaliyyətini genişləndirmək baxımından faydalı təcrübə qazanır. 

Namət Məmmədzadə deyir ki,  burada təcrübə keçmək  onun üçün bir növ təcrübə üzərinə təcübədir:

-Uşaqlıqdan elə Azercell-də işləmək istəyirdim.  Gələcəkdə də fəaliyyətimi Azercell-də  davam etdirmək arzusundayam.  6 aylıq proqramdan  səmərli istifadə etməyi düşünrəm.   Öz layihələrimin  gələcək inkişafı   üçün də   Azercell yaxşı təcrübədir.

Azercell-in  verdiyi təqaüdlə İELTS imtahanı verdim

Azercel-in hər iki Tələbə proqramını qazanmış və hazırda neft sektorunda çalışan İqtisad Universitetinin məzunu  Zeynəb Dadaşova deyir ki, Azercell-də  2 ay Marketinq, 7 ay da  Maliyyə şöbəsində təcrübədə olub:

- Azercell-in həm təcrübə, həm də təqaüd proqramını qazanmışam.  Şirkətdən aldığım təqaüdümü təhsilimə yatırdım. Bu vəsaiti  Londonda yay  məktəbində xərclədim və IELTS imtahanından keçdim. Bununla yanaşı, həmin təqaüdlə mühasibatlığa aid çox sayda faydalı kitablar aldım. Azercell-dən əvvəl mühasibatlıq üzrə  hər-hansı təlimdə olmamışdım.

İşə qəbul zamanı şirkətlər Azercell-in brendi, burada əldə edilən təcrübəni çox dəyərləndir

Zeynəb  Dadaşova deyir ki, proqram müddətində gündəlik mühasibat işlərini yerinə yetirmək, bank qrupu ilə hesabat  aparmaq, gələn hesabların ödənişlərini  yoxlamaq və  mühasibatlıqla bağlı digər məsələlərlə bağlı  təcrübə qazanıb. O qeyd edib ki, bu gün yüksək prestijli  neft-qaz şirkətində işləməyinə Azercell-in təcübəsi  çox yardım edib:

-Mühasibatlıq üzrə müsahibədə Azercell-də  təcrübə qazandığımı qeyd etməyim mənim qəbul olunma şansımı artırdı. Şirkətlər başa düşür ki, Azercell kimi  yerdə təcrübə böyük imkanlar qazandırır. Azercell-in brendi, burada əldə edilən təcrübəni çox dəyərləndirirlər. Həmçinin,  bu, məni həmyaşdırlarım arasında da fərqləndirirdi.  Dostlarım həmişə mənə  təcrübə və təqaüd proqramı barədə  çoxlu suallar verir. Onlar da qeyd edir ki, sən buna layiq idin. Yəni, şirkət  bilik və bacarığa çox önəm verir. Ona görə  qəbul prosesi tam  obyektiv olur. Mənim universitetdə ortalama balım  98, 5 idi. Bu nəticə məni Azercell-ə gətirdi.  Ətrafımdakı insanlar da bunu başa düşür.    

Şirkətin həm onlayn, həm də klassik kitabxanası var

Təcrübə proqramında iştirak edən tələbələr deyir ki, burada həm də dil biliklərni təkmilləşdirmək imkanları olur. Belə ki, Azercell tərəfindən təqdim edilən kitablar əsasən ingilis dilində olur.

Öyrənirik ki, şirkətin həm  onlayn, həm də klassik  kitabxanası var.   Hər iki  kitabxanadakı  biznes ədəbiyyatı və digər faydalı kitablar var. Bunlar da  daim yenilənir. Tələbələr istədikləri vaxt hər iki kitabaxanadan istifadə edə bilir.

Müsahiblərimiz deyir ki, hər qrupun müəyyən mentoru olur və tələbərlə yalnız iş saatı yox, digər vaxtlarda da daim  ünsiyyətdə olur. Onları maraqlandıran sualları  sosial media vasitəsi ilə operativ cavablandırır.  Gündəlik fəaliyyər planı, layihələrin bitirilməsi üçün son tarix və digər  məsələlərini da mentorlar  təşkil edir.

Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Nərgiz Xancanbəyova  deyir ki, Azercell hər il karyera sərgilərində aktiv iştirak edir. Bu il isə şirkət tərəfindən  ilk dəfə   ADA-da karyera təlimi təşkil edilib.  Təlimdə 100-ə yaxın tələbə  iştirak edib. Onlara  biznes qurmaları istiqamətində məsləhətlər verilib. İşə qabul zamanı diqqət yetirilən vacib məqamlar tədris edilib.  Onlar müsahibə zamanı  geyim, davranış, danışıq qaydaları, CV tərtib etmək barədə şirkətin mütəxəssisləri ilə  ətraflı söhbət etmək imkanı qazanıb.

13 tələbə Azərcell-də işləmək imkanı qazanıb 

Aytən Fərzəliyeva bir məqamı da vurğulayıb ki, bütün bu imkanlar üçün tələbələrə  əlavə şərtlər qoyulmur:

-Məqsədimiz, tələbələri həvəsləndirmək, işləmək bacarğını öyrədib sonra işə qəbul etməkdir. Biznes  tərəfdən marağımız budur.  Bu, bizim üçün də fəxr ediləsi bir proqramdır. Öz əməyimizin faydasını görürük. Bizim təcrübə proqramında iştirak edən tələbələrin əksəriyyəti ən yaxşı  şirkətlərdə, yüksək vəzifələrdə çalışır.  Hətta, xaricdə işləyənlər də var. Biz etdiyimiz işlə qürur duyuruq. Bu  günə qədər Azercell təcrübə proqramlarından 13 nəfəri şirkətdə işlə təmin edib.

Azercell tələbələrə proqram bitəndən sonra da dəstək göstərir 

Aytən Fərzəliyeva  vurğulayıb  ki, tələbələr proqramı bitirəndə Azercell tərəfindən onlara rəy məktubu və sertifikat  təqdim edilir. Onun sözlərinə görə, bəzən şirkətlər onlara zəng edib tələbələrin fəaliyyəti barədə məlumat almaq istəyir:

Xaricdən şirkətdə təcübə keçmək üçün gələnlər də olur

-  Hətta, xaricdə yaşayan azərbaycanlılar da Təcrübə Proqmarına maraq göstərir. Elə olub ki, xaricdə oxuyan tələbə İnsan Qaynaqları departamentində təcrübə keçmək üçün Azərbaycana gəlib. Məsələn, Malaziyadan  bir xanım gəlib şirkətdə təcrübə keçmişdi.

 Azercell tələbələri xarici şirkələrə də təcrübəyə göndərir

Aytən Fərzəliyeva  onu da  bildirib ki, şirkət, həmçinin, ötən ilin yayında üç  tələbəni İstanbul şəhərində yerləşən TeliaSonera-nın  Avrasiya ofisinə, həmçinin Kişinyov şəhərinə MoldCell şirkətlərində Mareketinq şöbəsinə iki aylıq təcrübəyə də göndərib.

Söhbətimiz zamanı müsahibələrimiz qeyd edib ki, Azercell sağlam rəqabətə həvəslidir. Ona görə də daim yeniliklər axtarır.

Şirkətin müəyyən etdiyi 3 dəyəri var- Cəsarət et, qayğı göstər, sadələşdir. Şirkətin işçiləri deyir ki, onlar bu dəyələri nəinki iş fəaliyyətlərində, həmçinin, öz şəxsi həyatlarında da tətbiq edirlər.

Təşəbbüskar gənclərə daha çox üstünlük veririk

Aytən Fərzəliyeva vurğulayıb  ki, tələbələrdən də bu dəyərlərə uyğun olan, daha təşəbbüskar olanlara üstünlük verilir:

Yeni ideyalar, təkliflər şirkəti yeni və yüksək mərhələyə çıxardır.  Biz də bunu yaradacaq tələbələri gözləyirik. Tələbədə  təşəbbüskarlıq hiss ediriksə, bu bizdə motivasiya yaradır. Onların gələcəkdə şirkətə fayda verəcəyinə əmin oluruq.  

 

Məltəm Talıbzadə

Fotolar: Sevinc Əsədova 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə